Elxan Şahinoğu: Krakov razılaşması əhəmiyyətli deyil

Rauf Mirqədirov: ”İndiki şəraitdə hər hansı ciddi addımın atılması qeyri-mümkündür və bu, beynəlxalq şəraitlə bağlıdır”

Source:


Rauf Mirqədirov: ”İndiki şəraitdə hər hansı ciddi addımın atılması qeyri-mümkündür və bu, beynəlxalq şəraitlə bağlıdır”

ATƏT -in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakov görüşünün detallarını açıqlayıb.

APA agentliyinə danışan İqor Popov regiona səfərlərndə prezidentlərin görüşü barədə müzakirələr aparacaqlarını

bildirib

.

Rusiyalı həmsədr xarici işlər nazirlərinin Krakov görüşündə əsasən münaqişə zonasında ATƏT -in müşahidə missiyasının genişləndirilməsi məsələsinin müzakirə edildiyini deyib:

“Nazirlər vasitəçilər tərəfindən hazırlanan əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipal razılıq verdilər. Müşahidə missiyasının genişləndirilməsi mexanizmi işə düşməzdən öncə bir sıra texniki detalların razılaşdırılması isə hələ qalır”.

İqor Popov görüşdə münaqişənin nizamlanmasına dair daha mürəkkəb aspektlərin müzakirə olunduğunu da bildirib:

“Danışıqlarda eləcə də münaqişənin nizamlanması ilə bağlı daha mürəkkəb, nizamlanma prosesinə maneə olan aspektlərin müzakirəsi davam etdirildi. Bu aspektlər yeni deyil, münaqişə tərəfləri onları dəfələrlə səsləndirib. Həmin aspektlər status məsələsinin həlli və ərazi bütövlüyü məsələsinin nizamlanması ilə bağlıdır. Fevral ayının birinci ongünlüyündə regiona nəzərdə tutulan səfərimizdə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərimiz çərçivəsində tərəflərin mövqeyini dəqiqləşdirməyə ümid edirik”.

İqor Popov

O, ali səviyyədə siyasi dialoqun davam etdirilməsinin tərəfdarı olduqlarını və bunun alternativinin olmadığını söyləyib:

“Bununla belə, yalnız tərəflərin özləri siyasi iradə ortaya qoyaraq, həlli gecikən bu münaqişəyə son qoyacaq kompromisli qərara gələ bilərlər. Eyni zamanda, ali səviyyədə növbəti sammitin keçirilməsi üçün, ilk növbədə, görüşün əsas məzmununun razılaşdırılmasına istiqamətlənən diqqətli hazırlıq işləri görülməlidir.

Öz tərəfimizdən Bakı və Yerevana onlara sərfəli olan variantlar təklif etməyə səy göstəririk. Bu barədə regiona səfər zamanı da müzakirə aparacağıq. Tərəflər görüşə hazır olan anda, iki ölkənin liderlərinin iş qrafiki nəzərə alınaraq, sammitin keçirilmə müddəti və formatı daxil olmaqla mövcud variantlar təklif oluna bilər”.

Siyasi icmalçı Elxan Şahinoğlu Krakovda razılaşmasının əhəmiyyəti olmadığını düşünür, çünki ondan sonra da atəşkəsin pozulduğunu deyir.

O, hesab edir ki, missiya üzvlərinin sayının artırılması Azərbaycanın maraqlarına cavab vermir. Onların məqsədi atəşkəsin ömrünü uzatmaqdır:

“Kaspişik vardı, yanına da 10 nəfər özü kimisini almaq istəyir ki, tərəflərə atəşkəsə riayət etməyə çağırsın”.

Siyasi icmalçı Azərbaycanın hərbi təzyiqlərini artırmağı vacib sayır:

“Rəsmi Bakı düşmənin itkilərini artırmalıdır. Ümumiyyətlə, Krakov razılığının olması tərəflərin atəşkəsə riayət edəcəyini deməyə əsas vermir”.

Elxan Şahinoğlu həmsədrlərin regiona səfərlərini turist səfərlərinə bənzədib:

“Çünki ortalıqda real heç nə yoxdur. Ermənistana mərhələli həll planını qəbul etdirə bilmirlər. 2018-ci il seçki ili olduğundan ciddi addımların atılacağını proqnozlaşdırmıram. Azərbaycanda prezident seçkiləri keçiriləcək, Ermənistanda konstitusiya dəyişir, əsas söz sahibi baş nazir olacaq. Yenilik o ola bilər ki, əgər baş nazirin səlahiyyəti prezidentdən yüksək olacaqsa, danışıqlarda Azərbaycan prezidenti ilə Ermənistan prezidenti yox, baş naziri iştirak edəcək. Güman ki, baş nazir Sərkisyanın özü olacaq. O, parlament seçkilərində partiyasının qələbəsini təmin etmək niyyətindədir”.

Ancaq Elxan Şahinoğlu bildirdi ki, cəbhə bölgəsində gərginliyin olub-olmayacağını əvvəlcədən söyləmək çətindir. 2016-cı ildə dörd günlük savaşın olacağını proqnozlaşdırmaq mümkün deyildi. Çünki yayda idman tədbirlərinin olduğunu əsas gətirirdilər.

Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov rusların “Dağ siçan balası doğub” məsələni xatırladaraq bildirib ki, 1993-cü ildən danışıqlar gedir və real nəticə olaraq müşahidə missiyasına 7 nəfər artırılması sayılır. Bu addımı nəticə kimi təqdim etmək çox gülüncdür. 7 nəfərin artırılması münaqişənin həlli istiqamətində heç nəyi dəyişməyəcək, yalnız monitorinqi intensivləşdirə bilər. Əslində, insdentlərin qarşısını almaq üçün gerçək addım daimi monitorinq məntəqələrin yaradılması və sülhməramlı qoşinların yerləşdirilməsi olardı. Bu isə Azərbaycanın maraqlarına cavab vermir. Çünki belə bir addım status-kvonu dondurur.

Rauf Mirqədirov deyir ki, bugün dünyada milli, siyasi maraqların qorunmasında güc istifadə olunan vasitədir. Əgər bu vasitə olmasaydı, 3 həmsədr dövləti-ABŞ, Rusiya və Fransa Suriyada qəti addım atmazdılar. Hansı ki, onlar Azərbaycanı münaqişəni dinc yolla həll etməyə çağırırlar. Bununla rəsmi Bakını münaqişənin həllində istifadə edə biləcək ciddi arqumentdən məhrum edirlər. Ən yaxşı halda bu tədbirlər davam etdirilərsə və məntiqi nəticəsinə çatdırılarsa, situasiyanı dondurar.

Rauf Mirqədirov foto sosial şəbəkə
Rauf Mirqədirov foto sosial şəbəkə

O, 2018-ci ildə prezidentlər görüşərsə, nəyinsə dəyişəcəyini düşünmür:

“Burda söhbət yalnız Azərbaycandakı seçkilərdən, Ermənistanda baş nazirin əsas səlahiyyət sahibi olmasından getmir. Onsuz da hər iki respublikada 3-4 ildən bir seçkilər keçirilir və bu gedişat 25 il davam edir, ona görə münaqişənin həllindəki ləngiməni seçkilərlə bağlamaq doğru olmazdı. İndiki şəraitdə hər hansı ciddi addımın atılması qeyri-mümkündür və bu, beynəlxalq şəraitlə bağlıdır. Beynəlxalq şərait dedikdə, ABŞ və Rusiya arasında münasibətlərin gərginləşməsidir, artıq yanvarın 26-da Rusiya məmurlarına qarşı növbəti sanksiyalar tətbiq olunub. İkinci, Donald Trampın özünün durumu heç də yaxşı deyil, o daim hədəfdə olduğundan bütün addımlarını nəzərə alıb atır. Siyasi elitada və Amerika cəmiyyətində ona inam həddən artıq aşağıdır. Belə olanda Trampın real qərarlar qəbul edib gerçəkləşdirmək, yaxud güzəşt imkanları çox məhduddur. Eyni şəraiti Vladimir Putin də yaşayır, ölkədə seçki kampaniyası başlayıb, tənqidlər artıb. Digər tərəfdən Rusiyanın Olimpiya yarışlarına buraxılmaması əhali tərəfindən milli faciə kimi qəbul olunur. Baxmayaraq ki, Putin kəskin reaksiya vermir və qərarla razılaşır. Nəticədə Putinin durumu çətinləşir, yeganə olaraq o, minimum əmək haqqı barədə qanunu imzaladı, amma buda qısamüddətli effekt verə bilər. Çünki Rusiya cəmiyyəti sosial-iqtisadi böhran yaşayır, vəziyyətin yaxşılaşdırılması istiqamətində atılan addımlar qısamüddətli ola bilər. Biz hələ seçkilərdən sonra yerli valyutanın taleyinin necə olacağını bilmirik. Bu mənada Putinin ortamüddətli perspektivli ciddi güzəştlərə getmə imkanları çox məhduddur. Dağlıq Qarabağ da belə problemlərdən biridir. Əgər Rusiya-ABŞ münasibətləri pozitiv istiqamətə yönəlməyəcəksə, münaqişənin həllində dinc yolla ciddi addım atılacağına inanmıram”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəXəbərlərElxan Şahinoğu: Krakov razılaşması əhəmiyyətli deyil