Əsgərliyə sağlam getdi, əlil qayıtdı


Hərbi xidmət dövründə əlil olan Əmrah 67 manat müavinət alır.

“Hərbi hissənin həyətində yeməkxanaya çatandan 15 dəqiqə sonra uşaq gözümün qabağında komaya düşdü”-əsgər anası Pərvanə Rəhmanova deyir.

21 yaşlı Əmrah Rəhmanov əsgərliyə sağlam getsə də 4 ay sonra əlil olub. 2011-ci ilin noyabrında hərbi xidmətdə komaya düşən əsgər iki ay sonra hospitalda ayılıb. Amma komaya düşdüyü vaxtdan bir ay əvvəli və bir ay sonranı xatırlamır.

“Oğlumu qızdırma xəstəliyinə görə hospitala göndəriblər. Hospital geri qaytarıb ki, qızdırmadır, qaymorit var. Oğlumu “sançasta” qaytarıblar. 4 ay süni nəfəs aparatı ilə qaldı, 6 aya kimi danışmadı, nitq tutulması oldu. Demək olar ki, boynundan aşağı hissiyyatı ümumiyyətlə yox idi. 9 ay reanimasiyada qaldı, 6 aydan sonra danışmağa başladı,hissiyyatları yavaş-yavaş geri qayıtdı, nəfəsi bərpa olundu”-əsgərin anası Pərvanə Rəhmanova danışır.

Qadın deyir ki, oğlu qrip və qızdırmalı halda hospitala gətiriləndə həkimlər adi xəstəlikdir, keçib gedər deyiblər. Daha sonra infeksiya beyinə işləyib və əsgər komaya düşüb. Pərvanə Rəhmanova “həkimlər vaxtında müdaxilə etsəydilər, oğlum əlil olmazdı” deyir.

Qadın 3 aydır oğlunun müalicəsini dayandırıb. Deyir ki, maddi imkanı yoxdur. Əmrah əlil olandan sonra Müdafiə Nazirliyi ayrı-ayrı vaxtlarda ailəyə toplam 8 min 750 manat pul verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də əlillik alınandan sonra ailəyə 1100 manat ödəyib. Qadın deyir ki, oğlunun hərəkət etməsi üçün 22 günlük müalicə 2 min 300 manata başa gəlir. Bir müddət pul yığıb Əmrahın müalicəsini etdirir, amma o pul toplayana qədər oğlu öyrəndiyi hərəkətləri yadırğayır.

Həkimlər Əmrah Rəhmanova “meningit ençefalit” diaqnozu qoyublar. Pərvanə Rəhmanova bu xəstəliyin müalicəsinin olduğunu deyir. İsraildən onlara deyiblər ki, müalicə ümumilikdə 100 min manata başa gələcək.

Əmrah Rəhmanov 1-ci qrup əlil olduğu üçün 67 manat müavinət alır. Pərvanə xanım, dövlət qurumlarının oğlunun hərbi xidmətdə əlil olduğunu nəzərə almadıqlarını deyir. Hərbi ekspert Daşdəmir Əliyev qanunla hərbi xidmət zamanı əlil olan şəxsin digər əlillərdən fərqləndirildiyini deyir. Ekspert əsgərə verilən 67 manatın az olduğunu bildirir. “Hərbi həkim komissiyasının qərarında yəqin ki, qeyd olunub “xəstəlik hərbi xidmət keçdiyi dövrdə alınıb”. O, hərbidə əlillik aldığına görə fərqlənməlidir”-ekspert deyib.

21 yaşlı Əmrah Rəhmanov isə tezliklə ayağa qalxmaq istəyir. Onun yarımçıq qalan arzuları var. “İnstituta hazırlaşmaq istəyirəm. İlk arzum odur ki, İnstituta hazırlaşım. Mənim məktəbim yarıda qalıb. Hazırlaşırdım, əsgər yolladılar”- deyir Əmrah Rəhmanov.

Sevinc Vaqifqızı

Ana səhifəVideoƏsgərliyə sağlam getdi, əlil qayıtdı