Əvəz Zeynallı 45 yaşını ailəsilə bir yerdə qeyd etdi

“Əvəz bəy hər zaman olduğu kimi, yenə də mətindir, yeni kitablar oxuyur, tərcümələrini davam etdirir”

Source:


“Əvəz bəy hər zaman olduğu kimi, yenə də mətindir, yeni kitablar oxuyur, tərcümələrini davam etdirir”

2011-ci il oktyabrın 28-də həbs olunan “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı dekabrın 16-da 10 saylı Cəzaçəkmə Müəssisəsində 45 yaşını ailə üzvləri və doğmaları ilə bir yerdə qeyd edib.

Bu barədə Meydan TV-yə baş redaktorun həyat yoldaşı Məlahət Zeynallı bildirib ki, Əvəz Zeynallının səhhətindəki problemlər həmişəki kimi qalsa da, əhval-ruhiyyəsi yaxşı idi: “Əvəz bəy artıq 4-cü ildir ki, ad gününü həbsxanada keçirməli olur. Buna baxmayaraq, yenə də ənənəsinə sadiq qalıb, özünə ötən illərin hesabatını verdi. Hədər yerə yaşamadığımızın izahını, cəmiyyətə “Xural” qəzeti olaraq verdiyimiz tövhələri təhlil edərək, verdi. Ad gününü yaxından-uzaqdan təbrik edən bütün dostlara öz salamını və təşəkkürünü çatdırdı. Əvəz bəy hər zaman olduğu kimi, yenə də mətindir. Yeni kitablar oxuyur, tərcümələrini davam etdirir. Yeni ildən gözləntiləri də çoxdur. Hər şeyin gözlənildiyindən də yaxşı olacağına əminliyi var. Uşaqların dərslərilə maraqlandı. Onlara Azərbaycan gəncinin daha mükəmməl yetişməsi üçün hansı öhdəlikləri yerinə yetirməli olduğunu izah etdi.”

2011-ci il oktyabrın 19-da “Xural”ın əmlakı məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün qəzetin nəşri dayandırılıb. Oktyabrın 28-də isə Əvəz Zeynallı həbs edilib. O, külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə peşə fəaliyyətilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib. Ali instansiya məhkəməsi baş redaktorun aşağı instansiya məhkəmələrindən olan şikayətini təmin etməyib.

Amnesty International Əvəz Zeynallını “vicdan məhbusu” olaraq tanıyıb.

Norveç Helsinki Komitəsi 2014-cü il Azərbaycandakı digər siyasi məhbuslarla yanaşı Əvəz Zeynallını da “Andrey Saxarov Azadlıq mükafatı”na  layiq görüb.

Ana səhifəXəbərlərƏvəz Zeynallı 45 yaşını ailəsilə bir yerdə qeyd etdi