Seymur Quliyev

Mənbə: Foto: Meydan TV

Başlıq: Seymur Quliyev

Əmlakı qəsb olunan vətəndaş təkadamlıq aksiya keçirəcək

Seymur Quliyev aksiya keçirdiyi üçün bir dəfə saxlanılıb

Azərbaycan vətəndaşı Seymur Quliyev yenə Bakı Şəhər İcra Hakimiyyətinin(BŞİH), Prezident Adminstrasiyasının qarşısında təkadamlıq aksiya keçirəcək. Bu haqda Meydan TV-yə məlumat verən Seymur Quliyev deyib ki, fevralın 25-də belə bir aksiya keçirməyə cəhd edərkən saxlanılıb, izahat yazdıqdan sonra azad edilib.

O, yenidən BŞİH başçısı Eldar Əzizova müraciət edib:

“Eldar Əzizova müraciətimdə yazmışdım ki, mən, Azərbaycan vətəndaşı Seymur İsrafil oğlu Quliyev Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna uyğun olaraq mülkiyyət hüququma (Konstitusiyanın 13-cü maddəsi) 9 ildir davam edən qəsdə, dövlət qurumlarında, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətində üzləşdiyim süründürməçiliyə etiraz nümayiş etdirmək, haqlı mövqeyimi ölkə ictimaiyyətinin, ölkə rəhbərliyinin diqqətinə çatdırmaq məqsədilə təkadamlıq aksiya keçirməyi qərara almışam”. Onun sözlərinə görə müraciətinə cavab olaraq bildirilib ki, təkadamlıq aksiya keçirilməsini məqsədəmüvafiq hesab etmirlər.

Seymur Quliyev bildirib ki, aksiyada bu şüarları səsləndirir:

“Cənab Prezident!!! Konstitusiyanın 13-cü maddəsi ilə təsbit olunan mülkiyyət hüququmu bərpa edin!”

“Azərbaycan dövləti, Vətəndaş olaraq hüququmu bərpa elə! Konstutusiyanın 13-cü maddəsi:

Mülkiyyət hüququ

Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Harada müdafiə olunur?

Yerini göstərin!”

“Mülkiyyət hüququmuzu qəsb edən Hacı Qalib Salahzadə cəzalandırılsın! 9 illik məhkəmə süründürməçiliyinə son qoyulsun!”

“Eldar Əzizov, Hacı Qalibdən qorxma, bizim yolumuzu aç! Azərbaycan dövləti mülkiyyət hüququmuza qəsdi aradan qaldır!”

Səsləndirəcəyi bu şüarları transparantlarla da nümayiş etdirmək niyyətindədir.

Seymur Quliyev deyib ki, Qalib Salahzadə 2012-ci ildə onun özəl mülkiyyətində olan Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi ev 21 ünvanını zəbt edib. Həmin ünvanda yerləşən 2 və 3 mərtəbəli mülkləri dağıdıb. Bundan sonra o, məhkəmələrə üz tutub. Məhkəmələr Seymur Quliyevin xeyrinə qərar versələr də, Qalib Salahzadə bu gün də onun özəl mülkündən çıxmır, ərazini avtodayanacağa çevirməklə pul qazanır. Seymur Quliyev bildirib ki, Qalib Salahzadə bu hərəkətlərə yol verərkən akademik Arif Paşayevin adını hallandırır:

“Təkcə mənim torpağımı deyil, 28 üzvü olan “Posat” kooperativinin Bilgəhdəki ərazisini də zəbt edib. Kooperativ üzvlərinə də, mənə də Arif müəllimin adını hallandırıb. Atamla, anamla, vəkilimizlə Arif müəllimin yanında olmuşuq. Qalibə tapşırıb ki, get, bu adamların problemini həll elə. Ona yanımızda çox ağır sözlər deyib. Həmin söhbətdən 3 il keçib. Bu gün Qalib ona verilən tapşırığı icra etməyib. Arif müəllimin qəbuluna düşə bilmirik. Onun sürücüsü Elman Qaliblə əlbir olub bizi Arif müəllimin qəbuluna buraxmır”.

Seymur Quliyev bildirib ki, bu gün Qalib Salahzadə onun özəl mülkiyyətində olan torpaqdan özünü “Şəbəkə” restoranının avtodayanacağı kimi istifadə edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tsv6hw

Ən çox baxılan