Yaxud, Əliyevin açıqlamasının bağladığı qapılar barədə…
İlham Əliyevin anti-qərb çıxışı fikrimcə, ölkənin ən mühüm mövzusu olaraq qalır. Ona görə yox ki, İlham Əliyev Azərbaycan kimi orta boyludan da balaca bir ölkənin başçısı, özü də qeyri-legitim başçısı bütün Avropanı dəyərsizlikdə ittiham edib. İndiki beynəlxalq münasibətlər şəraitində burada heç bir qorxulu məsələ yoxdur. Hətta bir qədər ironik incəliklər var. Amma başqa bir kontekstdə bu, çox ciddi məsələdir. Söhbət ondan gedir ki, İlham Əliyev ölkəmizin adından danışmaq imkanlarından istifadə edib və bizim gələcək siyasi taleyimizi demək olar ki, riskə atan çıxış edib. Bəli, bizim avropanı tənqid etməyimiz, avropanın ortasına quru yolu ilə çatacaq, ya çatmayacaq bəlli deyil. Amma bəlli olan odur ki, Əliyevin bu çıxışı bizi şimalın buz dağlarına tərəf aparır və bu, bizə yaxşı heç nə vəd eləmir. Bəs durumun bu həddə gəlib çıxmağında kimlərin hansı rolu var? Qərb bu məslədə çoxmu məsumdur? Yoxsa elə əsas məsuliyyətlərdən biri ona aiddir?
Heç kimə sirr deyil ki, Azərbaycanda anti-demokratik vəziyyətin dərin özüllər üzərində bərkiməsinin mühüm kompleks səbəbləri var. İlk növbədə, Rusiya kimi bir ölkə ilə dolayılı münaqişə tərəfi olmaq ( Ermənistanla olan ərazi münaqişəsinin başlıca mühərriki Rusiya olduğu hər kəsə bəllidir). Rusiyanın fəal dəstəyi ilə hələ 1993-cü ildə devrilmiş demokratik rejimin yerinə gələn hərbi siyasi rejimin sonradan dərin totalitar mexanizmlərlə ölkəni qamarlaması bütün işıqgələnlərin getdikcə qapadılmasına gətirib çıxardı. Ölkədə qatı qapalı və qaranlıq sistemin yaranmasına gətiriləcək misallar çoxdur. Onlardan bir neçəsini saymaq kifayət edər ki, hər şey aydın olsun. Öz müxalif müvəkkilini müdafiə etdiyi üçün ondan çox vəkilin fəaliyyəti ya daimi, ya müvəqqəti dayandırılıb. Müxalifət partiyalarının elə fəalı yoxdur ki, ən azı inzibati həbs görməsin. Mitinqlər demək olar ki , Bakının mərkəzində qadağan edilib. Müxalifətçilər kafe və restoranlarda on nəfər və daha artıq olmaqla yığışa bilməzlər. Bu, Azərbaycanın 21-ci əsrin 19-cu ilinə olan durumudur və bu ölkə Avropa Birliyi ilə Strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara cəlb edilib.
Qərbin birinci səhvi…
Əliyevlərin bu qədər arxayıncasına ölkəni bu vəziyyətə gətirməklə hakimiyyətdə necə qalması bir sualdır. Bu durumda bir hakimiyyətlə AB-nin strateji tərəfdaş olmaq niyyətindən nə gözləməsi başqa sual. Azərbaycan hakimiyyəti uzun illər AB-ni assosiasiya sazişi imzalayacağı ilə aldatdı. İl 2010. Görün rəsmi şəxs nə deyir. Bu, Azərbaycanın XİN-də AB ilə danışıqlar üzrə rəsmisi, nazir müavini Mahmud Məmmədquliyevdir: “Azərbaycan Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanacağını çox müsbət qarşılayır. Hesab edirik ki, bu sazişin imzalanması ölkədə islahatların daha da dərinləşməsinə təkan verəcək”.
2107-ci ildə isə məlum olur ki, Azərbaycan bu sazişi imzalaya bilməyəcək. Pərdə arxasında nə baş verdiyini az-çox təsəvvür etmək olar, ancaq görünən odur ki, Qərb Əliyevin islahatları ləngitməsi ilə razılaşır. Bunu çox güman ki, münasibətləri tamam aradan çıxmaqdan qorumaq üçün edib. Amma necə inanmaq olar ki, diktatorun qarşısında geri çəkilmək fayda verər? Bu, siyasi tarixin və yaxın təcrübənin məntiqinə tamam ziddir. Olsun. Amma Əliyev bir addım da “irəli getmək” üçün uzun sürən siyasi vurnuxmalar edir.
AB-nin ikinci səhvi
İlham Əliyev siyasi vurnuxmalar etməkdə bir məqsəd güdürdü. Vaxt udmaq, tələb olunan islahatları ləngitmək, sistemini özünün imkanlarına uyğun saxlamaqla zahiri dəyişikliklər etmək. O, bunu etdi. Səbəb? Ona görə ki, Qərb hər dəfə İlham Əliyevə qoyduğu son tarixi yeniləməklə prinsipiallığını şübhə altına aldı. Nəticədə Əliyev görür ki, onsuz da bu cür davam etmək mümkündür. Nə üçün bir qədər də yerini bərkitməsin? Bunun üçün ümumiyyətlə Qərbdən imtina etmək pis olmazdı. Və Azərbaycanın “islahatçı” rəhbəri bunu etdi. O, çıxışında açıq şəkildə “biz qərbə inteqrasiya edə bilmərik” dedi. Bunun tərcüməsi isə durduğumuz nərdivandan enəcəyik deməkdir, çünki yuxarı gedə bilmərik. Görünür Əliyev Azərbaycanı AŞ-dan çıxarmaq haqqında düşünür. Bunu edə bilərmi? Edə bilər. Çünki parlamentdə bir işarə ilə özünü buraxan 125 nəfər var, onlar AŞ-ni niyə buraxmasınlar? Bir halda ki, onu tutmaq bu 125 nəfərə heç lazım da deyil…