Erməni bloger və dostu Bakıda məhkəmə qarşısına çıxarıldı

Gevorq Sujyan və David Davtyan dövlət hesabına vəkillər və tərcüməçi ilə təmin olunub

Source: Youtube screen

Gevorq Sujyan və David Davtyan dövlət hesabına vəkillər və tərcüməçi ilə təmin olunub

Noyabrın əvvəlində Kəlbəcərdən – İstisudakı su hövzəsindən dostu ilə birlikdə video çəkib paylaşan və orada azərbaycanlıların ünvanına aşağılayıcı fikirlər səsləndirən erməni bloger Gevorq Sujyan Bakıda məhkəmə qarşısına çıxarılıb. O, dostu David Davtyanla birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Onlara Cinayət Məcəlləsinin 228 (qanunsuz silah saxlama), 276 (casusluq), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində iştirak) və 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələrilə ittiham verilib.

İyulun 14-də hakim Əli Məmmədovun sədrliyilə məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah olunub. Gevorq Sujyan və David Davtyan dövlət hesabına vəkillər və tərcüməçi ilə təmin olunub.

Məhkəmə baxışı iyulun 26-a təyin edilib.

Gevorq Sujyan noyabrın ilk günlərində İstisudan dostu ilə birlikdə çəkdiyi videonu özünün “Facebook” hesabında paylaşmışdı.

“Biz indi İstisuda üzürük. Tezliklə Bakıya gəlib, Xəzərdə  də üzəcəyik…“, – onun sözügedən videoda səsləndirdiyi fikirlərdən biridir.

Bu videonu sonradan “Facebook”da minlərlə başqa istifadəçi də paylaşmışdı.

Blogerliklə yanaşı, “Yeni Ermənistan-Vətən” adlı diaspor təşkilatının da rəhbəri olan Gevorq Sujyan dostu David Davtyanla birlikdə noyabrın 9-da Azərbaycan silahlı qüvvələri tərəfindən Şuşada saxlanılıb.

Erməni tərəfi isə iddia edir ki, onlar müharibə başa çatandan sonra münaqişə zonasına humanitar məqsədlə getmişdi, həmin vaxt Laçın-Şuşa yolunda əsir götürülüblər.

Ana səhifəSiyasətErməni bloger və dostu Bakıda məhkəmə qarşısına çıxarıldı