Erməni tərəfinin videoçəkiliş aparılmasının qarşısı alınıb
Təmas xəttini 22 mart 2015-ci il tarixdə keçən erməni əsgər bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.
BQXK-nın Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında baş verib.
BQXK saxlandığı dövr ərzində bu şəxsə mütəmadi olaraq baş çəkərək onun saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirib və ailəsi ilə əlaqə yaradılmasında yardımçı olub.
Azərbaycan tərəfinin qərarından sonra BQXK neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq və bütün tərəflərlə əməkdaşlıq şəraitində bu qaytarılmanın həyata keçirilməsinə yardımçı olub. Əməliyyatdan əvvəl BQXK-nın nümayəndələri bu hərbi əsirə baş çəkərkən o, geri dönmək arzusunu bildirib.
Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq, BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.
1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan bu il martın 22-də öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan hərbçilərinə təslim olub.
Humanitar proses zamanı əvvəlcədən əldə edilmiş razılığa baxmayaraq, erməni tərəfindən prosesdə iştirak edən şəxslərin videoçəkiliş apardığı aşkar edilib. Bununla bağlı Dövlət Komissiyasının əməkdaşları BQXK-ya müraciət edib və videoçəkilişin aparılmasının qarşısı alınıb.