Fəhlə: YAP-dan imtinanın cəzası ağır olurmuş…

“Mənə dedilər ki, çıx Lider TV-də aldadıldığını de, yoxsa işdən çıxarılacaq, həbs olunacaqsan”

Source:
Zaman Mirzəməmmədov
Zaman Mirzəməmmədov


“Mənə dedilər ki, çıx Lider TV-də aldadıldığını de, yoxsa işdən çıxarılacaq, həbs olunacaqsan”

“Özbaşınalıqları, qanunuzluqları görüb hakim partiya olan YAP-ı tərk etdim. O gün-bu gündü başımı ağrıdırlar. Əvvəl məcbur etdilər ki, telekanallara çıxım, əməlimdən peşmançılığımı bildirim. Dediklərini etmədim, işdən qovuldum. İndi işsiz-gücsüz, bir çətən külfətin əlində qalmışam”.

Zaman Mirzəməmmədov 9 il əvvəl çörəkpulu sorağıyla Qubadan Bakıya gəlib. Axtarıb özünə Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Keşlə Stansiyasının Yük Boşaltma Həyətində fəhlə işi tapıb. Dediyinə görə, illərdir çalışdığı yerdə son vaxtlar qarşılaşdığı qanunsuzluqlara etiraz edib. Bu etiraz formalarından biri də üzvü olduğu Yeni Azərbaycan Partiyasından istefa verərək başqa partiyaya keçməsi olub. Deyir, elə hər şey də bundan sonra başlayıb.

Ancaq Zaman bəyi YAP-dan imtinaya aparan yolun öz tarixçəsi var.

Hələ YAP sıralarındaykən Zaman Mirzəməmmədov Keşlə Yük Boşaltma Həyətinin rəisinə “yuxarıların adından” qanunsuz pul yığımlarına görə etiraz edib. Onun iddiasına görə, fəhlələrdən hər boşaldılan vaqona görə 10 manat yığılır. Təhlükəsizlik Xidmətinin əməkdaşları da hər vaqona görə 2, yüklə əraziyə daxil olan sürücüdən 10 manat, yük gözləyən maşınların sürücülərindən isə aylıq olaraq 50 manat alırlar. Başqa iddiaya görə, idarənin rəisi Keşlə Dəmir Yol Yük heyətinə məxsus ərazini ayrı-ayrı adamlara icarəyə verir. Fəhlələrin istirahət yerləri əllərindən alınaraq kafeyə, restorana çevrilib. Səsini çıxaran fəhləni isə qapının o tərəfini göstərməklə hədələyirlər. Fəhlələr də işlərini itirməmək üçün bütün qanunsuzluqlara və təhqirlərə dözməyə üstünlük verirlər. Lakin idarə daxilində baş verənlər o həddə çatıb ki, Zaman Mirzəməmmədov da daxil olmaqla, 9 fəhlə hər şeyi gözə alaraq baş verənlər barədə prokurorluq, polis orqanlarına, prezidentə yazıb. Zaman Mirzəməmmədov deyir, məktublar ünvanlara yetişəndən sonra həmin fəhlələr idarənin polis şöbəsinə aparılaraq hədələnib və şikayətlərinin arxasınca getməyə qorxub.

Zaman Mirzəməmmədov bunlar haqqında prokurorluq və polis orqanlarına məlumat verib. Təzyiqlərlə və hədələrə məruz qalınca isə bu ilin sentyabr ayında Prezident Administrasiyası qarşısında özünü yandırmağa cəhd edib. Polisin müdaxiləsi ilə bu cəhdinin qarşısı alınıb. Təzyiqlərsə bitməyib. Zaman Mirzəməmmədovdan şikayətlərini dayandırmağı tələb olunub. Bunların nəticəsi olaraq, noyabrın əvvəli o, YAP sıralarını tərk etmək qərarını verib. Lakin bu addımı ona olan təzyiqləri daha da artırıb:

“Yeni Azərbaycan Partiyasının üzvlüyündən istefa verərək Gələcək Azərbaycan Partiyasının sıralarına qoşulmuşam. İdarənin rəhbəri Maarif Niyazov məni yanına çağırıb YAP-dan çıxdığım üçün tənbeh etdi, tələb etdi ki, Lider TV-yə çıxaraq Rəsul Quliyev tərəfindən aldadıldığımı, YAP-dan istefa verməyimə peşman olduğumu bildirim. Təbii ki, razılaşmadım, o da məni gah işdən qovacağı, gah da həbs etdirəcəyi ilə hədələdi. Mənə 1 həftə möhlət verdi ki, fikirləşim, gəlib ona qərarımı bildirim. Noyabrın 9-da möhlət bitdi, otağına çağırıb qərarımı soruşdu. Qərarımın dəyişməz olduğunu deyəndə işdən çıxarıldığımı elan etdi”.

Beləcə, Zaman bəy işini itirib. Noyabrın 13-də poçt vasitəsilə Dəmir Yolları İdarəsinə, Polisə və Prokurorluq orqanlarına üzləşdiyi faktlarla bağlı növbəti dəfə müraciət edib. Daha 3 gün keçib. Bu dəfə onu Keşlə Yük Boşaltma Həyətinin polis rəisi Asif Usubov iş otağına dəvət edib:

“Şikayətlərimi dayandırmağımı tələb etdi. Dedi ki, mən mütləq Maarif müəllimin tapşırığını yerinə yetirməliyəm. O, necə istəyirsə, elə də etməliyəm. Əks halda, mənimlə bağlı ciddi tədbir görüləcək”.

Noyabrın 19-da Zaman Mirzəməmmədova zəng gəlib. Ona bildirilib ki, idarənin rəis onu işə bərpa edib, təcili idarəyə gəlsin. Zaman bəy sevincək idarəyə yollanıb. Oradasa onu polis qüvvəsi gözləyirmiş:

“Keşlə Yükboşaltma Heyətinə çatan kimi tökülüşüb əl-qolumu burdular, məni maşına basıb Nərimanov rayon 17-ci polis bölməsinə apardılar. Orda bildirdilər ki, məni idarənin rəisindən 102 xidmətinə şikayət etdiyim üçün bura gətiriblər. Ancaq məni ora elə şəkildə aparmışdılar ki, sanki qatı cinayətkar tutmuşdular. 6 saata yaxın bölmədə saxladılar. Mən idarə rəisimizin əməllərini sadaladıqca, polislər “yox, o kişi elə etməz, əşi” deyir, açıq-aşkar onun tərəfini saxlayırdılar. Dedim, bir halda ki, şikayətçi olduğum adama açıq tərəfkeşlik edirsiz, daha məni bura niyə gətirmisiz?”

Zaman Mirzəməmmədov etdiyi şikayətlərin nəticəsiz qalmasından narahatdır. Onun birinci istəyi Keşlə Yük Boşaltma Həyətində qayda-qanunun yaradılması, ikinci istəyi isə işinə bərpasıdır.

Dəmir Yolları QSC-nin Keşlə Stansiyası Yük Boşaltma Heyətindən Meydan TV-yə bildirilib ki, Zaman Mirzəməmmədovun hüquq-mühafizə orqanlarına ünvanladığı şikayətlər araşdırılıb və təsdiqini tapmayıb: “Bizim belə bir işçimiz olmayıb. Yük boşaldanların idarəyə aidiyyəti yoxdur. Üstəlik də, siyasi partiyaya üzv olmaq, istefa vermək hər kəsin şəxsi təşəbbüsü ilə olan bir işdir. Hətta işçimiz olsaydı da, bizim onun bu seçiminə qarışmağa ixtiyarımız yoxdur”.

17-ci polis bölməsindən isə bildirdilər ki, dindirilməyə gətirilən heç kim haqqında məlumat verilmir.

Hüquqşünas Vaqif Alıyev deyir, əgər işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanmayıbsa, işdən çıxarılan şəxsin məhkəməyə müraciəti zamanı çoxlu çətinlikləri ortaya çıxır. Məsələn, o şəxs məhkəməyə müraciət etsə, həmin idarədə faktiki işlədiyini sübuta yetirmək üçün məhkəməyə şahidlər (iş yoldaşları), foto və ya videofaktlar təqdim etməlidir”.

Zaman Mirzəməmmədov da Keşlə Stansiyası Yük Boşaltma Həyətində müqaviləsiz fəhləlik etdiyini deyir. O, bildirir ki, idarə rəhbərliyi vaqonlardan yük boşaldan fəhlələrdən pul yığsa da, yoxlama gələndə “bu fəhlələrin bizə aidiyyəti yoxdur”, deyir.

Ana səhifəXəbərlərFəhlə: YAP-dan imtinanın cəzası ağır olurmuş…