Onlara işgəncə verməkdə ittiham olunan ermənilər isə özlərini qismən təqsirli bildilər
Əsirlikdə olan azərbaycanlılara işgəncə verməkdə, hətta onlardan bəzilərini qətlə yetirməkdə ittiham olunan iki nəfər Ermənistan vətəndaşı – 1967-ci il təvəllüdlü Alyoşa Xosrovyan və 1969-cu il təvəllüdlü Lüdviq Mkrtiçyanın işi üzrə məhkəmə istintaqı başlayıb. Qəsdən adam öldürmə, işgəncə vermə, qanunsuz silahlı dəstələr yaratma, dövlət sərhədini qanunsuz keçmə, terrorçuluq və s. maddələrlə ittiham olunan bu şəxslərin işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Lakin məhkəmə iclasları Yasamal Rayon Məhkəməsində keçirilir.
İyunun 9-da hakim Elbəy Allahverdiyevin sədrliyilə keçirilən iclasda təqsirləndirilən şəxslərin vəkilləri müvəkkillərin məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb, müdafiəçilərin yanında əyləşməsinə şərait yaradılmasını istəyiblər. Onların vəsatəti təmin edilib.
Ardınca məhkəmə istintaqı başlanıb, prokuror ittiham aktını elan edib. İttihamda yazılıb ki, Lüdviq Mkrtiçyan Birinci Qarabağ Müharibəsi dövründə Qubadlı yaxınlığında əsir düşmüş Həbib Kazımov, Elman Hacıyev və digərlərinə işgəncə verib. Lüdviq Mkrtiçyanın həmçinin əsir azərbaycanlıları Şuşa həbsxanasında döydüyü, onların ac-susuz saxlanmasında iştirak etdiyi iddia olunur.
“Lüdviq Mkrtiçyan Şuşa həbsxanasında dəmir və taxta parçalarla yaralı vəziyyətdə olan azərbaycanlı əsgərə xəsarətlər yetirərək, onları ac-susuz saxlayıb. Bundan başqa, o, 1994-cü ildə Ağdamda əsir düşən əsgər Hüseynov Cavid Alı oğlunu Şuşa həbsxanasında 1 il saxlayaraq, şaxtalı havada qarın altında işgəncələr verərək, üstünə soyuq su töküb, baş və göz nahiyələrinə ağır zərbələr endirib. Nəticədə Cavid Hüseynov hər iki gözünün görmə qabiliyyətini itirib”, – ittiham aktında yazılıb.
Təqsirləndirilən şəxslər həmçinin azərbaycanlı əsirlərin üstündə siqaret söndürməklə, onları dəmir borularla döyməklə, şaxtalı havada saatlarla saxlayıb, üstlərinə soyuq su tökməklə onlara işgəncə verməkdə ittiham olunurlar.
İş materiallarında yazılıb ki, Mkrtiçyan Azərbaycan dilini bildiyinə görə bəzi azərbaycanlı əsirlərin Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən dindirilməsi zamanı tərcüməçi kimi cəlb olunub. Onun tərcüməçi kimi iştirak edərkən də azərbaycanlıları döydüyü iddia olunur: “Mkrtçyan 1998-1999-cu illərdə İslamov Elşən Sabir oğlu qanunsuz olaraq Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasında saxlandığı vaxtlarda Mkrtiçyan tərcüməçi kimi iştirak edərkən ona işgəncələr verib. O, Elşən İslamovdan Ermənistan vətəndaşlığını qəbul etməsini istəyib”.
Lüdviq Mkrtiçyan 25 oktyabr 2020-ci ildə əsir düşmüş azərbaycanlı əsgər Firavan Əsgərovu qətlə yetirməkdə də ittiham olunur.
İttihamlara münasibət bildirən Lüdviq Mkrtiçyan və Alyoşa Xosrovyan qəsdən adam öldürmə, işgəncə vermə kimi ittihamları qəbul etməyiblər, heç kimə əzab vermədiklərini deyiblər. Onlar yalnız sərhədi qanunsuz keçmə ittihamı üzrə özlərini təqsirli biliblər.
Prokuror isə bildirib ki, zərərçəkmişlər istintaq zamanı dindirildikdən sonra onların ifadələri Şuşa həbsxanasında yoxlanılıb. İfadədə yer alan fikirlər orada aşkarlanan sübutlarla uyğun gəlib.
Daha sonra təqsirləndirilən şəxslərə ifadə vermək təklif olunub. Onlar indiki mərhələdə danışmaq istəmədiklərini, zərərçəkmişlər dindiriləndən sonra ifadə verəcəklərini bildiriblər.
Bundan sonra iş üzrə zərərçəkmiş qismində tanınan 11 nəfərin dindirməsi başlayıb.
Qərib Vəliyev bildirib ki, 1999-cu ildə Goranboyun Tapqaraqoyunlu kəndi yaxınlığında mal-qara otaranda əsir götürülüb. Əsirlikdə olduğu dövrdə Şuşa həbsxanasında işgəncələrə məruz qaldığını deyən zərərçəkən bildirib ki, Lüdviq Mkrtçyanı hərbi formada görüb, onun Azərbaycan dilindən tərcüməçilik etməsinin də şahidi olub: “O, tərcüməçilik edirdi. Çox qəddar idi. Sinəmə vurduğu təpiklər yadımdan çıxmır. Məni dizi ilə vurub, başıma torba keçirdi, elə döyürdülər…”
Qərib Vəliyev iki ay əsirlikdə qaldıqdan sonra geri qayıdıb. Deyir ki, qayıdandan sonra 1 ay müalicə alıb.
Zərərçəkən Cavid Hüseynov əsirlikdə dəmir boru ilə döyüldüyünü, nəticədə hər iki gözündə görmə qabiliyyətini itirdiyini bildirib: “Bunlar burada özlərini məzlum göstərirlər, orada əsl cəllad idilər. İkisi də Azərbaycan dilini yaxşı bilir”.
Cavid Hüseynov deyir ki, 1994-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə əsir düşüb. Onu və birlikdə əsir düşən digər azərbaycanlıları əvvəl öldürmək istəsələr də, sonra erməni əsirlərlə dəyişmək qərarı verib, Xankəndiyə aparıblar: “Əvvəl bizi Xankəndidə döydülər, sonra Şuşa həbsxanasına gətirdilər. Şuşa həbsxanasında dəmir boru ilə döyürdülər. Məni döyüb, qarın altında basdırdılar. Bunlar mənim əllərimi tutdular, rəisləri vurdu”.
Məhkəmə prosesi iyunun 16-da davam edəcək.