Qubad İbadoğlu: ”Əlaqədar orqanlar cavab verməlidirlər”
Azərbaycan hər 10 min nəfərə düşən əngəlli uşaqların sayına görə MDB dövlətləri arasında “liderdir”.
Bu barədə
MDB Statistika Komitəsi
nin açıqladığı məlumatda deyilir.
Statistikaya görə, 2017-ci ildə əhalinin hər 10 min nəfərinə düşən 0-17 yaşlı əngəlli uşaqların sayı Azərbaycanda 275, Rusiyada 220, Ukraynada 209, Moldovada 182, Belarusda 166, Qırğızıstanda 152, Qazaxıstanda 141, Ermənistanda 118, Özbəkistanda 94, Tacikistanda isə 72 olub.
Türkmənistanla bağlı məlumat verilməyib.
İqtisadçı Qubad İbadoğlu məlumatı şərh edərkən sual edib ki, nədən bizim gələcəyimiz olan 0-17 yaşlı uşaqlar arasında əngəllilərin sayı Ermənisytanla müqayisədə 2,33 dəfə çoxdur:
“Buna səbəb nədir? Kasıb qidalanma, pis ekoloji şərait, keyfiyyətsiz içməli su, irsi problemlər, qohum evlilikləri, yoxsa saxta statistika? Bu dəhşətli statistikanın dinamikası sadalananlar arasından irsi problemləri istisna edir. Çünki, elə həmin mənbədə göstərilir ki, 2000-ci ildə hər 10 min nəfərə düşən əngəlli uşaqların sayı 89 olub, 2017-ci ildə isə ondan 3 dəfə yüksək göstərici qeydə alınıb. Bu sahədə sürətli artım 2010-cu ildən başlayıb”.
İqtisadçı hesab edir ki, bu fakt ciddi araşdırılmalıdır. Azərbaycanda nədən sağlam uşaq böyüdə bilməmə ilə əlaqədar orqanlar açıqlama verməlidirlər.