”Evimdəki əşyaları satıb dolanıram”

Ağsu sakini ünvanlı sosial yardım ala bilmir

Source:


Ağsu sakini ünvanlı sosial yardım ala bilmir

“21-ci əsr Azərbaycanında, neft-qaz-işıq ölkəsində ailəm qaranlıqda yaşamağa məhkum edilib. Zindan bundan yaxşıdı, heç olmasa, orda işıq var”.

Bu sözləri Ağsunun Bico kənd sakini Seymur İsayev deyir. O, işsizlikdən şikayətlənir:

“İki övladım var. Heç bir yerdə işləmirəm. Altı ildi Ağsu rayon icra başçısı Ənvər Seyidəliyevə işdən ötrü müraciət edirəm, lakin hər dəfə bir bəhanə ilə məni yola salırlar. Artıq o vəziyyət yetişib ki, evimdə olan əşyaların hamısını satmışam.  Əksər evlərdə sabahın əsgərləri boyüyür, vəziyyəti özləri görürlər, onlara hansı dillə, hansı sözlərlə vətənpərvərlik ruhu aşılayaq? Necə deyək ki, bu ölkə, bu dövlət hamımızındı, xalqındı, axı onlar da görüb, başa düşürlər ki, bir kənddə, bir rayonda, ümumiyyətlə, bu ölkədə ancaq vəzifədə olanlar insan kimi dolanırlar”.

Seymur İsayevin sözlərinə görə, rayonda onun kimi minlərlə sakin var. Ağsu rayon sakinləri təkcəpensiya hesabına ailəsini keçindirir. O deyir ki, pay torpağı olanlar da, onu əkib-becərmək üçün pul tapa bilmirlər. İki il əvvəl taxıl zəmiləri yananlar da dövlətdən heç bir kompensasiya ala bilməyiblər:

“Torpağımı əkməkdə çətinlik çəkirəm, çünki toxuma, şum çəkənə, taxıl biçənə verməyə pulum yoxdur. Hər il verilən subsidiya da bu il gecikdirilir. Camaatın çoxu əkin işlərini nisyə gördürüb, subsidiyalar verilməsə, insanların vəziyyəti tamamilə dözülməz olacaq, borcverənlərlə borcalanlar arasında ciddi konfliktlər yaşanacaq. Deyirlər, kəndlinin torpağı var, əksin, yesin. Məhsul ildə bir dəfə götürülür, bəs həmin müddətə qədər bir manat gəliri olmayan əhali nəylə qidalansın? Kağız üzərində iş yerləri açırlar, əslindəsə işlə təmin olunan yoxdur. Deyirlər, kreditlər veriləcək, sənədləri hazırlayıb müraciət etsək də, heç bir nəticə olmur”.

Seymur Isayev
Seymur Isayev

Seymur İsayev  dəfələrlə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etdiyini deyir. Ancaq ordan da yardım ala bilməyib:

ƏSMM-in işçisi Sənan Feyzullayev dövlətin nəzərdə tutduğu yardımı almağıma problem yaradır. Deyir, sənin pay torpağın var, yoldaşının ayağında pay torpağı yoxdu, ya onun da ayağına torpaq keçirt, ya da işə düzəlt və 3 ay işləməsi barədə arayış gətir. Deyirəm, iş yeri olsa, özüm işləyərəm də, heç dövlətin verdiyi dilənçi payına da möhtac olmaram. Bir sözlə, haqqımı əlimdən alır. Amma elə vətəndaşlara yardım yazdırır ki, işi, imkanı, təsərrüfatı, evdə pensiya alanları var. Elələri də var ki, Bakıda, Sumqayıtda yaşayır, kəndlə heç bir əlaqəsi yoxdu, amma Sənan onları kənd sakini göstərib, adlarına sosial yardım yazır. Hamı bilir ki, ƏSMM-də işləyənlər öz “paylarını” götürməsələr, heç kimə yardım düzəltmirlər. Deyilənlərə görə, müddət bir il olanda 4 ayın, 2 illik olandan sonra isə 6 ayın pulunu mənimsəyirlər. Odur ki, tez-tez bahalı maşınlarını dəyişməyə imkanları çatır. Sənan və həmkarları Ağsuda neçə nəfər yardım almaq istəyənlərə maşınlarını satdırdılar, yaxud uzun illik etibarnamələrini ləğv etdirdilər ki, guya onlara sosial yardım düzəldəcəklər, amma həmin adamlar “Əli aşından da oldular, Vəli aşından da”.

Seymur İsayevin şikayəti ilə bağlı Ağsu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun sözcüsü Meydan TV-yə bildirdi, ki rayonda hər həftə əmək yarmarkaları keçirilir. Əhali işlə təmin olunur:

“Birinci gün həmin şəxslər icra hakimiyyətində olsunlar. Hər kəs burada işlə təmin olunur. Məşğulluğa müraciət etsin və işlə təmin olunsun. Heç bir problem yoxdur”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən də  Meydan TV-yə bildirdilər ki, Seymur İsayevin şikayəti əsassız dır və o, mərkəzin əməkdaşına böhtan atır:

“Seymur İsayev ailəsinə ünvanlı dövlət sosial yardımı almaq üçün  Ağsu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edərkən, ailəsində əmək qabiliyyətli ailə üzvünün (həyat yoldaşı) olmasına baxmayaraq, onun adında pay torpağı olmadığı və hazırda işləmədiyi, Dövlət Məşğulluq Xidmətinin yerli orqanında da işsiz kimi qeydə alınmadığı müəyyən edilib. Bu səbəbdən onun ailəsinə ünvanlı dövlət sosial yardımı təyin edilməsindən qanunvericliyin tələbinə uyğun olaraq imtina edilib. Seymur İsayevin əmək qabiliyyətli ailə üzvü rəsmi əmək fəaliyyəti ilə məşğul olduğu və ya Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alındığı halda elektron qaydada müraciət edərsə, onun ailəsinin ünvanlı dövlət sosial yardımı almaq hüququ olacaq. Heç bir məmur müdaxiləsi olmadan, şəffaf şəkildə baxılaraq obyektiv qərar qəbul ediləcəkdir”.

Seymur İsayevin 1 həftədir borcdan işıqları da kəsilib. O, iki övladı və həyat yoldaşı ilə əşyaları satılmış, işıqsız evdə yaşamağa məhkumdur:

“Mətbuat vasitəsilə xarici ölkə səfirliklərindən sığınacaq istəyirəm, bu da alınmasa, gərək mən də adımı intihar edənlər siyahısına salım”.

Ana səhifəXəbərlər”Evimdəki əşyaları satıb dolanıram”