”Bugünə qədər Konstitusiya Məhkəməsinin qərarı həyata keçirilməyib”
Son günlər mediada tez-tez Qarabağ qazilərinin problemləri, onların kredit girdabında çabalaması ilə bağlı yazılara rast gəlirik. Manatın devalvasiyası bütün vətəndaşların ailə büdcəsinə təsir etdiyi kimi, qazilərin vəziyyətini də çətinləşdirib. Onların durumu ilə bağlı «Qarabağ Qaziləri» İctimai Birliyinin sədri Etimad Əsədovla söhbətləşdik.
–
Son devalvasiyadan sonra Qarabağ qazilərinin vəziyyəti necədir?
– Şükür. Hamı necə, biz də elə.
–
Yəni necə? Bunu necə başa düşək?
– Azərbaycan xalqının vəziyyəti necədirsə, Qarabağ qazilərinin vəziyyəti də elədir. Təbii ki, devalvasiyadan sonra cəmiyyətdə, insanlarımızda bir ruh düşkünlüyü var. Kreditlərlə bağlı problemlər var. Aldıqları məvaciblər qiymət artımı ilə tərsmütənasiblik təşkil edir. O baxımdan insanlar bir az pessimizmə qapılıblar ki, bunun sonu necə olacaq. Ancaq optimist olmaq lazımdır. Düşünürəm ki, Qarabağ qaziləri də öz az pensiyaları, az məvacibləri ilə götürmüş olduqları kreditlərin altından tədricən çıxacaqlar. İnşallah, hər şey yaxşıya doğru düzələcək.
–
Elə siz də bu kredit məsələsinə toxunduz. Tez-tez mediada Qarabağ qazilərinin problemləri gündəmə gəlir. Ən əsas problem isə kreditlərlə bağlıdır. Çətin durumda olan Qarabağ qazilərinə əlini uzadan varmı?
– Doğrudan da, Qarabağ müharibəsi əlilləri içərisində çox ağır durumda olanları var. Elə Qarabağ qazisi var ki, azyaşlı övladını müalicə etdirmək üçün bankdan kredit götürüb, xərclənən böyük vəsaitə baxmayaraq övladı dünyasını dəyişib. Elə Qarabağ qazisi var ki, ayağında qanqren baş verib, kredit götürüb, ayağını kəsdirib. Eləcə də çoxsaylı Qarabağ müharibəsi əlilləri var ki, kreditlər götürərək övladının müalicəsinə, təhsilinə, başqa problemlərinin həllinə sərf ediblər. Yəni ağır durumda olan Qarabağ qaziləri çoxdur. Bizə, Qarabağ əlillərinə dövlətdən başqa kənardan yardım əli uzadan yoxdur. Sadəcə ağır durumda olan, xüsusən də 1-ci qrup əlilləri, arabada gəzən, əli-ayağı olmayan qaziləri bəzi iş adamları, dostlarımız vasitəsilə himayəyə götürtmüşük. 30-40 nəfər insan var ki, onlar 50-100 manat civarında yardımlar edirlər. Son vaxtlar Azərbaycanda qaraciyər və digər daxili orqan xəstəlikləri, eləcə də hepatitlə mübarizə aparan şəxslər arasında Qarabağ qaziləri də var. Ciddi müalicəyə ehtiyacı olan insanlarla bağlı həmin sahibkarlara müraciətlər edirik və çox böyük yardımlar edirlər. Bu, çox dar çərçivədə olan işlərdir. Demək olar ki, belə problemləri olan insanların tam olaraq yarasını sağaltmayan məsələlərdir.
–
“Ən böyük yardım dövlət tərəfindəndir” – dediniz. Bəs dövlət yardım edirsə, niyə qazilər öz problemlərini özləri həll etmək məcburiyyətində qalırlar? Yəni niyə ayağını kəsdirmək istəyən qazi özü kredit götürməli olur?
– Dövlət tətəfindən dedikdə mən onu nəzərdə tuturam ki, bu adamlar mütəmadi olaraq dövlətin nəzarətindədilər. Qarabağ müharibəsi zamanı əlil olmuş insan kimi bunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeydiyyata alınıblar. Həmin insanlara dövlət tərəfindən mütəmadi olaraq pensiya və müavinətlər verilir. Onlara mənzil, minik avtomobilləri, protez, ortopedik ləvazimatlar verilir. Eləcə də respublika daxilində və xaricində müəyyən müalicələrə göndərilirlər. Bakıda və regionlarda olan bərpa mərkəzlərində müalicə olunurlar. Xeyli sayda dərman preparatları Qarabağ qazilərinə pulsuz verilir. Ancaq indiyə qədər hepatit, xərçəng, böyrək çatışmazlığı kimi ağır xəstəliklərlə bağlı etdiyimiz müraciətlərin yalnız bir neçəsinə baxılıb və dəstək verilib. Bunları barmaqla saymaq olar. Onlar Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilib. Amma bu geniş həyata keçirilmir. Yəni “dövlətin himayəsi yüksək səviyyədədir, bu insanların bütün problemlərini əhatə edir və ya həll edir” deyə bilmirik. Bu insanlar problemləri ilə bəzən özləri mübarizə aparmaq məcburiyyətində qalırlar.
–
Təxminən 2 il bundan əvvəl Qarabağ qazilərinin problemləri diqqət mərkəzindəydi. Onların bütün problemlərinin həlli ilə bağlı təkliflər səsləndirilirdi. Həmin məsələnin nəticəsi nə oldu?
– Yaxşı nəticəsi oldu deyə bilərik. O təkliflər bundan ibarət idi ki, Qarabağ müharibəsi əlillərinin pensiyaları müəyyən mənada artırılsın, ailə üzvlərinin sayını nəzərə almaq şərti ilə minimum əmək haqqı səviyyəsinə çatdırılsın. Bu məsələlər öz həllini tapdı. Biz cənab prezidentə müraciət hazırladıq. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vasitəçi kimi bu işlərin içindəydi. Prezident təqaüdü alan Qarabağ əlillərinin məvacibində 50 faiz artım nəzərə tutulub. Qarabağ müharibəsi əlillərinin ən əsas problemlərindən biri də onların övladlarının ali təhsil ocaqlarında təhsil haqqı ödəməsi idi ki, Prezident fərmanı ilə bu məsələ də həllini tapdı. Yəni bu qəbildən olan insanların övladları təhsil haqqından azad edildilər. Eləcə də biz Qarabağ müharibəsi əlillərinin mənzil problemini gündəmə gətirmişdik. Prezidentin sərəncamı ilə 2018-ci ilə qədər hamısı tam mənzillə təmin olunacaq. İndiyə qədər 6 mindən artıq insan avtomobillə təmin olunub. 610 nəfərə yaxın insan isə növbədədir. Xeyli qazi mənzillə təmin olunub. Hazırda da proses regionlarda, Bakı şəhərində davam edir. Yaxşı haldır ki, proses gedir, dayanmır.
–
Qarabağ əlillərinin əksəriyyətinin əmək qabiliyyəti yoxdur. Verilən təqaüdlə dolana bilirlərmi?
– Devalvasiyaya qədər bu insanlar aldıqları məvaciblə birtəhər dolanırdılar. Nəzərə alsaq ki, həmin insanların əksəriyyətinin əmək qabiliyyəti yoxdur, amma az bir qismi özlərinə iş qurmuşdu, kiçik sahibkarlıqla məşğul idilər, verilən avtomobillə taksi fəaliyyəti ilə məşğul olurdular və s. Yəni dolanırdılar. Ancaq devalvasiyadan sonra bu insanların da aldıqları məvaciblər dəyərdən düşdü. Düzdür, bu proses yeni baş verib. Amma içində özüm də olmaq şərti ilə əvvəlkindən fərqli olaraq xeyli əziyyət çəkirik.
–
Son vaxtlar Qarabağ qazilərinə qarşı cəmiyyətdə bir laqeydlik yaranıb. Məsələn, Qarabağ qazisi Zaur Həsənov özünü yandıranda bütün cəmiyyət Qarabağ qazilərinin yanğısına cavab verməyə çalışırdı. Amma indi hansısa Qarabağ əlilinin problemi gündəmə gələndə cəmiyyətin həmin reaksiyasını görmürük. Sizcə, bunun səbəbi nədir?
– Bu həmişə məni narahat edən məsələdir. Həmişə dostlar arasında da, bütün tədbirlərdə də vurğulayıram ki, çox təəssüflər olsun Azərbaycanda Qarabağ əlillərinə, şəhid ailələrinə münasibət digər ölkələrdə olduğu kimi, məsələn, Türkiyədəkindən, qonşu İrandakından aşağı səviyyədədir. Nədənsə qardaş Türkiyədə, qonşu İranda öz qazilərinə Vətən naminə şəhid olanlara, canını qurban verən əlillərə verilən qiymət, dəyər Azərbaycanda yoxdur. Sözdə var, əməldə yoxdur. Dövlət qurumlarında məmurların bu insanları get-gələ salması, aldatması, onların tələb və istəklərinə cavab verməməsi zaman-zaman xalqımıza da sirayət edib. Məmurlar necədirsə, xalqımız da o formada Qarabağ əlillərinə, şəhid ailələrinə ögey münasibət bəsləyir. Bütün bunlar Azərbaycan hökumətinin, məmurların Qarabağ əlillərinə olan ögey münasibətindən irəli gəlir. Baxmayaraq ki, ölkə prezidenti dəfələrlə çıxışlarında, Nazirlər Kabinetinin müşavirələrində Qarabağ əlillərinə, şəhid ailələrinə necə qayğı göstərməyin, problemlərini necə həll etməyin lazım olduğunu desə də, məmurlar yenə də bizə biganəliklərini davam etdirirlər. Məsələn, Qarabağda şəhid olanların ailəsi və əlil olanlar icbari şəxsi sığorta almalı idi. Amma bu sığortanı dövlət təşkilatları 10 ildən artıqdır yubadırlar. Həmin ailələr və ya Qarabağ əlilləri məhkəmələrə dəfələrlə ayaq döyəndən, Konstitusiya Məhkəməsinə qədər gedib çıxandan sonra bu kompensasiyanın ödənilməsi qərarı verilib. Kompensasiyanın verilməsi parlamentə həvalə olunub ki, onun verilməsi qaydalarını müəyyən etsin. Artıq bir neçə ildir bunun üstündən keçir, amma hələ də ən ali qurumun Konstutusiya Məhkəməsinin qərarı həyata keçirilməyib. Qətnamə hələ də kağız üzərində qalıb. Nə parlament buna münasibət bildirir, nə də Nazirlər Kabineti. Dəfələrlə biz bunu deputatlarla görüşlərdə demişik, bununla bağlı Nazirlər Kabinetinə müraciət etmişik. Amma heç bir nəticə yoxdur. Bu, birbaşa parlamentin, Nazirlər Kabinetinin Qarabağ şəhidlərinə və əlillərinə ögey münasibətidir ki, bu, cəmiyyətə də təsir edir. Çox acınacaqlı haldır. Bu, bizə, şəhidlərimizə ögey münasibətdir, dırnaqarası baxışdır. Düşünürəm ki, bu, aradan qaldırılmalıdır.
–
Prezident son çıxışlarından birində məmurlara tapşırıq verdi ki, bundan sonra “NAZ-Lifan” avtomobilindən istifadə etsinlər. “NAZ-Lifan” deyəndə Qarabağ qaziləri yada düşür. Çünki hökumət onlara minik avtomobili kimi “NAZ-Lifan” hədiyyə edir. İndi nazirlər də “NAZ-Lifan” sürəcək, siz də. Necə hissdir?
– Mənə illər öncə “OKA” markalı avtomobil verilmişdi. Bir dəfə müsahibəmdə söyləmişdim, fəxr edirəm ki, prezidentin mənə verdiyi avtomobili sürürəm. Bu, mənə qanımın müqabilində verilmişdi. Vətən qarşısında xidmətin qarşılığında vermişdilər. Bu, mənim üçün əziz idi. İndi Qarabağ əlillərinə “NAZ-Lifan” avtomobilləri verilir. Çox normal maşındır. Bu insanlar ailələrini rahat gəzdirirlər, taksi kimi fəaliyyət göstərirlər. Düşünürəm ki, bu “NAZ-Lifan” maşını Qarabağ qaziləri üçün hörmətli bir maşındır. Çünki qanlarının, canlarının müqabilində onlara verilib. Ona görə biz ona hörmətlə yanaşırıq. Qaldı ki, məmurların onu sürməsinə, mən düşünmürəm ki, onlar o maşını sürəcəklər. Bu maşınların cürbəcür modelləri var. Ən kiçik modeli bizə verilir. Bunların böyük modelləri də var. Düşünürəm ki, məmurlar həmin modellərdən sürəcəklər. Çox istəyərdim, elə nazirlər, məmurlar Azərbaycanda istehsal olunan maşınlardan sürsünlər ki, xeyir Azərbaycana, büdcəmizə qalsın. O bahalı xarici maşınları sürməkdən imtina etsinlər. Bu, yaxşı addımdır. Onların bu maşınlardan istifadəsi həm də bizə təsəlli olacaq ki, aramızdakı fərq elə də böyük deyil (Gülür). Əslində bütün insanlar bərabərdir. Amma təəssüflər olsun ki, məmurlar xalqa xidmət etməli olduqları halda özləri haqda bir qədər yüksək fikirdədirlər. Prezident də onlara təpindi ki, özünüzü bir az sadə, mədəni aparın, siz xalqın xidmətçisisiniz, əfəndisi deyilsiz. Mənə elə gəlir ki, məmurlar xalqa xidmət etməli olduqlarının fəırqinə varacaqlar. Azərbaycan xalqı ilə normal davranacaqlar. Bu da bizi çox sevindirir.