Sərəncamı Alen Simonyan imzalayıb
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan vəzifəsindən azad edilib.
İstefa ilə bağlı sərəncamı Ermənistan prezidenti səlahiyyətlərini icra edən Alen Simonyan imzalayıb.
Onun hansı səbəbdən vəzifəsindən çıxarıldığı açıqlanmayıb.
Artak Davtyan ilk dəfə 2018-ci ilin mayında, hakimiyyət dəyişikliyindən sonra Baş Qərargaha rəhbərlik edib.
O, bu vəzifədə iki il işləyib.
2020-ci ilin iyununda pandemiya və karantin zamanı oğlunun toyu ilə bağlı yaranan qalmaqaldan sonra vəzifəsindən uzaqlaşdırılıb.
2021-ci ilin martında sələfi Onik Qasparyanın 40-a yaxın yüksək rütbəli zabitlə hökumətin istefasını tələb etdiyi üçün istefaya göndərildikdən sonra Davtyan yenidən Baş Qərargah rəisi təyin edilib.
Artak Davityan adı keçmiş müdafiə naziri David Tonoyanın cinayət işində də hallanıb.
2021-ci il sentyabrın 30-dan həbsdə olan David Tonoyan silahlı qüvvələrin ehtiyacları üçün sursat alarkən təxminən 4,5 milyon dolları mənimsəməkdə, Artak Davtyan isə ağır maddi nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.
Tonoyan 2018-ci ildə Müdafiə Nazirliyinin rəhbəri olub və 2020-ci ilin noyabrında vəzifəsindən uzaqlaşdırılıb.