Bu gün, sentyabrın 25-də 16 saylı cəzaçəkmə müəsisəsində saxlanılan Kanal 13 internet televiziyasının rəhbəri Əziz Orucovun vaxtından əvvəl azad edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb.
“Kanal 13” rəhbərinə qarşı əvvəl Cinayət Məcəlləsinin 188.2 (torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) maddəsilə ittiham irəli sürülüb.
Dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib.
İş məhkəməyə gələndə qaçaqmalçılıq ittihamına xitam verilib.
Əziz Orucov bu il fevralın 26-da Səbail rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.
Prosesə Suraxanı Rayon Məhkəməsində baxılıb.
Bu barədə məlumatı Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova verib.
Lamiyə Orucovanın yazdığına görə, hakim Əziz Orucovun vaxtından əvvəl azad olunmasını təmin etməyib.
“Həbsxana rəhbərliyinin verdiyi müsbət rəyə, müəssisə qaydalarına tam riayət etdiyini deməsinə və Orucovun uzun müddətdir müalicə müəssisəsində davamlı nevroloji müalicə almasına baxmayaraq, hakim Ədliyyə Nazirliyinin mənfi mülahizəsi əsasında vaxtından əvvəl azad olunmasını təmin etməyib”, – Lamiyə Orucova belə yazıb.
Ailəsi həmçinin qeyd edib ki, Əziz Orucovun azadlığa çıxmasına 2 ay, 2 gün qalıb.