”Hökumətin rəyi bu təşəbbüslə razılıq demək deyil”
Ermənistan hökumətinin iki deputatın “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması təşəbbüsü ilə bağlı rəyi ətrafındakı söz-söhbətlər yersizdir”.
APA-nın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilir ki, hökumətin rəyi bu təşəbbüslə razılıq demək deyil: “Ermənistan hansı halda Dağlıq Qarabağın müstəqilliyini tanıyacağını dəfələrlə açıq şəkildə bəyan edib. Etibarlı tərəfdaş kimi Ermənistan prezidenti bu kimi vacib qərarla bağlı əvvəlcədən öz həmkarlarını, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini məlumatlandıracaq”.
Mayın 5-də Ermənistan hökuməti “DQR”in müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsinə rəy verərək sənədi parlamentə göndərib. Sözügedən sənədi bu gün hökumətin iclasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan təqdim edib.