Əziz Orucovun istintaq müddəti uzadıldı

Vəkil: “İstintaq orqanı məhkəməyə hər hansı sübut təqdim etmədi”

Source:


Vəkil: “İstintaq orqanı məhkəməyə hər hansı sübut təqdim etmədi”

Nəsimi Rayon Məhkəməsi “Kanal 13” internet kanalının Bakı bürosunun rəhbəri Əziz Orucovun həbs müddətini daha 3 ay uzadıb. Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil qərardan apelyasiya şikayəti verəcək.

“Həbs müddəti dekabrın 17-dək uzadıldı. İstintaq orqanı həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etmədi. Əziz Orucov məhkəmədə çıxış edərək istintaq orqanına etiraz etdi. O bildirdi ki, həbsdə olmasına, ümumiyyətlə, əsas yoxdur”, – E.Sadıqov deyib.

Əziz Orucova mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilib.

Ə.Orucovun inzibati cəzası başa çatan gün – iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucovun barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu “Qafqaz Media Təhqiqatları” İctimai Birliyi və “Kanal 13” ilə bağlıdır.

Jurnalist ittihamları qəbul etmir.

Ana səhifəXəbərlərƏziz Orucovun istintaq müddəti uzadıldı