”Fazil Məmmmədovun hansısa səhvi onun haqqında qəfil qərara səbəb olub”

İqtisadçılar Fazil Məmmədovun vəzifəsindən uzaqlaşdırılmasına qiymət veriblər

Source:


İqtisadçılar Fazil Məmmədovun vəzifəsindən uzaqlaşdırılmasına qiymət veriblər

Vegilər naziri Fazil Məmmədovun vəzifəsindən azad olunması elə onun özü və tabeliyində olanlar üçün  gözlənilməz olub.

Bunu Meydan TV-ə prezident İlham Əliyevin dekabrın 5-də verdiyi sərəncamlarla Fazil Məmmədovun Vergilər naziri vəzifəsindən azad olunması və onun yerinə Təhsil naziri Mikayıl Cabbarovun

təyin edlməsini

şərh edən iqtisadçı Qadir İbrahimli deyib.

Güman ki, hakimiyyət daxilində hansısa maliyyə məsələlərinin güdazına gedib

O deyib ki, 18 il vergi sisteminə rəhbərlik edən şəxsin işdən çıxarılmasında təəccüblü heç nə olmamalıdır, çünki vəzifə daimi deyil, ancaq F.Məmmədovun işdən çıxarılması qəfil olub və nazir də bu xəbəri mətbuatdan öyrənib.

“Məsələ ondadır ki, nazir günün birinci yarısında Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirib, bir neçə konkret tapşırıq verib, günün ikinci yarısı isə mətbuatdan öyrənib ki, artıq nazir deyil”.

Qadir İbrahimli ehtimal edir ki, Fazil Məmmədovun hansısa səhvi onun haqqında qəfil siyasi qərarın çıxarılmasına gətirib çıxarıb:

“Güman ki, o, hakimiyyət daxilində hansısa maliyyə məsələlərinin güdazına gedib. Fazil Məmmədov sıradan bir nazir deyildi. ATA-holdinq kimi nəhəng bir təsisatı idarə edirdi, üstəlik də onun idarəetməsinə çoxsaylı şirkətlər və kurasiyasına dörd  rayon- Binəqədi, Şəmkir, İsmayıllı və Gədəbəy daxil idi. Daha çox inandırıcı versiya budur ki, Fazil Məmmədov və komandası çox böyük maliyyə sapmalarına yol verdiyi üçün siyasi rəhbərliyin qəzəbinə tuş gəlib”.

Qadir İbrahimli

Bununla belə iqtisadçı Fazil Məmmədovun nazir olduğu illərdə xeyli vergi işlərinin təkmilləşdiyini düşünür:

“Onun korrupsiya əməlləri, müəyyən funksiyasına daxil olmayan işləri kənara qoysaq vergi sistemi pis-yaxşı oturuşub, inzibatçılıq yaranıb, karküzarlıq yüksək səviyyədə təşkil olundu. Həmçinin də ödəyicilərin sorğularına vaxtında cavab verilməsini bu baxımdan yüksək qiymətləndirmək olar”.

İqtisadçı hesab edir ki, əgər yeni nazir Cabbarov menecmentliyi düzgün qursa, vəzifəsinin öhdəsindən gələ bilər:

“Fazil Məmmədovu nə qədər tənqid etsələr, qəbul edirəm. Ancaq Məmmədovun vergi orqanlarında yaratdığı sistem var, buna toxunmayıb korrektələrlə uğur qazanmaq olar. Əgər nazirliyin sahibkarlardan xərac toplayan Audit Departamentini kənara qoysaq, digər strukturlar tam normal vəziyyətdədir”.

Q.İbrahimlinin fikrincə əsas problem olan vergi ödəyicilərinin tənzimatın yığılması, Audit Departamentində islahatlar aparılsa, rüşvətsən əl çəksələr nazirliyi idarə etmək çətin deyil.

Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a

deyib ki

, dəyişikliklər gözlənilən idi.

“Cənab Fazil Məmmədovun xəstəliyi vardı və bundan xeyli əziyyət çəkirdi. Bununla əlaqədar olaraq, prezident belə bir sərəncamla Fazil Məmmədovu Mikayıl Cabbarovla əvəzlədi. Fazil Məmmədov təcrübəli mütəxəssis olaraq, vergi sistemində kifayət qədər islahatlar apardı, hesab edirəm ki, bu islahatlar yeni nazirin rəhbərliyilə davam etdiriləcək”.

V.Əhmədov deyib ki, Mikayıl Cabbarov müxtəlif illərdə iqtisadiyyat nazirinin müavini işləyib:

Vahid Əhmədov

“Mikayıl Cabbarov təhsil sahəsində kifayət qədər islahatlara yer ayırmışdı. Hazırda vergilər nazirliyində də islahatlar davam etdirilməlidir. Doğrudur, 2016-cı ilin sonlarında vergi sahəsində kifayət qədər islahatlar aparıldı. Əhali ilə, sahibkarlarla vergi sistemi arasında olan münasibətlərin tənzimlənməsinə böyük ehtiyac var. O cümlədən, vergi məcəlləsində dəyişikliklər edilməsinə ehtiyac var. Yəqin ki, yeni nazir öz komandasını formalaşdırdıqdan sonra cənab prezidentin tapşırığı ilə müəyyən islahatlara start verəcək. Çünki bu, indiki iqtisadi islahatlar çərçivəsində  strateji yol xəritəsində öz əksini tapıb”.

Nazir vəzifəsindən azad olunan Fazil Məmmədovsa ilk açıqlamasını “Bizimyol.info” saytına

verib

.

 O, prezidentin qərarının müzakirə edilməz olduğunu bildirib:

“Cənab Prezident məni sərəncam verərək işdən azad edib. Bu barədə səlahiyyətlər prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur. Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm”.

Vergi orqanları daha çox siyasiləşdi

İqtisadçı Rövşən Ağayev öz növbəsində Meydan TV-yə deyib ki, Fazil Məmmədovun 18 illik nazir kimi fəaliyyəti dövrü vergi qanunvericiliyinin tam formalaşması ilə yadda qaldı.

“Vergi Məcəlləsi onun nazir olduğu illərdə qəbul olundu. Ona qədər vergi sahəsi ayrı-ayrı qanunlarla tənzimlənirdi. Vergi orqanlarının effektivliyini artırmaq üçün regional idarələri yarandı. Bunlar məsələnin kəmiyyət tərəfidir. Keyfiyyətə gəlincə, vergi qanunvericiliyi o qədər də pis deyil. Sadəcə, vergi orqanları daha çox siyasiləşdi, hakimiyyətin qəbul etmədiyi, narazı olduğu sahibkarlar Fazil Məmmədov dövründə təzyiqə məruz qalırdılar”.

Rövşən Ağayev deyir ki, Fazil Məmmədovun fəaliyyəti barədə müzakirə aparanda vergi orqanlarının büdcənin formalaşmasında nə dərəcədə rol oynadığı üzərində düşünmək lazımdır.

Rövşən Ağayev

“Fazil Məmmədovun dövründə büdcənin əsas yükü neft sektorunun üstündəydi və vergi orqanları əziyyət çəkmirdi. SOCAR və xarici şirkətlər hökumətin müəyyənləşdirdikləri öhdəlikləri yerinə yetirirdilər. Fazil Məmmədovun işinə o zaman normal qiymət verilə bilər ki, dövlət büdcəsinin 80-85 faizi vergi vəsaitlərinin hesabına formalaşrdı, inkişaf etmiş ölkələrdə belədir. Amma bugün dövlət büdcəsində Dövlət Neft Fondunun və Gömrük Komitəsinin ödəmələrini nəzərə almasaq, Vegilər Nazirliyinin payı büdcənin dörddə biri qədərdir. Bu, böyük bir aparatı və struktutu olan nazirlik üçün qənaətbəxş sayıla bilməz”.

İqtisadçı yeni nazir Mikayıl Cabbarovdan gözləntisi olması barədə suala belə cavab verdi:

“Mən Cabbarovu uğurlu təhsil naziri kimi görmədim, ancaq onun uğurlu vergilər naziri olacağını zaman göstərəcək. Əslində, normal və siyasi rəqabətin oturuşduğu ölkələrdə peşəkarlar nazirdən aşağıda olan vəzifələri tuturlar, nazir isə siyasi vəzifəni həyata keçirir. Bu baxımdan son dəyişiklikdə faciə görmürəm. Faciə odur ki, cəmiyyətin nazir kimi gördüyü, amma uğurlu qəbul etmədiyi adam nə dərəcədə uğurlu kadr olacaq, ən vacib sual budur”.

Azər Mehdiyev

İqtisadçı Azər Mehtiyev isə Fazil Məmmədovun işlədiyi dövrdə sistemli vergi siyasətinin olduğunu düşünmür:

“Neftin qiymətinin yüksək olduğu zaman büdcəni daha çox bu sektor təmin edib. Düzdür, Vergilər Nazirliyi müəyyən elementlər qurmuşdu, amma ardıcıl siyasətin aparıldığını deyə bilmərəm”.

Vergi orqanlarında kifayət qədər islahat aparılacaq istiqamətlər var

İqtisadçı-alim Nazim Bəydəmirli Azərbaycan iqtisadiyyatında vergilərlə bağlı kifayət qədər səmərələşdirici iş görməyi mümkün sayır:

“Baxın, sadələşmiş vergi üzrə 570 mindən çox vergi ödəyicisi var, amma onların ödədiyi vergi 300 milyondan bir az artıqdır. Amma nazirliklərin ödənişli əsaslarla verdiyi xidmət bu vəsaitdən çoxdur. Deməli, dövlət siyasətini həyata keçirən qurumların həm də təsərrüfat fəaliyyəti ilə məşğul olması ümumi bazar iqtisadiyyatının prinsiplərinə ziddir. Mən yeni nazir Cabbarova bu səpkidə islahatların aparılmasını tövsiyyə edərdim. 2009-cu ildə ölkə başçısının büdcənin cari xərclərinin iqtisadi fəaliyyətdən daxil olmaların hesabına qarşılamaq haqqında Vergilər nazirliyinin, Gömrük komitəsinin, Əmlak komitəsinin qarşısında müvafiq tapşırıqlar qoyulmuşdu. Ancaq təəssüf ki, hələ də cari büdcə xərclərimizin bir hissəsini Neft Fondundan vəsait götürməklə təmin etməkdə davam edilir. Gömrük komitəsinin ləğv edilərək onun idxaldan ƏDV yığım funksiyası, həmçinin “sosial vergi” adı ilə mənim təkliflərimdə yer alan gəlir vergisi 14% + sosial sığorta haqqı 25% birləşdirməklə onun da yığımı Vergilər nazirliyinə verilməli başlıca islahat istiqaməti olmalıdır, çünki vergini yığan bir qurum olmalıdır. Ancaq bizdə əsas olaraq bu iki qurum da vergi yığımı ilə məşğuldurlar, bu anormallıqdır”.

İqtisadçı-alim Nazim Bəydəmirli

İqtisadçı eyni zamanda düşünür ki, vergilərlə bağlı müxtəlif hüquqi və fiziki şəxslərin hüquq və vəzifələri eyni olmalıdır.

“Ancaq məmur sahibkarlığına bağlı olan bir çox şirkətlər vergidən yayınır”, – N.Bəydəmirli deyib.

O, vergi orqanlarında kifayət qədər ishalat aparılacaq istiqamətlər olduğunu düşünür:

“Müxtəlif yoxlamalar adı ilə sahibkarlara təzyiqlər davam edir. Əgər dəyişiklik olmasa, ölkədə biznesmen qalmayacaq. Kifayət qədər kiçik və orta sahibkarlığa təzyiq mexanizmini ehtiva edən əsaslanmayan tələblər var. Ümid edirəm ki, yeni nazir bu səpkidə də tövsiyələrimizə diqqət göstərəcək”.

Gələcəkdə Fərhad Əliyev, İnsanov sindromlarının yaşanmaması üçün addımlar atılır

Vətəndaş Inkişaf Partiyasının sədri Əli Əliyev isə “Facebook” səhifəsində son kadr dəyişikliyə toxunaraq qeyd edib ki, Fazil Məmmədovun uzaqlaşdırılacağı prosesi bir müddət idi davam edirdi. Onun fikrincə “Panama sənədləri” ortaya çıxdıqdan sonra adı beynəlxalq qalmaqalda yer almış Fazil Məmmədovun zəiflədilməsinə başlanılmışdı:

“Onun zəiflədilməsi həm də oliqarxların ümumən sıxışdırılması fonunda baş verirdi. Xüsusi qeyd etməliyəm ki, növbəti seçki dönəminə hakim ailə potensial rəqiblərsiz daxil olmaq istəyi nümayiş etidirir. 2013-cü ildə buraxılmış səhvlərdən nəticə çıxarıldığı açıq görünür. Olan məlumatlar belədir ki, potensial rəqiblər “qansızlaşdırılır”. Əsasən, külli vəsait toplamış yüksək məmurların əmlakı alınır, gələcəkdə Fərhad Əliyev, İnsanov sindromlarının yaşanmaması üçün addımlar atılır”.

Əli Əliyev

Ə.Əliyev hesab edir ki, bu siyasətə də oliqarxlar müxtəlif reflekslər nümayiş etdirirlər. O qeyd edib ki, bir qismi başını aşağı salıb “könüllü” şəkildə üzdə olan sərvətini peşkəş edir, digərləri isə müqavimət göstərməyə çalışırlar.

“Fazil Məmmədov da müqavimətçilər sırasında idi. Onunla bağlı alınan məlumat belə idi ki, təqribən aprel-may aylarından başlanan prosesdə Məmmədov iki ay müddətində işə çıxmaqdan imtina edib. Bakı şəhəri Vergi Departamentində yüksək vəzifədə çalışan qudası haqda cinayət işinin başlanması da ona “dərs” olmayıb. Son dövrlər isə biri Vergilər Nazirliyi olmaqla, iki nazirlikdə aparılan kompleks yoxlamalar da eks-nazirə düzgün nəticə çıxarmağa kömək olmayıb. Əmlakını qorumağa çalışan keçmiş hökumət üzvü anlamalıydı ki, avtoritar sistemdə qazandığı əmlak ona yox, avtoritetə məxsusdur. Çünki kapitalın hüquqi təminatı yoxdur”.

Ana səhifəXəbərlər”Fazil Məmmmədovun hansısa səhvi onun haqqında qəfil qərara səbəb olub”