Xəsarət alanlar var, bir nəfərin vəziyyəti ağırdır
SOCAR-ın “Azərkimya” İB-nın Sumqayıtda yerləşən Etilen-Polietilen zavodunda avqustun 7-də yanğın baş verib. Bu barədə məlumat yayan Fövqəladə Hallar Nazirliyi hazırda yanğınsöndürmə işlərinin davam etdirildiyini bildirib. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.
SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov APA-ya zavodun 3 gündür təmirə dayandığını və bu səbəbdən yanğının istehsalat prosesi çərçivəsində baş vermədiyini deyib.
O, ilkin ehtimal olaraq hadisənin qaynaq işləri zamanı baş verdiyini bildirib:
“Amma bu, araşdırmalardan sonra dəqiqləşdiriləcək. Qısamüddətli alışma olub. Zavoda hər hansı zərər dəyməyib. Lakin bir neçə əməkdaş xəsarət alıb. Xəsarət alanlar arasında həm SOCAR-ın, həm podradçı “Azfen” şirkətinin əməkdaşları var. Xəsarət alanların vəziyyəti orta ağırlıqda dəyərləndirilir. Onlar xəstəxanaya yerləşdirilib”.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva isə xəsarət alan 7 nəfərdən birinə ambulator yardım göstərildiyini və evə buraxldığını söyləyib:
“Digər altı nəfər Bakıya, yanıq mərkəzinə göndərilib. Onlardan birinin vəziyyəti ağırdır”.