Fədayə Laçına hökm oxundu

Ədliyyə polkovniki Bəhruz Abdullayev 9 il azadlıqdan məhrum edilib

Source:
Fədayə Laçın
Fədayə Laçın


Ədliyyə polkovniki Bəhruz Abdullayev 9 il azadlıqdan məhrum edilib

Dustaqların qaçmasına yardım etməkdə ittiham olunan müğənni Fədayə Laçın 5 il azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan qalan 12 nəfərə isə 6 ildən 9 ilə qədər həbs verilib.

Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində əvvəlcə dustaqların qaçdığı xüsusi vaqonda qarovul xidmətinin rəis müavini olmuş Fuad Hacıyev son sözünü deyib. O, özünü yalnız səhlənkarlıqda təqsirli bildiyini söyləyib. Hakimlərdən xahiş edib ki, ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və şərti cəza verilsin.

Qarovul rəisi olmuş təqsirləndirilən Ceyhun Səmədov məhkəmədən bəraət istəyib. Qarovul rəisinin digər müavini Tural Poladxanov isə son sözünü yazılı şəkildə məhkəməyə təqdim edib.

Bununla da təqsirləndirilən şəxslərin son sözləri başa çatıb. Azad Məcidov, Zeynal Ağayev və Səbuhi Hüseynovdan ibarət hakimlər kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gediblər. Müşavirə təxminən bir saat çəkib.

Hökmə əsasən, Penitensiar Xidmətin konvoy taborunun komandiri olmuş, ədliyyə polkovniki Bəhruz Abdullayev 9 il azadlıqdan məhrum edilib. O, yalnız dustaqların qaçmasına görə cəzalandırılıb. İşçilərin müalicə, ezamiyyət xərclərini mənimsəməyə görə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə) maddəsilə irəli sürülən ittiham üzrə ona bəraət verilib. Rüşvətalma maddəsi isə ittihamdan xaric olunub.

Digər təqsirləndirilən şəxslərdən qarovul rəisi olmuş Ceyhun Səmədova və Aqil Nəcəfova da 9 il həbs cəzası verilib.

İttihama əsasən, “Qoca” vaqonun pəncərəsini açdığı açarı münasibətdə olduğu Fədayə Laçın vasitəsilə əldə edib.

Müğənni

açarı “Qoca”ya onun dostu Aqil Nəcəfov vasitəsilə çatdırıb. A.Nəcəfov, F.Laçın və “Qoca”nın tanışı olan başqa bir qadın Günay Atakişiyeva onunla təcridxanada, polis idarələrinin müvəqqəti saxlama yerlərində dəfələrlə görüşüblər, hətta Lənkərana qatarda aparılıb-gətirilərkən dəfələrlə onunla birlikdə gedib-gəliblər.

Günay Atakişiyeva da 6 il azadlıqdan məhrum edilib.

Qarovul rəisinin müavinləri Tural Poladxanov və Fuad Hacıyevə 8 il 6 ay, Məhəmməd Hacıyev, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov və Anar Əsgərova isə 7 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Ə.Ağami qaçan dustaqlardan biridir. O, “Qoca” və daha üç nəfərlə birlikdə qəsdən adam öldürməkdə təqsirləndirilirdi. Qaçma olayından əvvəl Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror ona və “Qoca”ya 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Hadisədən sonra məhkəmə ona elə bu qədər də cəza vermişdi. Bugünkü hökmə əsasən, onun həmin cəzası ilə qaçmasına görə təyin edilən cəza birləşdirilib və ona ümumilikdə 20 il azadlıqdan məhrumetmə cəzası verilib.

“Qoca” hadisədən sonra qaçıb ölkədən çıxmaq istəyərkən də G.Atakişiyeva onunla birlikdə olub.

Təqsirləndirilən M.Hacıyev isə həmin vaxt onları Sumqayıtdan Qazaxa aparan taksi sürücüsüdür.

Ana səhifəXəbərlərFədayə Laçına hökm oxundu