Ənvər Seyidova nifrətin xeyri

Bu gün 2 nəfərin həyatı, sağlamlığı ilə bağlı xəbər yayıldı

Source:
Zaur Qurbanlı
Zaur Qurbanlı
Zaur Qurbanlı – Banner
Zaur Qurbanlı – Banner

Bu gün 2 nəfərin həyatı, sağlamlığı ilə bağlı xəbər yayıldı

Biri Nərgiz Adıgözəlovadır, digəri Ənvər Seyidov. Birinci gənc aktivist olub, Türkiyədə təhsil alıb, orda işləyirdi, avtoqəzada öldü. Digəri isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakimdir, 1 həftədir, reanimasiyaya yerləşdirilib.

Nərgizin ölüm xəbərinə eşidən insanlar şok oldular, çökdülər, ağladılar. Cəmi 27 yaşı var idi. O qədər balaca deyildi ki, özünü tanıtmağa kifayət qədər vaxtı olmasın və uşaq olduğuna görə ölümü insanları kədərləndirsin. Əksinə, qısa müddətdə özünü elə tanıtmışdı ki, ölümü yüzlərlə insanı yandırdı.

Ənvər Seyidovun xəstələnməsi xəbərinə isə minlərlə insan sevindi, neçəsi ona ölüm arzuladı, əksəriyyət isə ölümdən daha ağır zülm çəkməsini istədi. 67 yaşında adamdır. Azərbaycanda ağsaqqal sayılır, özü də hakim. Əslində hörmətli adam olmalı idi. Amma topladığı nifrət o qədər böyükdür ki, bir nəfər belə sağlamlıq, uzun ömür arzulamadı ona.

Amma bir neçə nəfər Ənvər Seyidova olan nifrətdən qorxusunu bildirdi, cəmiyyətdəki nifrət enerjisinin hara, necə xərclənəcəyindən narahat oldular. Haqlı narahatlıqdır. Amma nifrət edənləri, nifrətini ifadə edənləri qınamaq olarmı? Sabah hakimiyyət dəyişsə, etirazlar baş qaldırsa, bu nifrətin ziyanımı olacaq, xeyrimi?

Narahat olanlar ona görə haqlıdırlar ki, nifrət nə qədər dərin olsa, qisas hissi o qədər güclü olacaq və hakimiyyətindən devrilmiş insanlara münasibətdə qəddarlıq da o qədər çox olacaq. Bu da cəmiyyətdə hakimiyyətin, sosial mövqelərin dəyişilməsi, ötürülməsi sahəsində pis təcrübə yaradacaq. Başqa cür – daha dinc, sivil keçid belə təcrübədən sonra heç vaxt mümkün olmaya bilər.

Amma buna görə nifrət edənləri qınamaq olarmı? Bu nifrəti yaradanlar elə Ənvər Seyidov və ona siyasi sifariş verən insanlardır. Bəs qisas təmin olunmasa, nə baş verəcək? Bunu təxmin etmək çətindir, amma əmin olmaq olar ki, bu, nifrətin nəzarət altında reallaşdırılmasından daha təhlükəli olacaq.

Qisas təbii və təhlükəli hiss olduğundan bu, hüquqi dövlətlərdə dövlətin səlahiyyətinə verilib. İbtidai sistemlərdə “gözə göz, dişə diş” prinsipi əsasdır. Məsələn, islam şəriətində bu prinsip var. Amma modern cəmiyyətlərdə belə şey yoxdur. İnsanlara təlqin olunur ki, cinayətə verilən cəza qisası əvəz edir və insanlar da öz hisslərini tərbiyə etməlidirlər. Bu tərbiyə oturuşmayan cəmiyyətlərdə insanlar qisas hisslərini başqa yollarla təmin etməyə çalışırlar.

Bizim cəmiyyətdə də müstəqil məhkəmələr olmadığından, istintaq, məhkəmə, penitensiar orqanlar başdan-ayağa korrupsiyaya bulaşdığından, təqsirkar insanlar asanlıqla cəzadan kənarda qala bildiklərindən və hakimlər, prokurorlar özləri cinayət törətməkdə olduqlarından dövlət insanların qisas hissini təmin etmir (bu misalda isə məhz hakim hədəfdədir).

Azərbaycanın problemi də sistemin tamamilə dəyişməsi problemidir. Nifrətin çoxluğu isə sistemin bir o qədər kökündən dəyişməsinə aparır. Məsələn, Böyük Fransa İnqilabında nifrət feodalizmi tamamilə sildi. Məsələ bu nifrətin düzgün istiqamətləndirilməsindədir, yumşaldılmasında yox. Məsələn, Ukraynada nifrət məhz Yanukoviçə yönəldiyindən sistem çox da dəyişmədi, korrupsionerlər yenə hakimiyyətdə qaldı.

Kütlənin nifrəti təbii materialdır, bundan düzgün istifadə edib inkişaf üçün xammala çevirmək lazımdır. Azərbaycandakı rejimin təqsirindən çoxsaylı insanlar ölüb – tibbin, təhsilin, məhkəmənin, ordunun korrupsiyanın içində olmasına görə. Buna görə də xeyli nifrət yığılıb. Bu nifrətin dini və ya başqa ekstremist ideyalara qurban getməməsi, sekulyar, demokratik, modernist ideyalar üçün istifadə olunması lazımdır və bunu başa düşən vicdanlı adamların vəzifəsidir. Nifrəti azaltmaq onsuz da mümkün deyil, əsas onu proqressiv nəticələr üçün xammal kimi istifadə edə bilməkdir. Bu, mümkün olacağı təqdirdə nifrətin çoxluğu yeni sistemlə indiki arasında, proqreslə reqres arasında fərqin çoxluğu demək olacaq.

Ana səhifəMənim FikrimcəƏnvər Seyidova nifrətin xeyri