Müxtəlif psixi pozuntulardan əziyyət çəkən xəstələrin istifadə etdiyi dərmanlarda qiymət artımı müşahidə edilir
“Bakı apteklərində “Depacin- Chrono” adlı dərman tapılmır. Bu dərman epilepsiya və bipolar affektiv pozuntu xəstəliyi olanların müalicəsində təməl dərmanlardan biridir. Təsəvvür edin ki, xəstə yaxınları nə vəziyyətə qalıblar”.
Bunu Meydan.TV-yə həkim-nevropotoloq Murad Qasımov bildirib. Onun sözlərinə görə, əvəzedicilər də yoxdur, yaxud əvəzedicilər istənilən effekti vermir. Hər gün bir neçə xəstə yaxını zəng edərək dərmanların dəyişdirilməsini istəyirlər.
Meydan TV əməkdaşı Bakı şəhərində yerləşən 20-yə yaxın aptekdən bu barədə soruşub. Əczaçılar bildiriblər ki, yanvarın 1-dən apteklərə elektron şəkildə dərmanların hazır qiymətləri göndərilib. Ucuz satılan dərmanları baha alaraq ziyana düşüblər.
Əczaçı Fərid Əliyev bildirib ki, sözügedən dərmanlar son 10-15 gündür gətirilmir, yalnız hansısa aptekdə qalıbsa, əldə etmək mümkündür:
“Dekabrın sonunda təxminən 130 adda dərman bahalaşdırılıb. Xüsusilə də epilepsiya, müxtəlif psixi pozuntulardan əziyyət çəkən xəstələrin istifadə etdiyi dərmanlarda qiymət artımı var. Hətta infuziya məhlulu NaCl 2 dəfəyə yaxın bahalaşdırılıb”.
Əczaçı bildirib ki, dərmanların bahalaşdırılmasında aptek sahiblərinin heç bir rolu yoxdur.
Səhiyyə Nazirliyindən isə Meydan TV-yə deyiblər ki, ölkəyə dərman gətirilməsi nazirliyin səlahiyyətində deyil.
Dərmanların bahalaşması və tapılmaması bir neçə dəfə Milli Məclisdə müzakirəyə çıxarılıb. Deputatlar bəzi dərmanların tapılmamasını, o cümlədən, bahalaşdırmasınə tənqid ediblər. Dərmanların bahalaşdırılması və qıtlaşması Rusiya-Ukraniya müharibəsi fonunda həmin ölkələrdə dərmanlara tələbatın artması, gətirilməsində müəyyən çətinliklərin yaranması ilə əlaqələndirilir. Azərbaycanda nisbətən ucuz satılan dərmanlar əsasən Rusiyadan gətirilir.