Evlər sürüşür, rəsmilər susur

Esmira Məmmədzadə: “Görmüşük ki, səhər pəncərəni açıb, evi havalandıranda gözəl mənzərə ilə qarşılaşarsan. Bizimki Hələbə dönüb. Elə bil, burada müharibə gedib”.

Esmira Məmmədzadə 3 aydır ki, evinin içində, əsasən də mətbəxində qorxa-qorxa gəzir. O, Bayıl yamacı adlanan ərazidəki Buxta küçəsinə 5 il əvvəl köçüb. Evlərinin qarşısındakı 2 mərtəbəli binanı sökəndən sonra mətbəx divarında aralanma baş verib. Çünki mətbəx həmin binaya bitişik olub. O vaxtdan döşəmədə sürüşmə yaranır.

Esmira Məmmədzadə: “Havalar soyuyur və yağış, qar gözlənilir. Dünən FHN-ə də dedim. Onlar da dedi ki, gərək bir hadisə olsun ki, FHN ora imdada yetişsin. Mən də dedim: “Aha, o zaman gözləyirsiz ki, mənim eyvanım uçsun, sonra gələsiz? Əgər elədirsə, mən işimi bilim, eyvan uçanda sizə xəbər verim”.

Buxta küçəsində təkcə bu ev deyil, qonşuluqdakı evlər də zərər görüb. Esmira Məmmədzadə deyir ki, söküntünü kimin apardığı məlum deyil. Tək bildikləri odur ki, küçələrindəki divarları boya ilə nömrələyiblər.

Esmira Məmmədzadə: “Oranı sökən insanlar sənəd göstərmədilər ki, bilək hardan gəliblər, nəyə görə sökürlər”.

Onun sözlərinə görə, Səbail Rayonu İcra hakimiyyətindən və Fövqəladə Hallar Nazirliyindən gəlib evə baxıblar. Ancaq heç bir nəticəsi yoxdu.

Esmira Məmmədzadə: “FHN-dən iki dəfə gəliblər, çəkiblər. Deyiblər: “Bura çox təhlükəlidir, burada qalmaq olmaz. Biz sizə bildirəcəyik” və o gedən gediblər”.

Sakinlərin vəziyyəti necə olacaq? Ailələrin təhlükəsizliyini hansı qurum təmin edəcək? Dəfələrlə zəng edilsə də, məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən və Fövqəladə Hallar Nazirliyindən bu suallara cavab almaq mümkün olmadı.

Ana səhifəVideoEvlər sürüşür, rəsmilər susur