Ermənilər Kəlbəcərdə “Sidney” adlı qəsəbə salmağı planlaşdırır

XİN: “Bu planlar MDB Düşənbə sammiti zamanı əldə edilmiş ikitərəfli razılaşmalara ziddir”

Source:
İşğal olunmuş Kəlbəcər rayonundan bir görüntü
İşğal olunmuş Kəlbəcər rayonundan bir görüntü

Ermənistan mediası Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda “Sidney” adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barəsində məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, bu planlar MDB Düşənbə sammiti zamanı əldə edilmiş ikitərəfli razılaşmalara ziddir: “Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin davam etdirilməsi münaqişənin həlli istiqamətində beynəlxalq səylərə xələl gətirir. Bu kimi əməllər Ermənistanın sözü ilə əməlləri arasında ziddiyyətin olduğunu, bu ölkənin qeyri-konstruktivliyini və münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə nümayiş etdirir.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən məskunlaşmanın aparılması, demoqrafik vəziyyətin dəyişdirilməsi və digər bu kimi qeyri-qanuni əməllərin həyata keçirilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır”. (“Turan” İA)

Kəlbəcər 1993-cü il, aprelin 2-də işğal olunub. Rəsmi statistikaya görə, rayon döyüşlərdə 217 nəfər şəhid verib, 49 nəfər əlil olub. Kəlbəcərin 132 qəsəbə və kəndi var. Rayonda 87 tarixi abidə, 134 mədəni-məişət obyekti və 29 sənaye, tikinti obyekti olub.

Ana səhifəXəbərlərErmənilər Kəlbəcərdə “Sidney” adlı qəsəbə salmağı planlaşdırır