Allah bilir, neçə miliyon vəsait xərclənib onun tikilməsinə. Razıyam ki, park özü gözəldir, işıqlar, bordyurlar, yaşıllıq, sakitlik və firavanlıq. Gecələr bir xeyli insan orada idman edir, gəzişir, velosiped sürür. Amma dövlət həmin parkda bir dənə də olsa, tualet tikməyib. Bilmirəm, unudublar ya nədirsə, amma fakt budur ki, tualet oralarda yoxdur. Azından bio-tualet qoya bilərdilər, onu da etməyiblər.
İlk baxışdan videoda əcaib səs çıxardanların spermatoksikozdan əzab çəkdikləri güman edilir.
Seksual inqilab, seks haqqında sərbəst danışmaq qadağası olan cəmiyyətdə bu hardasa anlaşılandır. Əks cinsin gözəl, cazibədar nümayəndəsini gördükdə buna reaksiya vermək təbiidir. Təəsüfləndirən isə onların özünü ifadə etmək üsuludur.
Əvvəla, qeyd edim ki, bu növ videolar atıq məni sarsıtmır. Azərbaycanda bayram günlərində və ümumiyyətlə, şadyanalıq məclislərində daha betər hadisələrlə üzləşmişəm. Milli toylarımızda baş verənlər isə ayrı bir mövzudur. Məsələn, Bakı kəndlərində çoxlu tanışım və dostlarım var. Oralarda toy vaxtı dava salmaq bir adətdir. Deyirlər, o toyda ki dava düşər, demək cavanlar xoşbəxt olacaqlar.
Xülasə, bir çox şeyləri bacarmadığımız kimi, şadlanmağı və sevincimizi bölüşməyidə təəsüf ki, hələ də öyrənməmişik. Nə olur olsun, biz sevindiksə, bayramlaşdıqsa, mütləq ətrafımızdakılara diskomfort, narahatçılıq yaratmalıyıq.
Sözü gedən videoya gəldikdə isə, cəmiyyətimizin virtual sakinləri həmin görüntüdə heyvan səsi yamsılıyanları o ki var söydülər, təhqir etdilər, danladılar, qınadılar və yaddan çıxartdılar.
Məni isə aysberqin görünməyən, su altdakı hissəsi daha çox düşündürür. Şübhəsiz ki, həmin gənclərin özlərini o cür aparması bəyənilməzdir. Lakin bir sual da ortaya çıxır. Mədəniyyət, etika, emosiyaları cilovlamaq bacarığı, adekvat olmaq və bu kimi davranış qaydalarını insan ana bətnindəmi öyrənməlidir, cəmiyyətmi onu tərbiyələndirməlidi ya yaşadığı ölkənin qanunları, vətəndaşı olduğu dövlətin siyasəti bunu ona anlatmalıdır?
Gəlin razılaşaq ki, adəm övladı dünyaya tərbiyəli, qanacaqlı, adekvat doğulmur. Əks halda o harda gəldi anasının məməsini əmməz, qaz buraxmaz, sidik, nəcis ifraz etməz. Yəni uşaq müəyyən yaşadək daha çox yazılmamış kağız vərəqə bənzəyir. Onun xasiyyətini, düşüncə tərzini, özünü aparmaq bacarığını həmin vərəqə yazmaq, uşağa anlatmaq başqalarının əlindədir. Deməli, məsuliyyət düşür cəmiyyətə və həmin cəmiyyəti idarə edən dövlətə.
İnsan təbiətcə cəmiyyət heyvanıdır. Bunu mən deməmişəm, Darvinin kəlamıdır. Bizimkilər isə Darvini yeri gəldi-gəlmədi söyürlər. Guya o deyib ki, insanlar təkamül nəticəsində meymundan əmələ gəlib. Bu da bəzilərinin xətrinə dəyib. Di gəl, hərdən elələrinin ictimai yerdə özünü aparmağını izləyərkən, Darvinin hardasa düz olduğunu anlayırsan.
Amma gəlin, mövzudan uzaqlaşmayaq. Deməli, heyvanlıq, ibtidailik, vəhşilik hər bir insanın içində əvvəldən müvcuddur.Bu üzdən nə qədər çalışsam da, cəmiyyət və dövlət məsələsində məsuliyyət payını bərabər yerə bölə bilmədim. Nəticə budur ki, insanlarımızın az hissəsinin fərdiliyini və fərqliliyini nəzərə alsaq belə, cəmiyyətdə kütlənin mədəniyyətsizləşməsi, kütləşməsi, cəmiyyət heyvanı olmasının başlıca səbəbi, həmin kütləni idarə edən dövlətdədir.
Düşündüklərim əsassız deyil. Gəlin, məntiq yoluynan birlikdə gedək. İlk növbədə onu deyim ki, cəmiyyət bir qrup insanın bir yerdə yaşaması, eyni tərzdə düşünməsi, eyni məqsədə, dəyərlərə qulluq etməsindən savayı, həm də sosial əlaqələr qurmasıdır. Yuxarıda qeyd etdiyim kimi, fərdi xüsusiyyətlər hesabına, bir iki nəfər ağıllı, mütaliəli, düşünən, tərbiyəli ola bilər, amma ümumilikdə cəmiyyətdən bunu tələb etmək utopiyadır.
Çünki o halda, dövlətə ehtiyac olmazdı. Cəmiyyətdə hamı qanunsevər ola bilməz. Hamı vaxtında kommunal xidmətləri ödəməyəcək, qaydalara əməl etməyəcək. İnsanların eyni yerdə yaşaması, qanunlara münasibətinin, davranış qaydalarının oxşar olması demək deyil. Bunun üçün dövlət olmalıdır, bunu dövlət tənzimləməlidir, dövlət yeritməlidir.
Bizim ölkədə mədəniyyət nazirliyi, naziri olduğu halda, cəmiyyətdə mədəniyyətlə bağlı ciddi problem var. Bu azmış kimi, zaman-zaman dövlət özü insanları mədəniyyətsizliyə vadar edir. Məsələn, Gənclikdə yerləşən Dədə Qorqud parkını götürək. Allah bilir, neçə miliyon vəsait xərclənib onun tikilməsinə. Razıyam ki, park özü gözəldir, işıqlar, bordyurlar, yaşıllıq, sakitlik və firavanlıq. Gecələr bir xeyli insan orada idman edir, gəzişir, velosiped sürür. Amma dövlət həmin parkda bir dənə də olsa, tualet tikməyib. Bilmirəm, unudublar ya nədirsə, amma fakt budur ki, tualet oralarda yoxdur. Azından bio-tualet qoya bilərdilər, onu da etməyiblər.
Dəfələrlə valideyinlərin uşaqlarını ağac dibinə aparan görmüşəm. Axşamların birində isə yaşlı arvadın özünü dekorativ kollardan birinin dibinə verdiyini gördüm. Yəni bu kimi hallar bir deyil, iki deyil, həmin parkda çox rast gəlinir. İndi siz deyin, kimdir bu məsələdə mədəniyyətsiz? İnsan orqanizminin normal çağırışı qarşısında aciz qalan vətəndaşlar, yoxsa onları bu cür mədəniyyətsizliyə provokasiya edən dövlət?
Bulqakov “İt ürəyi” əsərində yazır ki, cəmiyyətdə tərbiyəsizlik ayaq yolunda lazımı yerə yox, ətrafa sidik ifraz etməkdən başlayır. Elə bu misalı şəhərdə zibil yeşiklərinin lazımı sayda olmamasına da aid etmək olar. Həmçinin, sürücülərin arasında yaranan qarşılıqlı hörmətsizliyi də qeyd etmək gərəkdir. Sürücülük vəsiqələrini total satmaqla, istədiyi yerdə maşın saxlayanların sayın artırmaqla dövlət insanlar arasında qarşılıqlı nifrətə zəmin yaradır. Bu cür məsəllər çoxdur və yazmaqla qurtaran deyil.
Günahı adi vətəndaşların üzərinə atmaq daha asandır, nəinki onları maarifləndirmək. Əlbətdə cəmiyyətin özündə də az yoxdur. Bəzən vətəndaşlar uşaqlara nə isə anlatmaq əvəzinə qışqırmaq, danlamaq yolu seçirlər. Amma yenə də umumi kütlənin davranışını tənzimləmək məsuliyyəti dövlətin üzərinə düşür. Dövlətin rıçaqları daha güclü və çoxşaxəlidir. Elə uzağa getməyək. İndi sürücülərin çoxu qoruyucu kəmər taxır. On il bundan qabaq isə kəmər taxana gülürdülər. Yəni istəyəndə, edirlər.
Videoda gördüyümüz insan davranışı isə zəncirvari proseslərin məhsuludur. Ölkədə teatrları, qəzetləri, kitab evlərin bağlayıb, söküb, dağıdıb yerinə şadlıq sarayları, konsert kompleksləri, park, fontan tikəndə, sonda belə nəsil yetişir. O nəsil ki, artıq fikirlərini, hisslərini, emosiyalarını sözlə ifad etməyi bacarmır. Bunun nəticəsi kimi, biz yenidən yuvarlanırıq ibtidai icma quruluşuna.
Yəni cəmiyyət proqress etmək əvəzinə reqress edir. Düşünsəniz, görərsiniz ki, 90-cı illərə qədər doğulmuş gənclərin arasında bir neçə dil bilən, mütailəli, optimist, ambisiyalı insanlar daha çoxdur, nəyin ki 90-cı illərdən sonra doğulmuşlar arasında. Buda 90-cıların artıq tam Sovet təhsil sistemindən azad böyüməsidir. Yəni 90-cı illərə qədər olanlar az da olsa, Sovet təhsil sisteminin məhsuludur. Bir sözlə, cəmiyyət dövlətin uşağıdır. Dövlət necə tərbiyə verəcəksə, uşaq elə böyüyəcək.
Vay o günə ki, uşaq böyüyüb onu böyüdənin üzünə ağ ola.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…