Əmircan sakini: “Hepatit A-ya istifadə etdiyimiz sudan yoluxuruq”

Hepatit. Foto: nobeastsofierce/shutterstock

Valideynlərə içməli suyun qaynadılması tövsiyə olunur

Bakının Suraxanı rayonunun Əmircan, Bülbülə qəsəbələrində Hepatit A virusu yayılıb.

Əmircan qəsəbə sakini Sədaqət Mehdiyeva Meydan TV-ə bildirib ki, 16 yaşlı oğlu ötən ayın sonunda əhali arasında sarılıq xəstəliyi kimi tanınan hepatit A-ya yoluxub, hələ də müalicə alır.

“Sahə həkiminə müraciət etdim. Məlum oldu ki, Əmircanda iki-üç aydan çoxdur Hepatit A yayılıb. Xəstəxanada həkim dedi ki, bu, ya natəmizdikdən, ya da sudan keçib. Amma indiyə kimi xəstəliyin nədən yayıldığının dəqiq səbəbini açıqlayan yoxdur. Yaşadığımız evdə natəmizlikdən söhbət gedə bilməz. Deməli, istifadə etdiyimiz sudan yoluxuruq”,- S.Mehdiyeva bildirib.

Övladı məktəbə, bağçaya gedən valideynlərin “Whatsapp” qrupunda sudan istifadə etmədən əvvəl qaynatmağın lazım olduğu ilə bağlı səs yazıları da yayılıb. Hansısa həkimə istinadən yayılan səsdə deyilir ki, sudan virusa yoluxmalar var, buna görə də, qaynatmadan istifadə etmək olmaz.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin açıqlamasında isə bildirilib ki, Əmircan və Bülbülə qəsəbələrində əhali arasında ötən ilin dekabrından başlayaraq yoluxucu hepatit A virusu hadisələri ilə bağlı tədbirlər davam etdirilir.

Səhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi, Foto: Meydan TV

Aparılan profilaktik tədbirlər ilə əlaqədər “Azərsu” ASC-nin mütəxəssisləri ilə bağlı mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə bağlı monitorinqlər keçirilir. Profilaktik tədbir olaraq su şəbəkəsində qalıq xlorun müvəqqəti yüksəlməsi ilə bağlı Əmircan və Bülbülə qəsəbələrini qidalandıran +54 Ramana mərkəzi su anbarının ərazisində 1 ədəd xlor tərkibli reagent dozalayıcı nasos quraşdırılıb. Eyni zamanda, ” Azərsu” ASC-nin Suraxanı rayonu su kanal idarəsinin mütəxəssisləri rayon GEM əməkdaşları ilə birgə fərdi yaşayış evlərində yerləşən su çənlərinin yuyulub dezinfeksiya edilməsi ilə bağlı tədbirlər həyata keçirir.

Lakin Səhiyyə Nazirliyi Hepatit A-ya yoluxanlarla bağlı statistikanı açıqlamayıb.

TƏBİB-in Tibbi Xidmətlərin İnkişafı Departamentinin rəhbəri Yaqut Qarayeva ötən il, noyabrın sonunda bir sıra regionlarda Hepatit A virusuna yoluxmanın müşahidə edildiyini bildirib.

Qarayeva deyib ki, xəstəlik ilkin olaraq özünü ürək bulanma, halsızlıq, dəridə qaşınma və sonrakı mərhələdə göz ağının saralması ilə müşahidə edilir. Həkimin sözlərinə görə, ola bilər ki, insan hepatit A virusuna yoluxsun, amma bir aydan artıq müddətdə xəstəlik özünü biruzə verməsin. Hepatit A insanın istifadə etdiyi su, qida və əşyalardan yoluxur. Virus özünü suda çox yaxşı qoruyur.

Ana səhifəSağlıqƏmircan sakini: “Hepatit A-ya istifadə etdiyimiz sudan yoluxuruq”