Onun bağırsağında şiş əmələ gəlib
AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin səhhəti ağırlaşıb. Bu barədə onun həyat yoldaşı Lalə Əmirli məlumat yayıb.
L.Əmirlinin sözlərinə görə, həyat yoldaşının yoğun bağırsağında şiş əmələ gəlib:
“Faiq müayinə olunub və ona deyiblər ki, yoğun bağırsağında ciddi problem əmələ gəlib, sol nahiyəsində şiş var. Onun səhhətindəki əvvəlki problemlər də qalır. Öd kisəsindəki ağrılar şiddətlənib, qaytarma halları da intensivləşib”.
Səbail rayon Məhkəməsi Faiq Əmirlini 3 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Əlavə olaraq ona qarşı Vergilər Departamentinin mülki iddiası təmin edilib və məhkəmə 39 min manat cəriməni onun tərəfindən ödənilməsinə qərar verib.
F. Əmirli 2016-cı il avqustun 20-də saxlanıb. O, Cinayət Məcəlləsinin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur. Rəsmi məlumatlarda onun avtomobilindən Fətullah Gülənə məxsus kitabların tapıldığı deyilir.
F. Əmirli isə ittihamları saxta hesab edir.