Qaraqalpaqıstanda fövqəladə vəziyyət elan olunub
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 3-dən avqustun 2-dək Qaraqalpaqıstanda fövqəladə vəziyyət elan edib.
Prezident Qaraqalpaqıstan Muxtar Respublikasının paytaxtı Nukus şəhərinə səfər edib.
O, həmçinin Konstitusiyada muxtariyyətin suverenliyi ilə bağlı bəndin saxlanmasını təklif edib.
Bu barədə Prezidentin mətbuat katibi Şerzod Əsədov məlumat yayıb.
O deyib ki, dövlət başçısı digər məsələlərlə yanaşı, həm də Qaraqalpaqıstan sakinlərinin fikirlərini əsas sayır:
“Həmçinin hələ də Konstitusiyaya dəyişikliklərin müzakirəsi prosesi davam edir”.
İyulun 1-də Özbəkistanın Qaraqalpaqıstan Respublikasının paytaxtı Nukus şəhərində etiraz aksiyası olub.
Etirazlara səbəb Özbəkistanın yeni Konstitusiya layihəsində Qaraqalpaqıstan Respublikasının “suverenliyi” ifadəsinin və “respublika xalqının ümumi referendum əsasında ayrılmaq hüququ” cümləsinin silinməsi olub.
Qaraqalpaqıstan Muxtar Respublikasının hakimiyyət nümayəndələri 1 iyul aksiyasını “dövlət orqanlarını ələ keçirməyə cəhd” kimi qiymətləndiriblər.
Həmçinin Özbəkistanın Daxili İşlər Nazirliyi etirazlara səbəb olan yeni qanun layihəsini “Konstitusiya islahatlarının yanlış şərh edilməsi” kimi xarakterizə edib.
Qaraqalpaq Muxtar Vilayəti 1924-cü ildə yaradılıb, 1930-cu ilədək Qazaxıstan SSR-in tərkibində olub.
Daha sonra Qazaxıstanın tərkibindən çıxarılaraq birbaşa RSFSR-in tabeliyinə verilib.
1936-cı ildə Qaraqalpaq MSSR Özbəkistan SSR-in tərkibinə daxil edilib.
Sovet İttifaqının dağılmasından sonra bölgə 1992-ci ildə Qaraqalpaqıstan Respublikasına çevrilib.
1993-cü ildə Qaraqalpaqıstan Respublikasının Özbəkistanın tərkibinə daxil edilməsi haqqında 20 illik müqavilə imzalanıb.
Müqavilə muxtar respublikanın referendum keçirməklə Özbəkistanın tərkibindən çıxmaq hüququnu təsbit etsə də, hazırda bu müddəanın ləğv edilməsi təklif olunur.