AŞPA Rusiyanı terrorçu dövlət kimi tanıdı

AŞ PA. Mənbə: “coe.int”

Qurum bununla bağlı qətnamə qəbul etdi

Avropa Şurası Parlament Assambleyası Rusiya Federasiyasını terrorçu rejim adlandıran qətnamə qəbul edib.

Oktyabrın 13-də qəbul olunan qətnamənin 99 deputat lehinə səs verib, bir nəfər isə bitərəf qalıb.

Sənəd “Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün daha da genişlənməsi” adlanır.

Qətnamədə bildirilir ki, Ukraynaya təcavüz özlüyündə cinayət, beynəlxalq hüququn pozulması və beynəlxalq sülh və təhlükəsizliyə əsas təhdid kimi birmənalı şəkildə pislənməlidir.

Sənədə “Rusiya Federasiyasının terrorçu rejim elan edilməsi” təklif olunub və dəyişiklik edilib. Bu təklifi 79 deputat dəstəkləyib, 2 nəfər əleyhinə çıxıb, biri isə bitərəf qalıb.

Beləliklə, AŞPA Rusiyanı terrorçu dövlət kimi tanıyan ilk beynəlxalq təşkilat oldu.

AŞPA-da səsvermədən əvvəl Ukrayna Prezident Volodimir Zelenski videobağlantı vasitəsilə çıxış edərək qətnaməni dəstəkləməyə çağırıb.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaAŞPA Rusiyanı terrorçu dövlət kimi tanıdı