Parlamentin komitə iclasında kupçasız evlərdən də vergi yığılması təklifi etiraza səbəb oldu
Yeni tikilən binalarda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatda olmayan mənzillərin də vergiyə cəlb edilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif edilib. Fevralın 6-da Milli Məclisin Regional məsələlər komitəsinin iclasında çıxış edən Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov təklifini onunla əsaslandırıb ki, yeni tiklən binalara bələdiyyə tərəfindən diqqət göstərilsə də, həmin binalardakı mənzillərin qeydiyyatı olmadığına görə vergiyə cəlb edilə bilmirlər.
O bildirib ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmayan mənzillərdən vergilərin yığılması qanunvericilikdə dəyişiklik edilməsindən sonra mümkün ola bilər.
Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli isə təklifə qarşı çıxıb. O qeyd edib ki, əmlak vergisi yalnız mülkiyyətdən alına bilər və mülkiyyəti təsdiq edən sənəd olmadıqda vergi yığmaq olmaz. “Əvvəl sənəd verin, sonra vergi yığın!” – deyə deputat bildirib.
İclasda Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinin ötən il üzrə fəaliyyəti müzakirə olunub. Ədliyyə nazirinin müavini Vilayət Zahirov Mərkəzin 2017-ci ildə gördüyü işlərlə bağlı məlumat verib. Ötən il bəzi bələdiyyələrin fəaliyyətində olan qanun pozuntularına toxunan nazir müavini bildirib ki, 24 fakt üzrə materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib. Bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb və 15 fakt üzrə cinayət işi başlanılıb.
İclasın sonunda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.