Evim, dükanım, maşınım getdi

Kredit qurbanı danışır

Source:

Mən Qarabağ köçkünlərindənəm. 1993-cü ildə gəlib, Sumqayıta sığınmışdım. Atam rayonumuzun sayılıb- seçilən adamlarından idi. Diş həkimi olmuşdu, vaxtında da balalarına bir az gün ağlamışdı. Qır-qızıl almışdı, xeyli də mal-qarası vardı ki, atışma başlayanda İrana adladıb, ordan da Azərbaycana, təhlükəsiz rayonlara gətirmişdi, satıb sovmuşdu. Əlində xeyli pul vardı, ağıllı adam idi, bilirdi ki, pul tez öləcək.

Sumqayıtdan iki ev aldıq. Birində atam, anam və qardaşlarım, birində də ailəmlə mən yerləşdik. Özüm gec evlənmişdim, uşaqlarımız da gec oldu. Sumqayıtda əvvəl iki qızım, sonra iki oğlum dünyaya gəldi. O illər aclıq, kasıblıq idi, atam qohum-qonşunun, eşidib gələnin dişlərini müalicə edirdi, onlar da pul varsa pul, yoxsa ərzaqdan-zaddan gətirirdilər. Demək olar ki, hamımız onun qazancı ilə dolanırdıq. İllərlə belə davam elədi. Əslində, mənim artıq çoxdan ata əlinə baxan yaşım deyildi. Amma o illərdə atanın əlinə, ananın təqaüdünə möhtac olanlar çox idi…

Uşaqlarım böyüdü, üçü məktəbə gedirdi artıq. Mən də bu illər ərzində həyətdə bir balaca dükan açmışdım. Yavaş-yavaş dolanırdıq. Bir müddətdən sonra atam dünyasını dəyişdi. Biz onun köməyinə, varlığına çox öyrəşmişdik. O öləndən sonra qardaşlarım da, ailəm, uşaqlarım – hamımız şoka düşdük. Sarsıldıq. Arxasız, dayaqsız qaldıq.

Atamın ölümü ilə ailəmizin qara günləri başladı. Baxdım ki, balaca dükan bizi dolandırmır, uşaqlar da gündən-günə böyüyür, xərcləri artır. Artıq balaca oğlum da məktəbə gedirdi. Qonşudan 10 min dollar pul aldım faizi ilə. Həmin gündən ailəmin bütün faciəsi başladı.

Pulu alıb, dükanı bir az genişləndirdim. Yeni mallar, çeşidlər gətizdirdim, bir az bər-bəzəyinə pul xərclədim. Uşaqlar çox həvəsi idiliər. Dərsdən sonra gəlib mənə kömək edirdilər. Yoldaşım da əlindən gələni edirdi, dükanı silib-süpürürdü. Dükan bir az böyüyən kimi, qeyri-rəsmi xərclər də artı, hər yerdən gəlirdilər ki, yekə marketdi, bunun xərci ayrıdı. Qazandıqlarımızın çoxu elə xərclərə gedirdi. Qalanını da faizə verirdik. Özümüzə dolanmağa cüzi bir məbləğ qalırdı.

Bir müddətdən sonra faizi ödəməyə pul çatmırdı. Bu vaxt qonşu dedi ki, özün bil, hardan alırsan al, mənim pulumu ver. Verməsən, faizin də faizini hesablayacam. Dediyi kimi də elədi. Bir müddətdən sonra baxdım ki, gündən-günə daha çox borclanıram ona. Tanış adam vardı, kömək elədi, bankdan pul götürdüm, qonşunun borcunun bir hissəsini ödədim. Amma çox məntiqsiz hərəkət etmişdim. Indi də banka faiz ödəyirdim.

Uşaqlarım, yoldaşım, mən – işləməkdən əldən düşmüşdük. Bununla belə, ailə daha pis vəziyyətdə yaşayırdı. Yoldaşımın qızıllarını satdıq. Belə bir şeyə məcbur qalmağımız uşaqlara çox pis təsir edirdi. Əvvəllər hər gün evdən çıxanda, uşaqlar mənə nəsə tapşırırdılar, nəsə istəyirdilər. Son vaxtlar daha uşaqlar heç nə istəmirdilər. Deyirdilər ki, ata heç nə istəmirik, təki sən borclarımızı qaytar. Yoldaşım az qala hər gün ağlayırdı. Son vaxtlar o qədər dalğın, diqqətsiz olmuşdu ki, uşaqlara da baxa bilmirdi. Böyük qızlar artıq gənc qız olmuşdular, balaca qardaşlarına baxırdılar. Qızlar olmasaydı, oğlanlarım çirkin içində batıb qalardılar.

Bütün ailə işləyirdik, amma gündən-günə daha pis yaşayırdıq. Axırda qərara gəldim ki, heç nə ailəmdən artıq deyil. Dükanı da, evimi də satdım. Hələ atam sağ olan vaxtlarda bir maşınım vardı, artıq köhnəlmişdi. Onu da qəpik-quruşa satdım. Borcların hamısını ödədik. İnanırsınız, borc o qədər şişmişdi ki, az qala bütün əlimdə olan pulu borca verdim. Evin mebelini belə qonşu borcdan qalan qalığın əvəzinə yığıb, apardı. O mebelləri aparanda, utandığımdan uşaqlarımın üzünə baxa bilmirdim.

Qardaşlarım atamın aldığı evi satdılar. O pula Coratdan torpaq sahəsi aldıq. Hərəmizə bir balaca parça. Mənə kömək elədilər, balaca bir ev tikdik. Ev demək olarsa əgər. Amma mən sevinirəm. Sevinirəm ki, ailəmi o kredit, borc bəlasından qurtardım. Indi kasıb yaşayırıq, amma uşaqlarım rahat nəfəs alır.

Borc, kredit məni hər şeyimdən elədi. Nəyim varsa, əlimdən çıxdı. Uşaqlarımın uşaqlığı zəhərə döndü, mən, arvadım vaxtsız qocaldıq.

Indi bir manat belə borc almaqdan dəhşətli dərəcədə qorxuram. Uşaqlarıma ən davamlı məsləhətim budur ki, birdən kredirlə telefon, kompüter götürəsiniz, üzünüzə baxmaram. Yazıqların gözləri o qədər qorxub ki, heç götürən də deyillər.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəEvim, dükanım, maşınım getdi