Toğrul İsmayıl: “Sabitlik pozularsa, AKP-nin səsləri azala bilər”
13 mart Ankarada baş verən terror hadisəsi qeyri-sabitlik “küləyi”nin Türkiyədə möhkəm əsdiyindən xəbər verir. Bu gedişat Suriya olaylarının Türkiyəni də “öz ağuşuna” alacağı barədə fikirləri də gündəmə gətirir. Çünki 16 fevral Ankara olayından 26 gün ötüb.
Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, siyasi şərhçi Toğrul İsmayılla söhbətimizdə yaranmış durumu bu istiqamətdə şərh etməyə çalışdıq
– Toğrul bəy, 13 mart Ankara terroru 26 gün əvvəl olduğu kimi paytaxtın mərkəzində və 7 dəqiqə fərqlə təkrarlandı. Artıq terrorçunun kimliyi müəyyənləşib, o, tələbə xanım PKK-çıymış. Hər ay bir neçə terror hadisəsi Türkiyə hökuməti və cəmiyyəti tərəfindən necə izah olunur, səbəbi nədə görürlər?
– Çox qəliz sualdır. Terror olayları əvvəllər də Türkiyədə yaşanırdı. Əgər bu dəfə də PKK olduğu təsdiqlənsə, bu, o deməkdir ki, PKK “üzünü dəyişdirib”, artıq sivilləri hədəfə alıb Türkiyəni iç savaşa sürükləməyə çalışır. Əvvəllər belə deyildi. Bunun bir neçə səbəbi var. Birincisi, PKK barış təklifindən faydalanaraq dağdan şəhərə gəlib “mən silahı buraxacam” vəd etsə də, silahı buraxmadı. Nəticədə nəzarət olunmayan durum yaranıb. İkinci, Ankaranı daxili savaşa sürükləməklə PKK bölgədəki olaylardan faydalanaraq maksimum Türkiyəyə zərbə endirib bölgənin hakimi və nəzarətçisi olduğunu göstərməyə çalışır. Təbii ki, bunun arxasında xarici güclər var, amma əsas səbəb Suriyadakı xaosdur. Üçüncü səbəb Türkiyə daxilindəki durumla bağlıdır, yəni barış sürəci zamanı terrorçularla danışığa gedib onlara inanmaq idi. Təbii ki, terrorçularla danışıqların olmaması ən əsas şərtlərdən biri idi. Ancaq proses terrorçuların oyunuyla idarə olundu və nəticədə indiki durum yaranıb. Artıq terror dağdan şəhərə enmişdi, indiyə qədər bacarmadığını bu gün bacardı. Təhlükəli məsələdir.
–
Terrorçuları dağdan enməyə prezident Ərdoğan səslədi. O zaman bu siyasətin səhv olduğunu demək olarmı?
– Ərdoğan onlara səslənərkən terroru buraxıb siyasətə gəlmələrini nəzərdə tutmuşdu. Mən Ərdoğanı müdafiə etmirəm. Əlbəttə ki, ölkədə demokratiya, xalqların, milli qrupların hüquqlarının verilməsi Türkiyə üçün önəmli məsələlərdən biridir. Ancaq demokratik hüquqlar təmin edildiyi zaman terrorçularla bazarlıq, yaxud iş birliyinə getmək yanlışdır. Hazırki problemlərin də təməlində bu məsələ dayanır. İkincisi, güvənin zəif olmasıdır. Türkiyənin Suriyayla sərhədi geniş olduğundan təhlükəsizliyini təmin edə bilmir və bu, terrorçuların fəaliyyətinə geniş imkan yaradır. Nəhayət, onlar paytaxta gəlib terror törədirlər.
–
26 gün əvvəlki terror hadisəsi bu dəfəki kimi Ərdoğanın Bakı səfəri öncəsi törədilmişdi. Niyə prezidentin Bakı səfəri öncəsi?Hansısa ehtimalınız varmı?
– Əlbəttə ki, terror hadisələrinin tarixi, saatı, hədəf kütlənin seçilməsi baxımından təsadüf sayıla bilməz. Bu baxımdan Ərdoğanın Azərbaycan səfərindən öncə bu cür hadisələrin olması təsadüfü deyil, bir mesajdır.
–
Mesaj hansı güclər tərəfindən verilə bilər?
– Konkret fikir söyləyə bilmərəm. Amma bölgədə yeni geopolitik hadisələr var, kimlərsə bundan rahatsız olduğundan belə mesajlar verməyə çalışırlar. Yaxşı, birinci dəfə təsadüf olsun, ancaq ikinci dəfə təsadüf olmaz. Ona görə cümhurbaşqanı Ərdoğanın Bakı səfəri təxirə salınsa, terrorçuların daha çox işinə yarayar. Hesab edirəm ki, səfər olmalı və iki ölkənin münasibətləri daha da inkişaf etdirilməlidir.
–
Türkiyədə 14 ildir bir partiyanın hakimiyyəti bərqərar olub. Uzun zaman ötməsi ölkədə avtoritarzm meylini gücləndirmirmi?
– Sual çox ritorik oldu. Xalqın istəyi nədirsə, bizim ona hörmət etməyimiz lazımdır. Türkiyə xalqı səs verib bu hakimiyyəti qəbul edib. Arada AKP-nin səsi azaldı, koalisiya dönəmi yarandı, amma müxalifət bacarmadığından Türkiyə xalqı təkrar indiki hakimiyyəti seçdi. Ümumi yanaşdıqda, bir cəmiyyətdə qüsurların və xətaların olmasını yalnız iqtidarda axtarmaq doğru deyil. Mövcud durum həm də müxalifətin zəifliyini və bacarıqsızlığını göstərir. Əgər Türkiyə də müxalifət konstriktiv, bacarıqlı, həssas davrana bilsəydi, bəlkə siyasi vəziyyət fərqli olardı. Amma görünən odur ki, iqtidarın uğuru müxalifətin uğursuzluğundan qaynaqlanır. Ölkədə vəziyyəti dəyişdirəcək alternativ yoxdur.
–
Konstruktiv deyəndə nəyi nəzərdə tutursunuz?
– Partiyaların durumuna baxın, CXP və MHP, birincidə vahid fikir yoxdur, qarışıqlıq var, ikinci içəridən çalxalanır, dağılmaq vəziyyətindədir. XDP bir ara sol demokrat partiya olmağa başladı, guya, ümumTürkiyə partiyası olacaqdı, ancaq son hadisələr bu partiyanın da iç üzünü açdı, PKK terroruna dəstək verdiyi və arxasınca getdiyini göstərdi. Türkiyənin siyasi varlığı indiki reallıqdır. İndiki partiyaların içində daim çalışan, gündəmi istiqamətləndirən bir partiya varsa da, o da AKP-dir ki, hakimiyyəti əllərində saxlaya bilirlər.
–
Özünüz də XDP-nin PKK-ya simpatiyası və dəstəyinin açıq sezildiyini dediniz, bu mənada dövlət bu partiya barədə hansısa addım atacaqmı?
– Mən partiyaların qapadılmasını doğru hesab etmirəm. Ancaq üzvlərin davranışlarına görə məsuliyyətə cəlb olunması qanunda yer alıb. Türkiyə dövləti özünə hörmət edirsə, bu qanunlara riayət etməlidir. Söhbət yalnız XDP-dən getmir, istənilən partiya üzvü, millət vəkili, məmur ölkə qanunlarına hörmət etməlidir. Demokratiya adı altında bölücülük, terroru dəstəkləmək ölkəni xaosa sürükləyəcək açıqlamalardır. İndiki həsas durumda qanunvericilik nə göstərirsə, o istiqamətdə də hərəkət edilməlidir.
–
Son 3 ayda törədilən terrorlar nəticəsində 100-dən çox adam həyatını itirdi. Gedişat Türkiyəni nə dərəcədə zəiflədə bilər, dövlət hansı addımlar atmalıdır ki, terror statistikaya çevrilməsin?
– Bölgədəki hadisələr, xüsusilə Suriyadakı özbaşınalıqlar Türkiyəni açıq şəkildə təhdid edir. Orda Şərqdəki son hadisələr bizim üçün təhdid halını almaqdadır. Mənə elə gəlir ki, bu qədər terror hadisəsinin olması səbəbindən Türkiyənin özünün də xaosa sürüklənməsini istəyən güclər var. Amma Türkiyənin siyasi və təhlükəsizlik baxımından yetərincə gücü var ki, mövcud qarışıqlığın öhdəsindən gəlsin. Məsələ ondadır ki, terror simasını dəyişib, terrordan 100 faiz qorunmaq imkansızdır. Hesab edirəm ki, terrorun təsirini minimuma endirmək Türkiyənin qarşısında dayanan ən önəmli məsələlərdən biri olacaq. Burada Türkiyə cəmiyyətinin də mənəvi gücü çox önəmlidir. Cəmiyyət özündə nə qədər güc tapsa, hadisələrdə bütövlük göstərə biləcək. Söhbət iqtidar və müxalifətdən getmir, hədəfdə Türkiyə var. Əgər təhlükəsizlikdə zəiflik varsa və güc strukturlarında hansısa məmurlar vəzifəsini yerinə yetirə bilməyibsə, onların vəzifədən uzaqlaşdırılıb cəzalandırılması gərəkdir. Eyni zamanda, Türkiyənin xarici təhdidlərlə qarşı-qarşıya olduğunu da anlamalıyıq.
–
Milliyyətçi Hərəkat Partiyasının İqdırdan millət vəkilliyinə olan sabiq namizəd, siyasətçi İsa Yaşar Tezel “Özümüzü Suriya bataqlığına saldıq, indi də orda çabalamaqdayıq” deyə bildirib. Bu mənada, Türkiyənin Suriya bataqlığına girməsi səhv deyildimi?
– Türkiyə Suriya bataqlığına necə girdi, mən onu anlamıram. Bəli, Türkiyənin Suriya siyasəti səhv ola bilər. İqtidarlar ideal deyil, xarici siyasət kağız üzərində gözəl ola bilər, amma gerçəkləşdikcə, ordakı müxtəlif qrupların oyunları çox fərqli hal yarada bilər. Əlbəttə ki, Türkiyənin Suriya siyasəti 100 faiz şəklində uğurlu sayıla bilməz. Ancaq bu gedişatda Türkiyənin rolunu qabartmamaq gərəkdir. Türkiyə regional güc olmağa çalışan dövlətdir, bir çox şeylər onun nəzarətindən kənar baş verir. Türkiyə Amerika və Rusiyanı nəzarət edəcək super dövlət deyil. Hətta Türkiyənin nə qədər istəkləri olsa da, öhdəsindən gələ bilmir. İkinci, məsələyə bütöv yanaşmalıyıq, Türkiyə Suriyada iç savaşın çıxmamasını istəyirdi. Ankara təklif edirdi ki, Bəşər Əsəd demokratik seçkiyə getsin, ancaq Əsəd getmədi. Əhməd Davudoğlu xarici işlər naziri olarkən Dəməşqə gedib Əsədlə görüşdü, amma o dinləmədi. Çünki burda başqa oyun gedir. Məncə, Türkiyənin Suriya bataqlığına sürüklənməsini demək doğru deyil. O ki qaldı köçkün məsələsinə, Ankara bölgədə təhlükəsizlik məsələsinə qaldırdı, amma dinləmədilər. Nə Avropa Birliyi, nə Amerika dəstək verdi. Türkiyə indi də terrorçu qrupların adını çəkir, amma Amerika da, Rusiya da öz oyununu oynayır. Nə oldu və kim qazandı? İran, Səudiyyə Ərəbistanı, yoxsa başqa bölgə ölkəsi? Bölgə ölkələri super dövlət olmadığı üçün qazana da bilməzdilər. Köçkünlərə gəlincə, Türkiyə sərhədini bağlayıb insanlıq faciəsinəmi göz yumsun?! Bu, necə insanlıqdır ki, insanların başına bomba yağdırılsın, sən də sərhədini bağlayasan?! İnsanlıqda və dində belə şey yoxdur. Bir daha deyirəm, mən hökuməti müdafiə etmirəm və hökumətin xətaları olduğu qənaətindəyəm. Amma Türkiyənin də rolunu çox şişirtməmək lazımdır. Ona görə İsa Yaşar Tezelin fikirlərində daxili siyasi mübarizənin nəticəsini görürəm.
–
Bəs onun Moskvanın Bakı və Ankaranın yaxınlığını istəməməsi fikrini bölüşürsünüzmü?
– Rusiya istəsə də, istəməsə də Azərbaycanla Türkiyə yaxındır və bu yaxınlaşma davam edəcək. Çünki geopolitik qonşuluq bunu tələb edir. Çox zaman 1 millət iki dövlət deyirik. Sadəcə, o deyil, geopolitik durum belədir: Rusiya, Ermənistan və İran yaxınlaşması, digər tərəfdən Azərbaycan, Türkiyə və Gürcüstan yanaşması var. Rusiya və Türkiyə, hər biri ayrı-arılıqda öz mənafelərini güdür, o cümlədən, Azərbaycan da. Əminliklə deyirəm: Azərbaycanla Türkiyənin yaxınlaşması sülhün bərqərar olması üçündür və başqa dövlətlərə qarşı deyil.
– Sizə elə gəlmirmi ki, AKP hakimiyyətinin “qonşularla sıfır problemi” siyasi xətti səhv olduğundan baş tutmadı?
– Mən elə düşünmürəm. Düzdür, həmin açıqlamanı dəstəkləmirdim, amma səhv hesab etmirəm. Məsələ ondadır ki, sizin istəyiniz əsas deyil, qarşı tərəfində də “qonşularla sıfır problemi” istəməsi çox önəmlidir. Ankara cəhd etdi, ancaq uğursuz oldu. Ermənistan və Suriya indiki vəziyyətlərində siyasətlərinə nəzarət etmirlər. Ermənistan müstəqil şəkildə xarici siyasət aparmadığından Türkiyəylə yaxınlaşması mümkünsüzdür. Eyni durum Suriyadadır, Əsəd rejimi legitim görünsə də, ölkənin bir çox ərazisinə nəzarət edə bilmir.
– Çox təəccüblüdür, AKP-nin terrorçularla barış təklifi alınmadı, “qonşularla sıfır problemi” də o cür, Ermənistan və Suriyayla münasibətlər də məlum. O zaman AKP səsi necə qazandı?
– Çox ehtimal ki, seçici yaşamından məmnunluq duyur. Rifah səviyyəsinin artması, ekonomik vəziyyətinin yaxşı olması və ən önəmlisi ciddi müxalifətin olmaması təsiredici məqamlardan biridir. Hazırda xarici güclər daxili rahatlığı hədəfə alırlar, sabitlik pozularsa, AKP-nin səsləri azala bilər.