Elza Seyidcahana 500 min manat rüşvət təklifi

“Tahir Süleymanov mandat üçün dönər paylayıb”

Source:


“Tahir Süleymanov mandat üçün dönər paylayıb”

“Mən ağlıma sığışdırmazdım ki, saxtakarlıq və pozuntu bu səviyyədə olsun. Məsələ ondadır ki, Tahir Süleymanov Siyəzəndə diktatura yaradıb və onun bu istiqamətdə qanunsuz göstərişlərini, çirkin əməllərini səlahiyyətli nümayəndəsi Etibar Heydərov həyata keçirir. Onun hərəkətlərini görəndən sonra Etibar adını ona heç yaraşdırmıram da. Əgər bir insan ki, bu qədər qanunsuzluqlara yol verirsə, Etibar adı ona layiq deyil”.

Bu sözləri Meydan TV-yə 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd, müğənni-bəstəkar Elza Seyidcahan deyib.

Elza Seyidcahan qarşılaşdığı özbaşınalıqlarla bağlı müvafiq qurumlara şikayət etdiyini bildirib: “Şikayətlərimi imzatoplama kampaniyası dövründən edirəm. Yeri gəlmişkən, noyabrın 4-da Siyəzən rayonunda seçki qərargahımda mətbuat konfransı keçirəcəm. Təsəvvür edin ki, Etibar Heydərov zəng edib hədə-qorxu gəlir. Bu adam belə hərəkətlərilə prezidentə hörmət etmədiyini ortaya qoyur. Etibar Heydərov prezidentin adından danışır. İnsan necə belə şeyləri deyə bilər? Bundan əlavə, Yeni Azərbaycan Partiyasının adına ləkəli sözlər deyir. Bir şeyi bilsinlər ki, mən millət vəkili seçilmişəm, səs toplamışam. Artıq şikayət etmişəm, necə ki, imzalarımı təsdiqləməyəndə MSK-ya müraciət etdim, nəzərə aldılar, bu dəfə də elə olacaq. Çünki əlimizdə faktlar var, Tahir Süleymanova görə ağlagəlməz üsullara əl atdılar. Baş verənlərlə bağlı prezidentə, MTN-nə və MSK sədrinə müraciət etmişik”.

Namizədin sözlərinə görə, seçkini saxtalaşdırmaq üçün başqa rayonlardan onlarla adam gətirib “karusel” düzəldiblər: “100-150 nəfərlik adamları məntəqələrdə gəzdirib səs verdirirdilər. Mən musiqidə açar olduğunu bilirdim, sən demə, səsvermədə də “karusel” açarı varmış. Bununla bağlı video çəkilişlər var, çox açıq şəkildə “karusel” gedirdi. Həm də məntəqələdə əlavə siyahılar da var idi ki, bunlar saxtakarlığa təkan verirdi. Məndə Etibar Heydərovun səs yazısı var, adam seçki qutularına Elza Seyidcahan və Tahir Süleymanovun xeyrinə bülleten atmağı təklif edir. Hətta mənə müşahidəçim vasitəsilə 500 min manat rüşvət təklif etdilər, təki namizədliyimi Tahir Süleymanovun xeyrinə geri götürüm. Bunu müşahidəçim eşidəndə mənə zəng etdi. Əgər mən belə bir təklif etsəydim, bəlkə həbs olunmuşdum. Bundan əlavə də təxribatlara cəhd etdilər, amma bacarmadılar, qarşısını almışam”.

O, icra başçısının saxtalaşdırma prosesinə göstəriş verəcəyinə inanmadığını deyib: “Çünki dəfələrlə Siyəzən rayonu da daxil olmaqla başqa rayonlarda olmuşam, icra başçılarının vətənpərvər olduğuna inanıram. Amma Tahir Süleymanov və Etibar Heydərov icra hakimiyyətinin adından danışırlar. Bu adam mandat aldığı üçün yerli əhaliyə dönər paylayır, bu, çox biabırçı haldır, adam utanır belə hərəkətlərdən”.

Müğənni Yeni Azərbaycan Partiyasının fəxri üzvü olduğunu söyləyib: “Özümü YAP-ın əsgəri hesab edirəm. Siyəzəndə Etibar Heydərova görə üzv yazılmayıblar. Amma rayon əhalisi mənə deyir ki, sizə görə YAP-a üzv olacağıq. Mən yenə də YAP-a sadiqəm və bundan sonra da sadiq olacam”.

Ana səhifəXəbərlərElza Seyidcahana 500 min manat rüşvət təklifi