Əziz Orucovun məhkəməsi başladı

”Kanal 13” resursunun icraçı direktoru şüşə kabinədən çıxarılıb

Source:


”Kanal 13” resursunun icraçı direktoru şüşə kabinədən çıxarılıb

Sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal-13” internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Meydan TV-nin məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib. Ə.Orucov məhkəmə tərkibinə və prokurora etiraz etməyib.

İclasda vəkil Cavad Cavadlı vəsatətlə çıxış edib. C.Cavadlı müvəkkilinin şüşə kabinədən çıxarılaraq vəkillərinin yanında əyləşməsi, prosesin audio yazısının və video çəkilişinin aparılmasını istəyib:

“İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə görə bizim daimi ünsiyyət saxlamaq hüququmuz var. Biz hər dəfə durub onun  yanına getsək, proses pozular. Audio və video çəkiliş aparılmasını ona görə istəyirik ki, iclas protokollarında səhvlər olur. Əgər çəkiliş olsa, bu problem olmaz”.

Prokuror Fəhmin Hümbətov isə vəsatətlərin təmin edilməməsini istəyib:

“Şüşə kabinədə məhkumun əyləşməsi konvoy tərəfindən tənzimlənir. Bu, təhlükəsizlik tədbiridir. Digər vəsatət də əsassızdır, çünki iclas protokollaşdırılır və vəkillər qeydlər verə bilərlər”.

Ə.Orucov vəsatətləri müdafiə edib. Müşavirədən sonra hakim Ə.Orucovun vəkillərin yanında əyləşməsi barədə vəsatətin təmin edildiyini deyib. Ə.Orucov kabinədən çıxarılıb. Digər vəsatət isə təmin edilməyib. Hakim bildirib ki, iclasda jurnalistlər var və istədikləri kimi məlumat hazırlayırlar. Bundan başqa, iclas protokollaşdırılır.

Vəkil Cavad Cavadlı növbəti vəsatətində isə cinayət işinə xitam verilməsini, həmin vəsatət təmin olunmazsa, həbs-qətimkan tədbirinin ev dustaqlığı və ya girovla əvəzlənməsini istəyib. Bildirib ki, Ə.Orucov heç bir qrant müqaviləsinə imza atmayıb:

“Qrantlarla bağlı ittiham verilib. Qrant əvəzssiz yardım hesab edilir və ianə kimi göstərilir. Bu da qanunla vergidən azaddır”.

Digər vəkil Əlibala Rzayev isə deyib ki, ittihamlar havadan götürülüb:

“Məhkəmədə araşdırılmalı nəsə yoxdur. Buna görə işə xitam verilməlidir. Məhkəmədə nəyi araşdıracaqsınız?”

Ə.Orucov da vəsatətin təmin edilməsini istəyib. Prokuror isə vəsatətlərin təmin edilməməsini istəyib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmənin baxış iclası oktyabrın 10-na təyin edilib.

Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etmir.

Ana səhifəXəbərlərƏziz Orucovun məhkəməsi başladı