Tengiz Ablotiya: “Hər yerdə gürcülərin beyninə yeridiblər ki, türklər və ərəblər bizi məhv etmək istəyib”
Tengiz Ablotiya avrosentrik, kosmopolit baxışlara sahib müasir gürcü yazarlarından biri hesab olunur. Son zamanlar Gürcüstanda vüsət alan millətçi aksiyalara, mühacirlər, gəlmələr əleyhinə çıxışlara qarşı sərt tənqidi yanaşması ilə diqqəti çəkən müəllif Meydan TV-yə baş verən hadisələr, demokratiya və insan haqları sahəsindəki vəziyyət və Gürcüstanda ksenofobiya ilə bağlı danışdı.
– Tengiz, Gürcüstandakı gəlmələr əleyhinə aksiyalar nə ilə bağlıdır? Bu etirazlar təbiidirmi, yoxsa hansısa siyasi güclər bu etirazları təşkil edir? Əgər ikinci variantdırsa, bununla o siyasi güclər nəyə nail olmaq istəyirlər?
– Bu etirazlar bir neçə faktorla bağlıdır. Əvvəla, ənənəvi gürcülərin mental xüsusiyyətləri ilə bağlıdır ki, bu xüsusiyyətlərdə kifayət qədər ksenofobiya var. Bu ksenofobiya xüsusilə gürcülərin bu vaxta qədər ünsiyyətdə olmadığı xalqların nümayəndələrinə qarşı münasibətdə üzə çıxır. Bu yerdə qeyd edək ki, gürcülərdə etnik azərbaycanlı və ermənilərə qarşı ksenofobiya yox dərəcəsindədir, çünkü gürcülər artıq onlara öyrəşiblər və az qala özününkü hesab edirlər. Həmçinin, “ağ adamlar” hesab etdikləri avropalılara qarşı, çoxəsrlik qonşular və yenə də “ağ adamlar” hesab olunan ukraynalı və ruslara qarşı da ksenofobiya yox dərəcəsindədir.
Amma sovet dəyərləri ilə tərbiyə edilmiş, orta statistik, ənənəvi gürcü, məsələn, asiyalıları özününkü kimi görə bilmir. Əvvəla, ona görə ki, onlar bu ölkədə təzəlikcə peyda olublar, ikincisi, gürcülər üçün onların görünüşü qeyri-adidir, bu baxımdan hindlilər onlara xüsusi olaraq, xoşagəlməz görünürlər. İkincisi, əsrlərdir ki, Gürcüstanda anti-islam təbliğatı aparılır, hər yerdə onların beyninə yerdilir ki, türklər və farslar Gürcüstanı məhv etmək istəyib, islamı məcbur qəbul etdirməyə çalışıblar və bu qəbildən daha nələr. Bu deyilənlərin yarısının yalan, yarısının gerçək olduğunu nəzərə alsaq belə, 300 il bundan əvvəl olmuş şeylərə görə narahat olmağın nə mənası var? Amma ənənəçilərin normal insanlardan fərqi də elə ondadır ki, normal adam irəliyə, ənənəçi isə geriyə baxaraq yaşayır.
Odur ki, əminliklə deyə bilərik, bu ksonofobiya bir növ instinktiv xarakter daşıyır. Əlbəttə, həmişə bir səbəb tapıb, demək olar ki, Asiyadan gələn miqrantlar nəsə dəhşətli cinayətlər törədir, amma gerçək budur ki, asiyalıların kriminalla məşğul olduğunu göstərən heç bir sübut yoxdur. Ortada ancaq özünə bəraət qazandırmaq istəyən irrasional rasizm var, vəssalam.
Lakin bu işin mental tərəfidir. “Gürcü marşı”nın liderlərinə gəldikdə isə onların hamısı Rusiya ilə sıx bağlıdır və Gürcüstanda dayaz düşüncəli, aqressiv və qəzəbli insanlarla məskunlaşdırılmış, qapalı ksenofob cəmiyyətin yaradılması Moskvanın mavi xəyallarındandır.
Belə insanlarla manipulyasiya etmək asandan asandır, çünki belələri heç özləri də istifadə edildiyini hiss etməzlər.
-Ümumilikdə post-Saakaşvili dövründə Gürcüstanında demokratiya və insan hüqüqları ilə bağlı vəziyyət necə dəyişdi?
– Saakaşvili dövrünü indiki ilə, ümumiyyətlə, müqayisə etmək olmaz, çünki Saakaşvili hakimiyyətə gələndə 2004-cü il idi, indi isə artıq 2017-ci ildir. Bütün demokratik prosedurlara əməl edərək, o zaman hakimiyyətin qarşısında duran məsələlərin öhtəsindən gəlmək mümkün deyildi. Bunu hələ heç kim bacarmayıb.
Əslində, Saakaşvili heç vaxt özünü xüsusi demokrat kimi nümayiş etdirməmişdi – o, daha çox özünü, ilk növbədə, modernizator, ondan sonra isə demokrat kimi görürdü.
Buna görə də, demokratiya və ya onun görüntüsü səviyyəsinə görə, mövcud hökumətin keçmiş hökumətdən irəlidə olmağında qəribə bir şey yoxdur. Onların başqa imkanı yoxdur. Ən nəhayət, onların qarşısında duran vəzifələr dəfələrlə 2004-cü illərdəkindən fərqlidir.
Onlar özlüyündə bu cür olduğundan deyil, bu cür olmağa məcbur olduqlarına görə demokratdırlar.
– Sizin fikrinizcə, nə üçün Gürcüstan xalqı indiki hökumətə qarşı, Saakaşvilinin hakimiyyət dövründəki kimi sərt mövqedə deyil və sərt etirazlar yoxdur?
– Əsasən, bunun səbəbi indiki hakimiyyətin mülayim hərəkət etməsindədir. Yenə də, onların imkanları bu qədərinə çatır.
İndiki hökumət onminlərlə faydasız məmurları, korrupsiyaya bulaşmış polis işçilərini işdən azad etmək, həbs etmək, səhman yaratmaq, cinayətkarlara atəş açmaq məcburiyyətində deyil.
2004-cü ildə qarşıda duran vəzifələrin miqyası və mürəkkəbliyi o qədər geniş idi ki, onların həlli mütləq olaraq ölkənin yarısının ölümcül inciməyi ilə nəticələndi.
Bundan əlavə, son illərdə Saakaşvili həddən artıq qürurlanıb adekvatlığını itirmişdi, onun tabeçiliyində olanlar tez-tez çox sərt hərəkət etməyə başlamışdılar. Uzun sözün qısası – bir tərəfdən minlərlə insanları hökumətin duşmənlərinə çevirən məcburi sərtlik, üstəgəl son illərdə, xüsusilə də 2010-2012-ci illərdə hökumətin buraxdığı səhvlər.
Qaldı ki, Saakaşvilinin dövrünə mənfi münasibət göstərilən vaxtlar keçdi. Gürcülərin yaddaşı qısadır, 5 il keçib, xüsusi ideyalılardan başqa heç kim xatırlamır.
Bundan başqa, onun partiyasının reytinqi 28%-dir. Bu, pis göstərici deyil və çox qəti şəkildə Saakaşviliyə nifrət haqqında fikrin şişirdilmiş olduğunu göstərir.
– Azərbaycanda gürcü cəmiyyətində ksenofobiya səviyyəsinin yüksək olduğu barədə geniş yayılmış bir fikir var. Bir çoxu azərbaycanlı kosmopolit -ədəbiyyatçıları Gürcüstanda millətçiliyə qarşı etiraz edən qələm adamlarının olmadığına görə tənqid edir. Sizin məqalələr əksini sübut edir. Gürcüstanda Avropa dəyərlərini dəstəkləyən və milliyyətçi və dini fanatikləri tənqid edən yazıçılar çoxdurmu? Və onlara qarşı cəmiyyətin münasibəti necədir?
– İlk baxışdan, gürcü cəmiyyəti həqiqətən ksenofobdur, lakin buna baxmayaraq, gürcülərin bir xüsusiyyətini nəzərə almaq lazımdır – çox vaxt onların dediyi həqiqət deyil, görüntüdür.
Ümimilikdə, sovetmeyilli gürcülər heç bir şeydə həqiqi ola bilmirlər, onlarda hər şey göstərmədir. Gürcüstan ənənəviliyinin bütün “müqəddəs inəklər”inə baxın, bir az dərin qazsanız orada boşluq olduğunu görəcəksiniz.
Dindarlıq, döyüşkənlik, qadınlara hörmət ənənəsi, bir sözlə, Sovetyönümlü gürcülər özlərini nə ilə əlaqələndirirlərsə, hər şey səthi və göstərmədir. Dərinlikdə heç bir şey yoxdur.
Həmçinin ksenofobiya – o var, ancaq her şeyin olduğu kimi, o da səthidir. Sizə məsləhətim, Gürcüstanda olarkən heç bir vaxt insanların dediklərinə qulaq asmayın, əsasən də taksi sürücüləri və bazar alverçilərinin.
Ksenofobiyaya qarşı çıxış edən jurnalist və ictimai xadimlərə gəldikdə, onlar çoxdur və çox fəaldırlar. Onlar əsasən Gürcüstan daxilində və gürcü dilində işlədiyindən, bu, sizin üçün gözəgörünməzdir.
Gürcüstanda çox güclü vətəndaş cəmiyyəti var və bu gün televizayada hər şey, hətta ən qeyri-populyar fikirlər səslənməkdədir.
– Sizin bəzi məqalələrinizin altında şərh yazanlar sizi Avropa qrantlarının vəsaitilə yaşamaqda, düşmən dəyirmanına su tökməkdə ittiham edirlər. Necə düşünürsünüz, bütün bunlar səmimi yazılır, yoxsa bu müəyyən insanlar tərəfindən tutulmuş təxribatçılardır?
-Çox güman ki, səmimidirlər. Onların əksəriyyəti dünyanı olduğu kimi yox, istədikləri kimi görməyə çalışan həmin ənənəvi sovetçi-gürcülərdir.
Onlar hələ də böyük pravoslavlıq, əcdadlarının sümükləri, azadlıq və ləyaqət üçün nəhəng döyüşçülərin öz milli geyimlərində gəzişdiyi haqqında hekayələrə inanırlar.
Onlara bütün bunun boş şou olmasını izah emək mümkün deyil, milli kimliyin qorunması barədə ən cox qışqıranlar isə Avropaya mühacirət üçün ön sıralarda qaçanlardır. Bu da onların özlərini bərk qəzəbləndirir.
– Əfqan Muxtarlının məsələsində Gürcüstan hökumətinin hətta kriminal səviyyədə Azərbaycanla əməkdaşlıq etdiyini dedilər. Necə düşünürsünüz, belə bir əməkdaşlıq Gürcüstanın maraqlarına uyğundurmu? Və sizcə, Muxtarlı məsələsi belə bir halın təkrar olunmamasına təsir edəcəkmi?
– Mən Muxtarlı məsələsində əməkdaşlığı cinayət adlandırmazdım. Çox güman ki, bu, iki ölkə hökumətləri və iki kəşfiyyat xidmətlərinin razılığı idi. Hər şeyin insan oğurluğu kimi təqdim edilməsində məqsəd Gürcüstan tərəfinin öz simasını qoruyub saxlamaq və vaxtı uzatmaq idi. Bunu da o, kifayət qədər uğurla edir.
Bunun Gürcüstanın maraqlarına nə dərəcədə uyğun olduğunu demək çətindir. Ümumiyyətlə, Gürcüstanın maraqlarına uyğun olan Azərbaycanla güclü dostluqdur, bu, həm hər iki dövlətin, həm də bu gün bir-biri ilə həqiqətən dostluq edən xalqların marağındandır.
Gürcüstanın növbəti dəfə keçilməz təklifdən imtina edə biləcəyi, dostluğa mane olub-olmayacağı barədə bir şey demək çətindir.
Yaxın gələcəkdə bunun təkrar edilməyəcəyini düşünürəm. Muxtarlı məsələsinin rezonansı çox səs-küylüdür və bu məsələyə məhəl qoymamaq mümkün olmayacaq. Güman ki, Gürcüstan hakimiyyəti sadəcə Azərbaycan mühacirlərinə Əliyev hökumətinə qarşı çox da aktiv işləmək üçün imkan verməməyə çalışacaq, lakin həbs və bunun kimi bulanıq hadisələr olmayacaq.
– Məhz bu gün Osetiyanın sürünən işğalının yenidən Gürcüstanın dərinliyinə doğru hərəkət etdiyi haqqında məlumat yayıldı.
– Belə bir fikir var ki, bu yolla Putin Bakı-Supsa neft kəmərinə çataraq Azərbaycan və Gürcüstana öz təzyiqini artırmaq istəyir. Bu barədə nə düşünürsünüz?
Çətin ki, Bakı-Supsa Moskvanın son hədəfi ola, çünki bu neft kəməri kiçikdir, onun vasitəsilə çox az miqdarda neft ötürülür. Çox güman ki, onun rəmzi əhəmiyyəti var.
Ümumiyyətlə, Rusiya üçün prinsipial məsələ neft deyil, qazdır. Azərbaycana gəldikdə isə, mənim fikrimcə, rus siyasətinin Qafqazdakı son hədəfi Tbilisi deyil, məhz Bakıdır. Sadəcə Kremldə belə qərara gəliblər ki, Azərbaycan çox zəngindir, güclüdür və Türkiyə kimi çox güçlü müttəfiqi var. Gürcüstan isə ondan zəif, əhalisi az və daha yoxsuldur, təbii sərvətləri də yoxdur.
Bu vəziyyətdə kimi “ sıxmalı” kimi bir seçim qarşısında qoyularsınızsa, aydın məsələdir ki, daha az əhalisi, zəif və yoxsul olanı seçərdiniz. Nəticə də ki, bir olacaq- Gürcüstanda Rusiyayönümlü hakimiyyətin olması iri infrastruktur layihələrin məhdudlaşdırılması deməkdir, Bakı üzərində nəzarət isə zaman məsələsi olacaq.
Çox məntiqli bir şey- eyni effekt əldə olunacağı halda, ikisini vurmaq nəyə lazımdır, birini vurmaq da kifayət edər.