“İşdən çıxarılan bəzi MTN rəsmilərinin
SEPAH-a yaxın biznesmenlərlə də çox sıx əlaqələri olub”
Siyasi gündəm prezidentin 17 oktyabr sərəncamı olsa da, Aşura mərasimi ilə bağlı həbslər siyasi rəngləri bir qədər tündləşdirdi. Bu məqsədlə yaranmış siyasi situasiyanı Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu ilə müzakirə etdik.
– Ərəstun bəy, prezident İlham Əliyevin 17 oktyabr sərəncamından sonra ictimai-siyasi diqqət MTN üzərində fokuslaşmışdı. Amma ötən həftənin sonu Aşura ilə bağlı Bakı və Gəncədəki həbslər diqqəti bir qədər fərqli istiqamətə yönəltdi. Sizcə, bu siyasi gündəmi dəyişmək istəyi idi, yoxsa təsadüf?
– Mən elə düşünmürəm, MTN-lə bağlı gündəm hələ xeyli davam edəcək. Çünki ciddi və ağır qanun pozuntuları səbəbindən proses dayanmayacaq, ortada sübutlar olmadığından hələ baş verənlərə cinayət demirəm. Amma bu qədər MTN rəsmiləri elə-belə həbs olunmayıb, ortada bunun üçün çox ciddi faktlar olub.
– Əgər həbslər varsa, deməli, cinayət də var?
– Mən belə deyərdim, cinayət araşdırması var. Gəncədəki hadisə və Bakıdakı həbslər isə gündəmi dəyişmək cəhdi yox, hakimiyyətin illər boyu yürütdüyü siyasətin fəsadlarıdır və artıq hakimiyyət özü də bu fəsadlardan xoflanmağa başlayıb. SSRİ dağıldı və müstəqilliyimizi qazandıqdan sonra dini fəallıq artmağa başladı, amma bu, təkcə insanların öz inancına qayıtması ilə deyil, həm də xaricdən idarə olunan məzhəbçi, şəriətçi qruplaşmaların fəallığının artması ilə müşayiət olundu. O cümlədən, bir neçə ölkə bu sahədə çox fəal şəkildə hərəkətə keçdi. Bunların arasında İran, Səudiyyə Ərəbistanı, Türkiyə və hətta Rusiya da var. Hakimiyyət siyasi arenanı müxalifət və vətəndaş cəmiyyətindən tam təmizlədikdən sonra meydan həmin din pərdəsi arxasında fəaliyyət göstərən cərəyanların sərəncamına keçdi. Artıq hökumət onları özünə ciddi opponent görməyə başlayır.
– Bəlkə hakimiyyət özü meydanı onlara verdi…?
– Elə də demək olar. Bilmirəm, bu, nə dərəcədə məqsədli oldu, amma hakimiyyətin fəaliyyətinin nəticəsi olaraq vəziyyət indiki həddə gəlib çıxdı. Hazırda hakimiyyət dindarları özünə opponent görür. Yəqin Azərbaycan hakimiyyəti siyasi müxalifəti və vətəndaş cəmiyyətini sıradan çıxaranda bu qruplaşmaların fəallaşacağını təsəvvür eləmirdi. Bunu hesablamaq, araşdırmaq, nəzarətdə saxlamaq isə həmin Milli Təhlükəsizlik Nazirliyinin funksiyası idi. Bu işləri görməli olan bir neçə dövlət institutu var ki, onlardan biri də məhz MTN idi. Siz siyasi gündəmin dəyişməsinə toxundunuz, amma mən bunu gündəmin davamı hesab edirəm. Çünki Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifədə olmuş rəsmiləri İranın dini, hakimiyyət və kəşfiyyat dairələrinə yaxın iş adamları ilə biznes əlaqələrində olublar deyə bütün bu məqamlara barmaqarası baxıblar.
– Dediklərinizi təsdiqləyən faktlarınız varmı?
– Əlbəttə var. Mən indi bunları səsləndirmək istəmirəm. Ən azından belə faktlar var ki, MTN-nin kifayət qədər yüksək rəsmilərinə iranlı biznesmenlər ev də tikib hədiyyə veriblər. Yəqin ki, Wikileaks yazışmalarını xatırlayırsınız, ABŞ səfiri Vaşinqtona yazdığı hesabatlarında bir çox Azərbaycan rəsmilərinin İranın İnqilab Keşikçiləri Korpusuna yaxın əlaqələrinə toxunurdu. Bunların hamısı həqiqət idi və bu həqiqətləri ölkənin özündə də bilənlər, görənlər az deyildi. Belə olan halda da onlar öz biznes maraqları naminə İranın Azərbaycandakı dini fəaliyyətinə “göz yummalı” idilər və belə də ediblər. Bəlkə də indiki gedişat elə bununla əlaqəli prosesdir.
– Bir neçə il əvvəl Azərbaycanı sionizmin qərargahı hesab edən İranın dini liderlərindən Həmadani ötən ay Azərbaycana gəldi və dindarlar onun qarşısında təzim edib əlindən öpdülər. Amma Beynəlxalq Amnistiya Təşkilatının nümayəndələri Bakıya buraxılmadı. Bu münasibəti necə şərh edərdiniz?
– Bəli, Ayətullah Nuri Həmədani 2013-cü ildə məhz belə bir siyasi bəyanat səsləndirmişdi və bu da mediada öz əksini tapmışdı, amma mən başqa bir fakta da diqqət çəkmək istərdim: Bu gün Azərbaycanda artıq bir dənə də olsun Qərb institutu fəaliyyət göstərmir, beynəlxalq statuslu qurumlar ölkədən çıxarılıb, hətta əksəriyyəti haqda saxta cinayət işləri açılıb. Amma İranın 40-dan yuxarı humanitar, mədəni və s. adlar altında fəlaiyyət göstərən təşkilatı Azərbaycanda rəsmi qeydiyyatdadır. Onlar açıq şəkildə fəaliyyət göstərirlər, amma hakimiyyət bunu təhlükə kimi görmür. Düşünürəm ki, keçmiş MTN rəhbərləri zamanında məqsədli şəkildə hakimiyyətin qəzəbini Qərbə yönəltməklə Rusiya və İranın Azərbaycandakı fəaliyyətini kölgədə saxlamağa xidmət ediblər. Bu gün onların həmin fəaliyyəti də ciddi təhqiqat predmeti olmalıdır, çünki bu, ölkənin milli təhlükəsizliyi məsələsidir.
– Ancaq sabiq nazir Eldar Mahmudovun Qərbə daha yaxın olduğu söylənilirdi…
– Yalandır.
–
Bu fikri təsdiqləmək üçün radikal dini qrupların üzvlərinin həbsini misal çəkirlər…
– Dediyiniz dezinformasiyadır, həmin qrupların üzvlərinin böyük əksəriyyəti bu yöndə faktlar “şişirdildikdən” sonra həbs olunub. Bir sıra hallarda da həmin adamlar sadəcə şərlənib həbs ediliblər. Necə ki gənclər təşkilatlarının nümayəndələrini, QHT üzvlərini MTN şərləyib tuturdusa, həmin qaydada da dindarların bir hissəsini həbs ediblər. Məsələn, 2007-ci ildə “Səid Dadaşbəylinin dəstəsi” adı ilə tanınan dindarlara qarşı əməliyyat keçirib bir qrup gənci həbs etdilər və məhkəmələri də qapalı keçirildi. Prosesin qapalı keçirilməsi də baş verənlərin şər-böhtandan, saxta işdən başqa bir şey olmadığını göstərir. Maraqlıdır ki, həmin gəncləri İran kəşfiyyatına işləməkdə suçladılar, halbuki onlar açıq şəkildə antiiran mövqeyi sərgiləyən gənclər idilər və İranın da həmin ittihama susqunluq göstərməsi dediklərimə işarə edir. Bu tip əməliyyatlar dindarlara qarşı da keçirilib, amma görünür selektiv şəkildə aparılıb. Ona görə də Azərbaycanda siyasiləşmiş radikal qrupların fəaliyyəti üçün gözəl zəmin yaranıb və bu reallıq artıq hakimiyyətin özünü qorxutmağa başlayıb. Təsadüfü deyildi ki, məhz MTN rəhbərliyinin dəyişməsindən və bəzilərinin həbsindən sonra Gəncədəki hadisə baş verdi. Mən bu mənada baş verənləri siyasi gündəmi dəyişmək yox, gündəmin davamı kimi qeyd etdim. Çünki həmin MTN rəsmilərinin də SEPAH-a yaxın biznesmenlərlə çox sıx əlaqələri olub. Bu barədə əlimizdə onlarla fakt var. Hesab edirəm ki, istintaq orqanlarının da bu barədə məlumatı var, sadəcə, zəhmət çəkib araşdırmaq lazımdır.
– MTN-nin həbs olunan rəsmilərindən biri, Antiterror İdarəsinin rəis müavini İlqar Əliyevin adı Azərbaycanın media və siyasi dairələrinə yaxşı tanışdır. Nə qədər jurnalist, siyasi fəalın həbsində və onlara işgəncə verilməsində bu adamın adı hallansa da, siyasi partiyalar bu barədə nədənsə susur, səbəb nədir?
– Problem ondadır ki, bu gün siyasi partiyalar inert vəziyyətdədir. Bəli, müxalifət fəallarına, NİDA-çılara, vaxtilə Emin Milli və Adnan Hacızadəyə, jurnalistlər Xədicə İsmayıla, Rauf Mirqədirova qarşı əməliyyatlar adını xatırlatdığınız idarədə planlaşdırılıb. Rəis müavini İlqar Əliyev də bu planların gerçəkləşməsində bilavasitə iştirak edib. Düşünmürəm ki, həmin qurumun fəaliyyətində baş alıb gedən qanunsuzluq və cinayətlərdən idarənin rəisi Elçin Quliyevin məlumatı olmayıb və istintaqın ona da gəlib çıxacağını güman edirəm.
–
Hələ onun adı çəkilmir…
– Hələ çox şeylər ola bilər, bir qədər gələcəyə baxaq. Məncə, bir neçə nəfər də “vurulacaq”. Bəli, razıyam ki, siyasi partiyalar da, elə gənclər təşkilatları da bu məsələni qaldırmırlar. Artıq faktlarla sübut olunub ki, Antiterror İdarəsi öz fəaliyyətinə aid olmayan işlərlə məşğul olub. Bu gün iş adamları ilə bağlı məsələlər araşdırılır, siyasi fəalların izlənilməsi, təqibi, həbsi gizlədilməyə çalışılır. Təbii ki, bunun siyasi səbəbləri var, çünki bütün siyasi sifarişlər hakimiyyətin ən yuxarı pilləsindən gəlib, MTN-nin Antiterror İdarəsi isə bunların icraçısı olub. Amma istənilən halda idarə rəsmiləri cinayət törədiblər, insanlara qarşı şərləmə, işgəncə, böhtan, saxta cinayət işi açmağın özü də cinayətdir. Bütün bunlar da yalnız cəmiyyətdən ciddi təpkilər olacağı halda araşdırılacaq. Siyasi kəsimə gəlincə, onların başı dindarların könlünü almağa qarışıb. Bəziləri düşünür ki, dindarların fəallığı başlayıb və guya onların könlünü almaqla bu qruplardan dəstək ala biləcəklər. Ancaq yaxın tarix göstərir ki, bunlar hamısı səmərəsiz cəhdlərdir. Ona görə ki, inanclı kəsimin siyasiləşmiş hissəsi konkret mərkəzlərdən idarə olunur və onlar heç vaxt dünyəvi kəsimə dəstək verməyəcəklər. Xatırlayırsınızmı, İrandan dəstək alan dini qruplaşmalar Xədicə İsmayılın həbsini alqışlayıb bunu toy-bayram kimi qeyd edirdilər? Bu, sosial şəbəkələrdə açıq şəkildə görünürdü. Unutmayaq ki, İran dövlətində din hakimiyyət deməkdir və orada dini təhsil almış gənclərin bir hissəsi də həmin dövlətin sifarişlərini yerinə yetirir, elə bu səbəbdən də belələri istənilən demokratik, dünyəvi düşüncəli insanın qanına susamağa hazırdılar.
–
Amma Xədicə İsmayılı müdafiə edənlər də oldu, məsələn, Taleh Bağırzadə…
– Mən İranın siyasi və kəşfiyyat dairələrinə bağlı insanlarını nəzərdə tuturam, bu məsələni ümumləşdirmək ədalətsizlik olardı. Çünki dini kəsimin özü də çox rəngarıngdir. Tale Bağırzadəni sırf siyasi fəaliyyəti olan vətəndaş kimi qəbul edirəm, hər halda, o, hakimiyyətin siyasətinə etirazını bildirir və digər tərəfdən də ateist olmasına rəğmən, Xədicə xanım da haqqı pozulan, şərlənən bütün dindarların müdafiəsinə qalxıb, etiraz səsini ucaldıb, o cümlədən də Tale Bağırzadə şərlənib tutulanda. Amma digərləri var ki, onlar liberal, demokratik düşüncəli insanların həbsini alqışlayır və hətta həbs olunanlar barəsində şər, böhtan və təhqirlərlə dolu ifadələr də işlədirlər. Məhz onlar da öz ağalarının tapşırığına əsasən hakimiyyətə loyallıq göstərmələri səbəbindən iqtidar bugünə qədər o cür adamlara toxunmayıb. Onlar nəinki hakimiyyətə loyallıq göstəriblər, hətta aparılan repressiya siyasətini müxtəlif bəhanələrlə alğışlayıblar da. Ona görə də bu gün özünü demokratik düşüncə sahibi hesab edən deputatlığa namizədin, partiya rəsmisinin və ya vətəndaş fəalının inanclı insanların hissləri ilə oynaması riyakarlıqdan başqa bir şey deyil. Bu, çox yanlış siyasi yanaşma olduğundan özünü də heç zaman doğrultmayacaq. Çünki inanclı insan evində oturub öz gündəlik qayğılarını çəkməklə, məsçidə gedib ayinlərini icra etməklə məşğuldursa, siyasiləşmiş kəsim isə konkret mərkəzlərdən idarə olunur və oradan gələn sifarişlər əsasında hərəkət edir. Təbii ki, burda da istisnalar var, amma çox təəssüf ki, bunu az sayda fəal dindara şamil etmək olar.
–
Qayıdaq 17 oktyabr sərəncamının yaratdığı situasiyaya. Eldar Mahmudovun azad olunması ilə iş adamlarının şikayətləri, qarşılaşdıqları olaylar sosial şəbəkələri və medainın əsas mövzusuna çevrilib. Sual yaranır, prezident Əliyevin doğrudanmı bunlardan xəbəri olmayıb? Axı, iş adamları ona şikayət-müraciətlərini göndərdiklərini deyirlər…
– Əgər ölkə başçısı özünün təyin etdiyi milli təhlükəsizlik naziri barədə 11 ildə daxil olan məlumatlara barmaqarası baxıbsa, bu, çox pis, yox, əgər onun əməlləri haqda məlumatı olmayıbsa, bu, ondan da pis. Bu, heç bir halda bəraət qazandırılmalı məsələ deyil. Çünki həmin MTN əməkdaşlarının neqativ, qeyri-qanuni fəaliyyəti haqqında hətta ticarət mərkəzlərində və bazarlarda da danışırdılar. Təkcə bizim “Şərq-Qərb Araşdırmalar Mərkəzində” MTN rəsmilərinin fəaliyyəti barədə yüzlərlə faktlar toplanıb. Necə yəni dövlət başçısının bu barədə məlumatı yox idi?! Mən bu versiyanı istisna edirəm, dövlət başçısının məlumatı olub, amma onların hakimiyyəti qoruduqları əsas götürülərək, bütün bu əməllərə göz yumulub. İndi də görünür ki, həmin şəxslər sadəcə hansısa həddi keçdiklərindən cəzalandırıldılar. Hansı həddi keçiblər, bax, bəlkə zamanında bu məsələni biləcəyik. Amma bu cür kütləvi cəzalandırma tədbiri məhz ona işarədir ki, bu adamlar həddi keçiblər.
– Siyasi, yoxsa iqtisadi həddi keçiblər?
– Məncə, hər ikisi. Başqa bir məqam, cəzalandırma tədbirinin bu şəkildə həyata keçirilməsi Azərbaycan dövlətçiliyinə ikinci zərbədir. Birinci zərbə MTN-nin rəhbərliyinə bu orqandan xəbəri olmayanların gətirilməsi idi. İkinci zərbə cəzalandırmanın bu şəkildə həyata keçirilməsidir, çünki bunun nəticəsində ölkənin təhlükəsziliyinə cavabdeh dövlət orqanı “gözdən salınır”. 11 il ərzində bu orqanın rəhbərlərinin cinayətkar əməllərindən xəbərsiz olub, vətəndaş kimi MTN-ə yardım edən insanlarda baş verənlərin bu şəkildə açıqlanması xof və ikrah hissi yaradır, cəmiyyətdə dövlətin mühüm bir institutuna etimad itir və bu da dövlətin, millətin təhlükəsizliyi baxımından son dərəcə təhlükəli amillərdir. Buna görə də MTN-nin yeni rəhbərliyi qarşısında yaxın zamanlar üçün ən azı iki ciddi vəzifə durur: orqanın fəaliyyətini sağlamlaşdıraraq, onun işini qanunlar çərçivəsində səmərəli qurmaq və MTN-nin ictimai rəydə ciddi şəkildə zədələnmiş imicini bərpa etmək. Bunların hər ikisi bir-birilə sıx əlaqəli olmaqla yanaşı, həm də dövlətin, müllətin təhlükəsizliyinin təmin olunması üçün həyati əhəmiyyət kəsb edən məsələdir. Xüsusilə də dünyada baş verən təlatümlərin sürətlə sərhədlərimizə yaxınlaşdığı, Azərbaycanın hər tərəfdən sıxıldığı bir dönəmdə bu işlər təkcə MTN rəhbərliyi üçün deyil, bütövlükdə dövlət, cəmiyyət üçün prioritet təşkil etməlidir, çünki xüsusi xidmət olqanlarının başlıca vəzifəsi dövləti, cəmiyyəti, vətəndaşları terror və bu kimi təhlükəli cinayətlərdən qorumaqdır.
–
Ancaq başqa bir sual da var, məgər o biri nazirliklərin fəaliyyəti kristaldırmı?
– MTN-lə başqa nazirlikləri bir tərəziyə qoymaq olmaz. Çünki digər nazirliklərin işi büdcədən oğurluqla, vətəndaşları soymaqla kifayətlənirsə, MTN-nin başlıca vəzifələrindən biri hakimiyyəti qorumaq olub. Yuxarıda qeyd etdiyim kimi, görünür, məhz elə MTN-nin hakimiyyəti qoruması səbəbindən də uzun illər onun rəhbərlərinin cinayətlərinə “göz yumulub”.
–
Hakimiyyətdaxili qarşıdurma da olub. Məsələn, Müdafiə Nazirliyinin keçmiş rəsmisi Mehman Səlimov məhkəmədə bildirdi ki, MTN-də ona sabiq nazir Səbər Əbiyevin üzünə durmaq üçün təzyiq edirlərmiş. Əgər o təzyiqlərə tab gətirməsəydi, Əbiyev həbs olunacaqdı…
– Bu cür faktlar çoxdur. Məsələn, jurnalist Pərviz Həşimli məhkəmədə bildirmişdi ki, adını yuxarıda çəkdiyimiz həmin ATM-nin rəisi Elçin Quliyev və onun keçmiş müavini İlqar Əliyev onu hədələyib, sabiq MTN müavini, general-mayor Əli Nağıyevin və “Azəryolservis”in rəhbəri Cavid Qurbanovun üzünə durmağa məcbur etmək istəyirlərmiş. İllər boyu bu insanların fəaliyyəti şantajçılıqdan ibarət olub. Bu adamlar gizli yolla fəal insanların, iş adamlarının şəxsi həyatının videolarını çəkib onları seksual qalmaqallarla hədələyiblər, yaxud gəlirlərini “faizə oturdublar”. Bu əməllərin açılan hissələri artıq onların cinayətlərinin hansı miqyasda olmasını göstərir. Ona görə də eyni cəhdləri sabiq nazir Səfər Əbiyevə və digər nazirlərə münasibətdə göstərmələrində təəccüblü heç nə yoxdur.
–
Amma irəli sürülən ittiham maddələr mətbuatda səslənən özbaşınalıqları tam ehtiva etmir…
– Mən istisna etmirəm ki, bu adamlara hansı maddələrlə cinayət işi açılması də hakimiyyətin tapşırığıdır. Hakimiyyət məsələni tündləşdirməkdə maraqlı deyil, açılan cinayət işləri də buna işarədir. “Səlahiyyət həddini aşmaq”, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmək” kimi ittihamlar öz yerində, amma əslində başqa maddələr də olmalıydı. Ən azı ortada rüşvət almaq, dələduzluq, hədələmə və başqa maddələrlə təqib olunan əməllər də var.
– Adətən hakimiyyət rəsmiləri müstəqil və müxalif mətbuatı məlum olmayan mənbəyə istinadən məlumat yaymaqda ittiham edirlər. Amma ötən həftə Trend və APA agentliklərinin MTN-dəki həbslərlə bağlı yaydıqları məlumatlar hüquq-mühafizə orqanlarındakı naməlum mənbəyə istinad olunurdu. Həm də bir-birindən fərqli məlumatlar idi. Məsələn, Trend-in məlumatında həbs olunanlardan Natavan Mürvətovanın adı çəkilsə də, ondan bir gün sonra APA-nın yaydığı xəbərdə həmin xanımın adı yox idi. Bu, necə şərh edilə bilər?
– Birinci səbəb hüquq-mühafizə orqanlarının mətbuat xidmətlərinin media üçün açıq olmamasıdır. Ümumiyyətlə, hüquq-mühafizə orqanları mediaya açıq deyil, xüsusən MTN kimi həssas məsələdə açıq olmadılar. Məsələn, DİN-in generalı Əsədullayevin oğlunun bir gənci bıçaqlaması barədə xəbər, sonra bununla bağlı video mediaya çıxdı, amma nazirliyin və prokurorluğun mətbuat xidmətləri susdu. Bir daha deyirəm, video yayılsa da, bugünə qədər zərərçəkmişin kimliyi haqda heç bir məlumat yoxdur. Halbuki, bu adi məişət xarakterli cinayət idi. Amma belə adi olaylar ictimai rəydən gizli saxlanılırsa, sonradan video mediaya ötürülürsə, deməli, bir gün MTN-dəkilərlə bağlı da sənədlər mediaya ötürüləcək. Çünki daxili maraqlar da çox ziddiyyətlidir. Bu kimi fəsadlardan yayınmağın yeganə yolu isə rəsmi məlumatların mediaya çatdırılmasıdır. Yoxsa Respublika Prokrorurluğu 7 nəfərin həbsi barədə məlumat yayır, amma ad yoxdur və bu, çox unikal bir hadisə idi. Əgər 7 nəfərin xarici kəşfiyyatın casusu olması bilinsəydi, bunun açıqlanmasının fəsadları baxımından məlumat yayılmamalıdır. Yoxsa məlumat yayılır, maddələr səsləndirilir, hətta neçə nəfər olduğu qeyd olunur, amma adlar yoxdur. Belə olduqda medianın da xəbəri bir qədər şişirdəcəyi öncədən məlumdur, çünki hər kəs yalnız öz ehtimallarına güvənməli olacaq. Xüsusən də internet dönəmində bu çox risklidir. Görünür, hüquq-mühafizə orqanları yeni situasiyaya uyğunlaşa bilmir. Aparıcı informasiya resurslarının əsasən sosial və online mediadan ibarət olduğu dövrdə rəsmi məlumat yaymaq məqsədli dezinformasiyalardan qaçmağın yeganə rasional yoludur. Məncə, bu, hələ tam anlaşılmayıb. Baxmayaraq ki, İlham Əliyev son iki müşavirədə ictimai nəzarətin güclənməsindən ciddi şəkildə danışıb. Düşünürəm ki, dövlət orqanları buna hazır deyil. Həm onların fəaliyyətində şəffaflıq olmaması, həm də şəffalığın bu orqanların rəhbərliyində olanların maraqlarına zidd olması səbəbindən.