JAMnews-un məqaləsi
Ermənistan müxalifəti elan edib ki, Ermənistanı və Dağlıq Qarabağı hakimiyyətin “fərsiz” siyasətindən qorumaq üçün aprelin 25-i, bazar ertəsi permanent küçə aksiyalarına başlayır. Hərəkat aprelin əvvəli iki müxalif parlament fraksiyasının Dağlıq Qarabağa dəstək məqsədilə müştərək aksiyasını keçirib. Onların liderləri bəyan edib ki, Baş nazir Nikol Paşinyan “ərazilərin verilməsi və sülh yalvarışları ilə ziyanlı siyasət” aparır. Onlar bunun əvəzinə müdafiə bacarığını möhkəmləndirməyi təklif ediblər.
Sonra onların fəaliyyəti bölünüb, müxalifətçilər mərkəzsizləşmiş mübarizə aparacaqlarını söyləyiblər. Hərçənd onların məqsədi birdir: xalqı küçələrə çıxarmaq və hakimiyyəti getməyə məcbur etmək. 2018-ci ildə “məxməri inqilab”ın lideri, o zaman müxalifətçi olan Nikol Paşinyan da hakimiyyəti dəyişmək üçün bu prinsipi seçmişdi.
Bugünkü müxalifət iki qanada ayrılıb. Birinin başında inqilab nəticəsində hakimiyyəti itirmiş sabiq prezident və baş nazir Serj Sarqsyan durur. İkinci qanad eks-prezident Robert Koçaryanla assosiasiya olunur.
Bununla yanaşı, müxalifət liderləri təsdiqləyirlər ki, onlar hakimiyyətə gəlmək üçün deyil, hazırkı hakimiyyətin getməsi uğrunda mübarizə aparırlar. Ən əsası, hələ ki müxalifətin hazırkı hakimiyyətin siyasətinin yerinə məhz nə təklif etdiyi məlum deyil.
Hər şey Paşinyanın bəyanatı ilə başladı
Etiraz dalğasına və ictimaiyyətdə çaşqınlığa səbəb Ermənistan Baş nazirinin aprelin 13-də parlament tribunasındakı bəyanatı olub. Nikol Paşinyan bəyan edib ki, beynəlxalq ictimaiyyət Ermənistandan Azərbaycanın ərazi bütövlüyünü tanımasını, “Dağlıq Qarabağın statusu ilə bağlı erməni tərəfinin plankanı aşağı salmasını” gözləyir.
Bu bəyanatı təkcə müxalifətçilər deyil, həm də ekspert cəmiyyətinin böyük bir hissəsi tənqid atəşinə tutub. Ölkədə yenidən “Ermənistanın maraqlarına xəyanət edilməsi” və “ərazilərin Azərbaycanla Türkiyəyə verilməsi ilə bağlı Baş nazirlə razılığa gəlinməsi” barədə söz-söhbət getməyə başlayıb. Ötən il mayın sonunadək beynəlxalq ictimaiyyətin bu cür gözləntiləri olmayıb, sabiq xarici işlər naziri Ara Ayvazyan jurnalistlərə deyib:
“Mənim zamanımda belə bir şey olmayıb. Yadınızdadırsa, dekabrın 3-də və aprelin 13-də həmsədrlər (ATƏT-in Minsk qrupu, 2020-ci il müharibəsinədək Qarabağ münaqişəsi üzrə sülh danışıqlarının vasitəçiləri) tərəfindən bir neçə bəyanat verilib. Zənnimcə, onların bu bəyanatlarda vurğuladıqları bizim milli və dövlət maraqlarımıza tamamilə uyğun olub”.
Paşinyanın tənqidə cavabı
Paşinyan öz ünvanına olan tənqidə cavab olaraq deyib ki, ictimaiyyətdə yanlıq təəssürat yaranıb, onun bəyanatı ermənilərin Qarabağdan getməsini nəzərdə tutmur:
“Biz deyirik ki, adamlar Qarabağı tərk etməməlidirlər, onlar Qarabağda yaşamalıdırlar, onların hüquqları, azadlıqları, statusu olmaldır”.
Baş nazirin sözlərinə görə, onun siyasi yanaşması “xalqı qurbanlıq quzu statusundan çıxarmaq” imkanını yaradacaq:
“Ermənistan suveren dövlətdir və biz qərar qəbul etmək hüququnu özümüzə qaytarmalıyıq. Biz tövlə deyilik, biz ölkəyik. Biz müxtəlif yerlərdə (ölkələrdə) neçəmizi saxlayıb, neçəmizin kəsilməsi qərarı verilən qurbanlıq qoyunlar deyilik, biz vətəndaşlarıq. Bəli, biz qürurluyuq. Bizim qanımız tökülür, lakin bizim şərəfimiz var. Və biz qərar qəbul etmək hüququmuzun əlimizdən alınmasına imkan verməyəcəyik”.
Avropa İttifaqı Baş naziri dəstəkləyib
İctimaiyyətdə beynəlxalq ictimaiyyətin “plankanın aşağı endirilməsini” gözləyib-gözləməməsi ilə bağlı yaranan şübhələri Aİ-nın Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaar dağıdıb. O, Ermənistanın Baş nazirinin bu bəyanatını “mühüm və uzaqgörən” kimi qiymətləndirib:
“Hərtərəfli tənzimlənmə yolunda hələ çox çağırış var, lakin ən əsası irəli getməkdir. Ermənistan ədalətli sülh axtarışında Aİ-nin dəstəyindən istifadə edir”, – diplomat öz “Twitter” hesabında yazıb.
Oturaq tətil digər aksiyalarla əvəzlənəcək
Müxalifət hərəkatının aktiv fazası aprelin 17-si başlayıb, həmin vaxt parlamentin “Şərəfim var” müxalif fraksiyasının lideri Artur Vanesyan Yerevanda Azadlıq meydanında oturaq tətilə başlayıb. O bəyan edib ki, “evə qayıtmağa hazırlaşmır”, belə ki, “böhranlı an gəlib çatıb”, hazırda nə məqalələrlə, nə sosial şəbəkədəki postlarla, nə də çıxışlarla heç nəyə nail olmaq mümkün deyil. Maraqlıdır ki, o, öz aksiyasına Moskvaya gedib gələndən sonra başlayıb, hərçənd özü bu hadisələr arasındakı əlaqəni rədd edir.
Müxalifətçi elan edib ki, Paşinyan hökuməti “Artsaxdan getməyə” hazırlaşır, Vanesyanın məqsədi isə nu niyyətlərin qarşısını almaqdır:
“ Nikol Paşinyanın hökumətində artıq Artsaxın (ermənilər Qarabağı belə adlandırır – red) Azərbaycanın bir hissəsi ola bilməsi ilə bağlı danışmağa və bu yöndə təbliğat aparmağa başlayıblar. Və əgər indi Ermənistan daxilində qarşıdurma olmazsa, əgər biz Paşinyan hökumətini devirməyə çalışmazsaq, bu proses mütləq baş tutacaq”.
İndi Vanesyan artıq aprelin 25-dən mübarizənin ikinci mərhələsi barədə xəbər verib:
“Biz hamımız birgə küçələrə çıxacağıq və öz permanent aksiyalarımız, itaətsizlik aksiyalarımızla hakimiyyət üçün elə şərait yaradacağıq ki, onlar geri çəkilmək, öz dağıdıcı planlarından əl çəkmək məcburiyyətində qalsınlar”.
“Şərəfim var” fraksiyasının tərkibində iki partiya var: rəhbəri Artur Vanesyan olan Vətən və lideri eks-prezident Serj Sarqsyan olan Ermənistan Respublika Partiyası.
”Hayastan” fraksiyası “satqın hakimiyyəti kənarlaşdırmaq” niyyətindədir
Parlamentin digər müxalif qüvvəsi, “Hayastan” (Ermənistan) fraksiyası sabiq prezident Robert Köçəryanla assosiasiya olunur. Bu siyasi qüvvə “Şərəfim var” fraksiyasından ayrı fəaliyyət göstərir, lakin onun liderləri əmindirlər ki, işləyib hazırladıqları plan mütləq hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq.
“Hayastan” fraksiyasının nümayəndəsi, parlamentin spiker müavini İşxan Saqatelyan xalqa videomüraciət edib:
“Ölkəmiz elə bir vəziyyətə gəlib çıxıb ki, əgər bu vəziyyət davam edərsə, Ermənistan və Artsax üçün növbəti mərhələ dağıdıcı olacaq. Biz təkcə Vətənimizin ərazisinin yenidən güzəştə getməsi təhlükəsi ilə deyil, həm də ümumilikdə dövlətçiliyimiz itirmək təhlükəsi ilə qarşı-qarşıyayıq. Hərəkətə keçmək vaxtı gəlib.
Mən elan edirəm ki, biz bütün komandamız, bütün ehtiyatlarımız, minlərlə həmvətənlərimiz və tərəfdarlarımızla birlikdə hakimiyyətin fəlakətli siyasətinin aradan qaldırılması üçün küçə mübarizəsinə çıxırıq. Bu, hakimiyyət uğrunda mübarizə deyil, bu, erməni Artsaxı, dövlətçilik, erməni xalqının mövcudluğu uğrunda mübarizədir”.
Qarabağ müharibəsi iştirakçılarının aclığı
Vanesyan oturaq tətilə başladıqdan sonra, ertəsi gün 2022-ci ildə Qarabağ müharibəsində iştirak etmiş iki gənc müddətsiz aclıq elan edib. Nver Kirakosyan və Artur Avaqyan bəyan edib ki, məqsədləri Dağlıq Qarabağ və Ermənistanı müdafiə etməkdir və bunun üçün onlar “gəncliyi qəflət yuxusundan” oyatmaq niyyətindədirlər.
Bu, Ermənistan “qardaş və bacıları”nın və diasporanın ermənilərin Dağlıq Qarabağın təyini-müqəddəratı uğrunda mübarizəsini dəstəkləməyə, “DQ statusu üzrə plankanın aşağı düşməsinə” imkan verməməyə çağırıb.
Nver və Arturun “Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” petisiyasına 2200 adam qol çəkib. Onların arasında Qarabağ müharibəsi iştirakçıları və həmin müharibədə həlak olmuş əsgərlərin valideynləri də var.
Aksiya beş gün çəkib, sonra onun iştirakçıları aclığı dayandırdıqlarını elan ediblər.
“Petisiyaya qol çəkənlərin və bu meydanda dayanan insanların sayını gördükdən sonra hesab edirik ki, aclığın məqsədinə – müstəqillik nəslinin nümayəndələrini oyandırmaq – bu mərhələdə nail olunub. Lakin biz bilirik ki, adamlar burada toplananlardan çoxdur. Biz onlarla da görüşüb danışmalıyıq. Beləliklə, biz Arturla belə qərara gəldik ki, burada oturmaqla məhdudlaşmamalıyıq”, – Nver Kirakosyan deyib.
Sosial şəbəkələrdə şərhlər
Müxalifətin yetərincə tərəfdar toplayıb-toplaya bilməyəcəyi barədə mülahizə yürütmək hələ ki çətindir. Hərçənd son zamanlar hazırkı baş nazirin məşhurluq reytinqi xeyli aşağı düşüb. Ekspertlərin şübhəsini ilk növbədə bu fakt çəkir ki, hakimiyyətin dəyişməsinə çağıran müxalifət xalqın 2018-ci ildə imtina etdiyi “sabiq hakimiyyətdir”.
İnsanlar nə düşünür – sosial şəbəkələrdəki şərhlər:
“Artur Vanesyanın aksiyasının arxasında Rusiya dayanır. Paşinyanın çıxışı Rusiyaya qarşı olub. O, Rusiyanın adını çəkməyib, lakin onun hansı ölkə barədə danışdığı gün kimi aydın idi. Paşinyanın sözlərindən belə başa düşdüm ki, Rusiya Ermənistan üçün faciəli olan hadisələrdə fəal iştirak edib və biz digər ölkələrin əlində qurbanlıq qoyun deyil, dövlət olmalıyıq. Bundan sonra Vanesyan mübarizəyə başladı. Onun və məsləkdaşlarının bir məqsədi var – Kremlə lazım olan şeyləri etmək”.
“Paşinyan bir daha maskasını çıxardı və həqiqi üzünü göstərdi, lakin hələ də minlərlə insan onun manipulyasiyalarını heyrətlə dinləməkdə davam edir. O, həmişə eyni şey deyir: hər şeydə günahkar keçmişdəkilərdir, o isə qüsursuz və təmizdir. Küçələrə çıxın və yalanla mübarizəyə dəstək olun”.
“Hər iki müxalif qüvvə hakimiyyətə qayıtmaq istəyir. Onları puldan və xalqı yenidən qarət etmək üçün taxta oturmaqdan savayı heç nə maraqlandırmır”.
“Küçə aksiyaları yalnız yeni ideyalar gətirdiyi və bu ideyaları xarizmatik liderlər təqdim etdiyi halda effektli ola bilər. Bu amillər olmadığı təqdirdə hərəkatın uğurunu təsəvvür etmək çətindir”.