Əsgərə polis bölməsində işgəncə verilib

Hüquq müdafiəçisi: Yevlax polisində hərbiçiyə işgəncə veriblər

Source:
Əsgərin fotosu
Əsgərin fotosu



Hüquq müdafiəçisi: Yevlax polisində hərbiçiyə işgəncə veriblər

Hazırda hərbi qulluqda olan çavuş Tahir Osmanlı Yevlax rayon Polis Şöbəsində işgəncələrə məruz qalıb. Bu barədə Turan-a “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Elçin Məmməd məlumat verib.

Onun sözlərinə görə, Osmanlı bu ilin avqust ayında kirayə yaşadığı mənzildə haqsız yerə şərə düşüb. Elçin Məmməd qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxs şikayət əsasında elə hərbi hissədən götürülərək Yevlax rayon Polis Şöbəsinə aparılıb və şöbədə amansız şəkildə döyülüb.

“Tahir Osmanlı ilə bir evdə kirayədə qalan hərbiçinin 1650 manat pulu itib. Pulu itən hərbiçi Yevlax rayon Polis Şöbəsinə şikayət edərək, Osmanlını oğurluqda ittiham edib. Polis əməkdaşları Tahiri hərbi hissədən götürüb şöbəyə aparıblar. Polis şöbəsində iki kapitan və bir mayor tərəfindən amansızcasına döyülüb. Nəticədə Tahir Osmanlı ağır bədən xəsarəti alıb və qabırğaları zədələnib”, deyə hüquq müdafiəçisi bildirib.

Çavuşun şikayətinə baxmayaraq, polislərə qarşı heç bir tədbir görülməyib, onun valideynləri Yevlax rayon Prokurorluğuna və DİN-ə şikayət ediblər, amma bu şikayətlər də nəticəsiz qalıb.

Polisin qanunsuz əməllərindən və Yevlax rayon Prokurorluğunun cinayət işi açmamaq qərarından məhkəməyə şikayət olunacaq, deyə Məmməd bildirib.

DİN-dən çavuşun atasına Daxili Araşdırmalar İdarəsinin rəisi Sahib Mirzəyevin imzası ilə məktub gəlib. Məktubda iddia olunur ki, araşdırma nəticəsində Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Tahir Osmanlıya qarşı qanunsuz əməllər törətməsi faktları müəyyən olunmayıb.

Ana səhifəXəbərlərƏsgərə polis bölməsində işgəncə verilib