Estoniya parlamenti Rusiyanı terrorçu dövlət elan etdi

Estoniya parlamenti. Mənbə: aa.com.tr

Parlament həmçinin Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan məhrum edilməsi tələbini dəstəkləyir

Oktyabrın 18-də Estoniya parlamenti Rusiyanı terrorçu rejim və terroru dəstəkləyən dövlət elan edən bəyanat yayıb.

Bəyanata 88 deputat səs verib, “əleyhinə” və ya “bitərəf”ə çıxış edən olmayıb.

Estoniya parlamenti Rusiyanın təcavüzünü və psevdoreferendumlar əsasında Ukrayna ərazisini ilhaq etmək cəhdlərini bir daha pisləyir və bunu heç vaxt tanımayacağını vurğulayır.

Həmçinin Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan məhrum edilməsi tələbi dəstəklənir.

Sənəddə Avropa İttifaqına üzv dövlətləri Rusiyaya qarşı əlavə iqtisadi sanksiyaların tətbiqində birlik nümayiş etdirməyə çağırış yer alıb.

Bundan əlavə, parlament Qərb tərəfdaşlarını Ukraynaya hərbi və humanitar yardımı əhəmiyyətli dərəcədə artırmağa, habelə onun müharibədən sonrakı bərpasını dəstəkləməyə çağırır.

“Estoniya işğalçıya qarşı mübarizədə Ukrayna xalqını, dövlətini və ordusunu hər cür dəstəkləyir və Ukraynanın qələbəsinə inanır, çünki yalnız bu, Avropada sülhü bərpa edəcək”, – deyə sənəddə deyilir.

Oktyabrın 13-də Avropa Şurası Parlament Assambleyası da Rusiya Federasiyasını terrorçu rejim adlandıran qətnamə qəbul edib.

99 deputat həmin qətnamənin lehinə səs verib, bir nəfər isə bitərəf qalıb.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəXəbərlərEstoniya parlamenti Rusiyanı terrorçu dövlət elan etdi