Ermənistan vətəndaşlarının məhkəməsində Bakı metrosunun partladılmasından danışıldı

“Azər Aslanov həmin vaxt Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub”

Source: Report.az


“Azər Aslanov həmin vaxt Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub”

Azərbaycanlı əsirlərə işgəncə verməkdə, ölkənin sərhədlərini qanunsuz keçmə və başqa əməllərdə ittiham olunaraq, Bakıda mühakimə olunan Ermənistanın iki vətəndaşının – Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəməsi davam edir.

İyunun 30-da Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə zərərçəkmiş qismində ifadə verən Zahid Həsənov bildirib ki, təqsirləndirilən şəxslərin hər ikisi ona əsirlikdə olduğu dövrdə işgəncə verib. Onun sözlərinə görə, Mkrtiçyan və Xosrovyanın işgəncələrinə Şuşa həbsxanasında olduğu dövrdə məruz qalıb: “Şuşa həbsxanasında siqaret çəkmək üçün xüsusi yer var. Orada mənə elə işgəncə verib bunlar, indi də yadıma düşəndə gözüm qaralır. Bunlar Azərbaycan dilini çox yaxşı bilir. Deyirlər ki, bizi tanımırlar, yalan deyirlər, yaxşı tanlyırlar”.

Zərərçəkmişin sözlərinə görə, o, əsirlikdə olduğu müddətdə Xankəndidə də saxlanılıb. Təqsirləndirilən şəxslər tərəfindən orada da döyüldüyünü iddia edən zərərçəkmiş bildirib ki, hətta rus jurnalist də bunun şahidi olub. Zahid Həsənov əlavə edib ki, Bakı metrosunda partlayış törətməkdə ittiham olunaraq, ömürlük azadlıqdan məhrum edilmiş və hazırda Qobustandakı qapalı həbsxanada saxlanılan Azər Aslanov da onunla birlikdə əsirlikdə olub. O iddia edib ki, Azər Aslanov həmin vaxt Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub və bundan sonra Bakıya qayıdaraq, partlayış törədib: “1994-cü ildə mən, Sergey, Azər Aslanov və başqa bir əsir Xankəndidə saxlanılırdıq. 5-6 erməni hərbçi gəldi, Azər Aslanovu komandirin otağını təmizləməyə apardı. Azər bir qədər sonra gətirib, yenə apardılar. Bir müddət sonra bildik ki, Azəri əməkdaşlığa cəlb ediblər. Onu Samvel Babayanın otağında təlimatlandırırdılar. Təlimat verənlərdən biri də elə Mkrtiçyan idi. Bir gün Sergey gəlib dedi ki, Azər daha otaq təmizləmir, onu ələ alıblar, ona otaq təmizlətdirmirlər. O hadisədən sonra Azərə istədiyi yeməyi verirdilər. Məlum oldu ki, ermənilərlə işbirliyinə gedib. Həmin il də Bakıda metronu partlatdı. Mən əsirlikdən gələndən sonra Sergeyi gülləyib öldürdüklərini eşitdim”.

Ötən məhkəmə iclasında ifadə verən təqsirləndirilən Alyoşa Xosrovyan bu dəfə prokurorun suallarını cavablandıraraq bildirib ki, 1988-1990-cı illərdə hərbçi kimi sərhəddə xidmət edib, postlarda olub. O müddətdə ayağından yaralanıb.

Xosrovyan dindirmə zamanı zərərçəkənləri tanımadığını bir neçə dəfə təkrarlasa da, məhkəmə zalında olan zərərçəkmişlər onun yalan danışdığını bildiriblər. Cavid Hüseynli şəxsən Alyoşa Xosrovyan tərəfindən işgəncəyə məruz qaldığını söyləyib.

Daha sonra məhkəmədə digər təqsirləndirilən Lüdvik Mkrtiçyana ifadə vermək təklif olunub. O, “sözüm yoxdur” deyib. Lakin prokurorun suallarını cavablandırmağa razılaşıb. Bildirib ki, 1969-cu il dekabrın 5-də Naxçıvanda anadan olub, 18 yaşına qədər orada yaşayıb. 1987-ci ildə Muxtar Respublikada orta məktəbi bitirdiyini deyən təqsirləndirilən şəxsin sözlərinə görə, 1987-89-cu illərdə hərbi xidmətdə olub. Daha sonra ailəlikcə Ermənistana köçüblər.

Mkrtiçyan iddia edib ki, zərərçəkmişləri ilk dəfədir görür, onlara işgəncə verməyib: “Alyoşanı da ilk dəfə burada görmüşəm. Mən 1993-cu ildən Ağdərədə olmuşam. Heç bir vəzifəm olmayıb. Sadəcə, səngərdə əsgər olmuşam. Təcrübəm yox deyə, bir dəfə posta çıxmışam. Oradakı evlərdə qarovul çəkirdim, yeməkxanalarda kömək edirdim. Mənə AK-74 silahı vermişdilər”.

Təqsirləndirilən şəxslərin tutulmasında iştirak etmiş Tural Davudov, Aydın Məmişov da məhkəmədə şahid kimi dindirilib.

Tural Davudovun sözlərinə görə, Alyoşa Xosrovyan Cəbrayıl rayonunda Azərbaycan hərbçilərini ermənilər zənn edərək, onlara tərəf gəlib: “Biləndə ki, Azərbaycan hərbçiləridir, maşına tərəf qaçıb silahı götürmək istədi, biz imkan vermədik”.

Aydın Məmişov da bildirib ki, 2020-ci il oktyabrın 4-də xidmətdə olarkən “UAZ” markalı avtomobilin onlara yaxınlaşdığını görüb. Dərhal həmin maşını mühasirəyə alıb saxlayıblar. Onun sözlərinə görə, maşının içindəki adam onları erməni zənn edərək, öz dillərində çağırmağa başlayıb: “Biz onu yaxalayanda bildi ki, erməni deyilik. Maşına baxış keçirdik, döyüşə hazır vəziyyətdə olan avtomatı götürdük”.

Şahidin sözlərinə görə, Alyoşa Xosrovyan saxlanılanda hərbi geyimdə idi.

Məhkəmə prosesi iyulun 7-də davam edəcək.

54 yaşlı Alyoşa Xosrovyan və 52 yaşlı Lüdvik Mkrtiçyan işgəncə vermə, qəsdən adam öldürmə və başqa ittihamları qəbul etmir. Yalnız Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə məsələsində özlərini təqsirli bilirlər.

Ana səhifəXəbərlərErmənistan vətəndaşlarının məhkəməsində Bakı metrosunun partladılmasından danışıldı