Ermənistan Rusiyadan hərbi dəstək istəyib

Armen Qriqoryan, Foto: https://www.aysor.am/

Armen Qriqoryan: “Azərbaycan Ermənistanın suveren ərazisinə hücum edir”

Ermənistan ərazi bütövlüyünün qorunması üçün Rusiyadan kömək istəyib.

“Azərbaycan Ermənistanın suveren ərazisinə hücum edir. Biz Rusiyadan xahiş edirik ki, ölkələrimiz arasında mövcud olan 1987-ci ildə (qarşılıqlı müdafiə) sazişə əsasən, Ermənistanın ərazi bütövlüyünü müdafiə etsin”.
Bu məlumatı “İnterfaks” Xəbər Agentliyi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana istinadən yayıb.

O, bunu Azərbaycanın hücumu ilə əsaslandırıb.

Armen Qruqoryan qeyd edib ki, bu, şifahi müraciətdir və o bu barədə Rusiya Federasiyasına yazılı müraciət də edəcək.

Armen Qriqoryan deyib ki, yaranmış vəziyyəti danışıqlar yolu ilə həll etmək istəyirlər.

“Əgər danışıqlar məntiqinə uyğun gəlmirsə, onda Rusiya bizə kifayət qədər hərbi yardım göstərsin ki, Ermənistan problemin həllinə nail ola bilsin”, – deyə o bildirib.

Noyabrın 16-da Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanla sərhəddə vəziyyətin gərgin olduğunu və “genişmiqyaslı təxribatları dəf etmək üçün” hərbi əməliyyatın aparıldığını bildirib.

Məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərini artilleriya və minaatanlardan atəşə tutur.

Nazirlik əlavə edib ki, Ermənistanın bəzi hərbi texnikalarını məhv ediblər.

Eyni zamanda, Azərbaycan tərəf bildirib ki, erməni hərbçiləri tərksilah edilərək saxlanılıb.

Qriqoryan isə deyib ki, bu gün günorta saat 1-də Azərbaycanın Silahlı Qüvvələri ölkənin şərq sərhədi istiqamətində hərbi əməliyyatlara başlayıb, bütün sərhəd boyunca vəziyyəti gərginləşdirməyə çalışıblar.

Onun sözlərinə görə, hazırda da döyüşlər davam edir.

Ermənistan Müdafiə Nazirliyinin ən son açıqladığı məlumatına görə, ölkənin şərq sərhədində vəziyyət son dərəcə gərgin olaraq qalır.

Həmin məlumatda bildirilir ki, Ermənistan iki döyüş mövqeyini itirib və itkilər var.

Ermənistan Müdafiə Nazirliyi ondan əvvəlki məlumatında isə 4 nəfərin yaralandığını bildirmişdi.

2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi başlayıb.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında döyüşlərin dayandırılması ilə bağlı atəşkəs razılaşması imzalanıb.

Bununla Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSiyasətErmənistan Rusiyadan hərbi dəstək istəyib