“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”

Sübhan Qurbanov. Foto: Meydan TV

Sabirabad sakinləri polisin əməlindən prokurorluğa şikayət ediblər

“Qapını kilidlədi, pəncərədəki pərdəni aşağı saldı, dəyənəyi götürüb üstümə cumdu, məni vurmağa başladı. Eləcə deyirdi, yaz ki, mən yandırmışam, bu iş bağlansın. 3 saatdan çox, fasilələrlə məni döydü, dedim, burdan ölüm çıxsa da, xəbərim olmayan bir işi boynuma götürməyəcəm”.

Bunu Meydan TV-yə Sabirabadın Qaraqaşlı kənd sakini Sübhan Qurbanov deyir.

Polis məni aldatdı ki, qonşu səndən şikayətçidir”

Bu ilin yanvarında Qurbanovlar ailəsinin qonşuluğundakı həyətdə olan tövlədə bir neçə dəfə yanğın olub. Ev sahibi yanğının qəsdən törədildiyi qənaətində olub və polisə şikayət edib. Sabirabad Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili olan Xəlil Əlizadə şübhələri araşdırdığını səbəb gətirərək Qurbanovların yaşadığı ünvana gəlib. Əvvəlcə bir neçə dəfə Pünhan Qurbanovu polis şöbəsinə aparıb, izahatını aldıqdan sonra buraxıb. Pünhan Qurbanovun sözlərinə görə, hətta bir dəfə onu 3 gün şöbədə də saxlayıblar:

Sabirabadın Qaraqaşlı kənd sakini Sübhan Qurbanov

“Bu yanğın bir neçə dəfə və ayrı-ayrı günlərdə baş verib. Hətta ilk iki yanğında mən ümumiyyətlə, rayonda olmamışam. Bununla belə, rayona qayıtdıqdan sonra məni bir dəfə fevralda polis şöbəsinə aparıblar, 3 gün orada saxlayıblar. Əməliyyat müvəkkili məni aldatdı ki, guya qonşum – yəni tövləsi yanan şəxs məndən şikayətçi olub. Şöbədən buraxılandan sonra qonşudan bu barədə soruşanda dedi ki, məndən heç bir şübhəsi, şikayəti yoxdur və olmayıb. Martda da bir neçə dəfə şöbəyə çağırmışdılar. Sonra Bakıdan kəndə qayıdan qardaşım Sübhanı da şöbəhə çağırdılar. Axırıncı dəfə aprelin 6-da ikimizi birlikdə şöbəyə apardılar. Halbuki, Sübhan yanğınlar baş verərkən Bakıda olmuşdu, dediyim kimi, yanğınlardan xeyli sonra kəndə gəlmişdi. Əməliyyat müvəkkili Sübhana işgəncə verərək məcbur edirdi ki, yanğını boynuna götürsün, iş bağlansın”.

Qapını kilidlədi, dəyənəklə üstümə cumdu”

Sübhan Qurbanov özü də bu barədə danışır. Deyir, qışboyu Bakıda işləyib, üzü yaza kəndə qayıdanda eşidib ki, qonşuluqdakı tövlədə tez-tez yanğın çıxdığına görə qardaşı Pünhanı polis şöbəsinə aparıblar. Aprelin 6-da onu da aparıblar:

Foto: Meydan TV

“Səhər dostumun həyətyanı sahəsində işləyirdim. Əməliyyat müvəkkili Xəlil Əlizadə gəlib bildirdi ki, onunla polis şöbəsinə gedib izahat yazmalıyam. Qardaşımı da, məni də apardı, məni bir otağa saldı, qapını kilidlədi, dedi, yaz ki, yanğını sən törətmisən, bu iş bağlansın. Mənsə imtina elədim, dəyənəklə üstümə cumdu, orada saxlandığım saatlarda məni bir neçə dəfə döydü, dedi, yazmasan, burdan heç yerə çıxa bilməyəcəksən. Axşama kimi getdi – gəldi, dəyənəklə döydü, ancaq istədiyini yazmadım”.

“Gördüm ki, qardaşımın vəziyyəti ağırdır”

Pünhan Qurbanovsa qardaşından fərqli olaraq, otaqda yox, KPZ-də saxlandığını deyir:

“Bizi ayrı saxladıqlarından Sübhandan xəbər tuta bilmirdim. Mən izahat yazdım ki, qonşuyla heç bir ədavətimiz, qərəzimiz olmayıb, yanğından da xəbərim yoxdur. Axşam saatlarında idarədən buraxılanda gördüm ki, qardaşımın vəziyyəti ağırdır, evə zorla gətirdim, bədənində döyülmə izləri vardı. Sabahı gün rayon prokurorluğuna müraciət etdik”.

“Rəis müavini bizə hədə-qorxu gəldi”

Qardaşların sözlərinə görə, Sabirabad Rayon Prokurorluğuna müraciət etdikdən sonra Sabirabad Rayon Polis Şöbəsinə çağırılıblar. Pünhan Qurbanov danışır:

“Bizi rəis müavini çağırmışdı. Prokurorluğa şikayət etdiyimizə görə hədələdi, bizə “yolunuz yenə şöbəyə düşə bilər” kimi eyhamlar vurdu. Mən bildirdim ki, qardaşım döyülüb, onu döyən bunun cavabını verməlidir. Nəyə görə polis araşdırıb hadisəni törədəni yox, bu işdə günahsız insanları dindirməlidir, üstəlik də tələb etməlidir ki, hadisəni boynuna götürsün? Burda polisin marağı nədir?”

Foto: Meydan TV

Sabirabad Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, Qurbanov qardaşları şöbəyə dəvət olunublar, izahatları alınıb, sərbəst buraxılıblar. Qardaşlara qarşı hər hansı qanunsuz hərəkət olmayıb.

Sabirabad Rayon Prokurorluğundansa bildirilib ki, Sübhan və Pünhan Qurbanovlar ərizəylə müraciət ediblər. Sübhan Qurbanov ekspertizadan keçib, araşdırmalar davam edir.

Ana səhifəBölgə“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”