Əyalət hekayətləri

Fəridə…

Source:
Nazlı Ağayeva
Nazlı Ağayeva

Paytaxtdan – paydan və taxtdan uzaq əyalətdə oliqarx deyilən acgöz zümrənin muzdlu məmurları kəndliyə qənim kəsilib, onu bir loxma çörəyin əsirinə çevirirlər. Burda səfirliklər, nümayəndəliklər, çeşid-çeşid hüquq müdafiəçiləri, radiolar, saytlar, qəzetlər kimi təskinlik yerləri yoxdur, göy atı minib köndələn çapan quldurlar var. Yoxsullaşdırılmış sadəlövh, mağmın əhalini “xoxan” hökumətin itaətində saxlamaq üçün cürbəcür əməllərdən çıxan rəsmi “afyor”lar var. “Dərə xəlvət tülkü bəy” üsul-idarəsi altında lazım gələndən-gələnə əhaliyə “cici” geyinməyə qədər təlimat verib tədbirlərə qatanlar var. Tərkibi yaltaqlıq, saxtalıq olan təlimatdan çıxmağın cəza prinsipi işdən qovulmaqdan “şöbəyə” qədər, şöbədən çıxmağın haqqı qohum-qonşuya əl açmaqdan banklara qədərdir. Ananın pensiya, işləyirsə həyat yoldaşının maaş kartı və icrada işləyən araçı qohum “prosesi sürətləndirəcək”. Haqq-hesabın ardınca boynuna əbədi minnət qoyulacaq ki, sənin kimilər heç nəyin üstündə türmədə çürüyürlər, amma sən “məllim”in sayəsində çöldəsən… Məhz çöldə, azadlıqda yox. Beləcə rejimin girovuna çevrilmiş vətəndaşın kölə həyatı başlayır.

Hətta şişkin, bicənək bank kreditləri bitir, bu köləlik bitməyib acı bağırsaq kimi uzanır. Və sadəlövh Məmmədhəsən əmilər üçün hiyləgərcəsinə tikilən nə qədər bənzər “torbalar”… Yalnız belə viruslardan özünü qorumaq əyalətdə ikiqat qəhrəmanlıdır.

Hərçənd şəhərlərin də şəhər dərdləri var, di gəl ki, daim hərəkətdə olan işıqlı məkanlarda həyatı daşımaq bir az yüngülləşir. Bilirəm, uğursuz müqayisədir, heç müqayisə mövzusu da deyil. Sadəcə zəiflik, yorğunluqdur. Mənasız, məzmunsuz ölkədəki çarəsiz varlığından utanmaqdır. Sözün kəsərdən düşdüyü yerdə nə deyəcəyini kəsdirə bilməməkdir.

Təbii, bəzən heç nə barədə düşünə bilməyib özünü beləcə sətirlərə tökərsən…


Fəridə

Yerli qəzetdə işlədiyim vaxtlar gənc həmkarım olmuş Fəridəni bu günlərdə itirdik. Böyrək çatışmazlığından əziyyət çəksə də, yataq xəstəsi olmadı. Ağıllı, məntiqli Fəridə hansısa təkanla xəstəliyinin ən azından yüngülləşmək ehtimalına inanırdı. Amma son illərdə “aidiyyətli” ünvanlara yazdığı nəticəsiz məktublardan yorulmuşdu. Hiss etdirməsə də, vətəndaşına sahib çıxmayan ölkədə yaşamağın ağrı-acısını çəkirdi. Sağlam-xəstə hamımızın çəkdiyini.

Çoxdandı görüşmürdük, təsadüfən eşitdim ölüm xəbərini. O andaca Fəridənin daim mənə böyük bacı kimi baxdığını xatırlayıb sarsılmaqdan daha çox onun ölümünə şahid olmaqdan utandım… O gecə Fəridədən yazı olsun deyə yazmadım, canımdakı yanğını o zamankı gənclərimizdən birinin təkidilə keçmiş kollektivimizlə paylaşdım. İndi sırf onun üçün son məktub olsun. Geniş auditoriyaları çox sevərdi Fəridə…

“Nə yazım ki, Fəridə? Şaqqanaq çəkib güləndə gözəl gözlərinin bir anlığa itməyindənmi? Dünyaya sığmayan böyük ümidlərindənmi? Oxuduğun kitabların sevimli obrazlarına bənzəmək çabalarındanmı? İşıqları sayrışan qaynar paytaxtı ucqar, alatoran kəndə dəyişərək tənha gecələrdə yarım qalmış arzularına səssiz laylalar çalmağındanmı?

Sən bizim “Qəbələ” qəzetimizin gözəl, mələk qızlarından idin. “Redaksiya” dediyim köhnə tikiliyə həyat verib yaraşığa gətirən sevimli çiçəklərimizdən biri… O redaksiyada biz səmimi bir ailə idik. Mazutlu, yağlı çap maşınlarının üstünə mətbəə iyi verən qəzetləri sərib əzbər bildiyin yazıları acgözlüklə oxumağını xatırlayanda qışqırıb ağlamaq istəyirəm. O vaxtlar isə sənin səliqəli, zövqlü geyimlərinə “qonan”qara “naxışlara” uğunub gedərdik. Gözəl günlərin birində Bakıdan iş təklifi almışdın. Getməyinə üzülmədik. Əksinə, səni məhdud əyalət mühitindən geniş paytaxt imkanlarına gülə-gülə yola saldıq.

Amma daha o gülməklər gəlmir əlimizdən. Daha o xudmani redaksiya da xəritədən silinib nəhəng parka qatılıb. Saatlarla oturub ən gözəl, ən romantik cümlələr qurduğumuz guşələrdə məhz düşünməmək üçün tum çırtlayıb, saqqız çeynəyirlər. Dağıdılan tifağımız, pərən-pərən düşməyimiz, ayrı-ayrı aldığımız bənzər həyat zərbələri içimizdə ağlamağı öyrətdi bizə. Amma ölüm xəbərini aldığım o gecə qəhərim içimə sığmadı. Kişik, nakam bacıma səs dolusu ağladım. Ağappaq, zərif görkəmli, kəpənəklər kimi xəfif yerişli mələk qız… Sən ölməyə qədər haçan böyüdün ki? Amansız xəstəliyin qarşısında dim-dik durub çarpışdığın on ildəmi? Sevgi və şəfqətlə çəkilən xərclərə, yuxusuz gecələrə, ümidsiz gündüzlərə görə ailənin qarşısında özünü “günahkar” bildiyin bitməz anlardamı?

Böyük şəhərdə peşəkar jurnalistliyi sənə ehtiyacı olan ailənin yanında qalmaq üçün xırda bir kənd məktəbində dərs deməyə dəyişmişdin. Amma taleyi dəyişmək olmur ki, fədakar göyərçin. Demək ki, bura qədərmiş, Fəridə müəllimə…

Ana səhifəMənim FikrimcəƏyalət hekayətləri