Əziz Orucov azadlığa buraxılıb

Əziz Orucov. Foto: Meydan TV

Bu gün, noyabrın 27-də “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun həbs müddəti bitib və o saxlanıldığı 16 saylı cəzaçəkmə müəsissəsindən azadlığa buraxılıb. 

Əziz Orucovun vəkili Bəhruz Bayramov Meydan TV-yə bildirib ki, jurnalistin psixoloji vəziyyəti ağırdır.

“Artıq ikinci həbsidir. Səhhətində ciddi psixoloji problemlər var. Panik ataklar keçirir. Yata və qidalana bilmir. Qaldığı cəzaçəkmə müəssisəsində vəziyyət yaxşı deyil. İçməli suda və yeməkdə problem var. İndi ona müalicə lazımdır. Sabah tibb müəssisəsinə müraciət edəcək. 5 gündür yata bilmir, sadəcə dərmanlarla bir neçə saat yatır”, – deyə vəkil bildirib.

Vəkil həmçinin qeyd edib ki, “Kanal 13” fəaliyyətini olduğu kimi davam etdirəcək.

“Bilirsiniz ki, kanal fəaliyyətini Avropadan davam etdirir. Bundan sonra da əvvəlki qaydada davam edəcək”, – deyə Bəhruz Bayramov deyib.

Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 188.2  (torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) maddəsilə ittiham irəli sürülüb.

Dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib.

İş məhkəməyə gələndə qaçaqmalçılıq ittihamına xitam verilib.

Əziz Orucov bu il fevralın 26-da Səbail rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

Bundan əvvəl Əziz Orucov 2017-ci ildə qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist 2018-ci ildə Cinayət Məcəlləsinin şərti məhkum etmə maddəsini azadlığa buraxılıb. 

Ana səhifəSiyasətƏziz Orucov azadlığa buraxılıb