Elvin Mustafayevə vəkili ilə görüşməyə icazə verilmir

Elvin Mustafayev.Foto: Fərqanə Novruzova

“Belə qərara gəliblər ki, Elvin karserdə olduğu üçün vəkili onunla görüşə bilməz”

Hazırda 6 saylı cəzaçəkmə müəssisəsində karserdə (cərimə otağı) saxlanılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevə vəkili Zibeydə Sadıqova ilə görüşməyə icazə verilməyib.

Bu barədə Meydan TV-yə Zibeydə Sadıqova məlumat verib.

“Elvinlə nə baş verdiyini öyrənmək üçün bu gün səhər 6 saylı cəzaçəkmə müəssisəsinə getdim. Bütün sənədlərim də qaydasındadır, təqdim etdim. Bildirdilər ki, rəisə məruzə olunub, gözləyin görək nə cavab verəcək. 45 dəqiqədən də çox gözlədim, məlum oldu ki, rəis imtina edib, görüşə icazə vermir. Belə qərara gəliblər ki, Elvin karserdə olduğu üçün vəkili onunla görüşə bilməz”.

Vəkil bildirib ki, məsələ ilə əlaqədar Penitensiar Xidmətə müraciət edəcək.

Bir gün öncə, iyunun 4-də Elvin Mustafayevin atası Meydan TV-yə bildirmişdi ki, oğlu mayın 6-dan bəri karserdə (cərimə otağı) saxlanılır, oradan iyunun 29-da çıxacaq.

Vəkili Zibeydə Sadıqova isə demişdi ki, Elvn Mustafayevin karesə salınması ilə bağlı cəzaçəkmə müəssisəsinin qərarları ilə tanış olmaq üçün Penitensiar Xidmətə müraciət etsə də, cavab ala bilməyib.

Elvin Mustafayev 2025-ci il mayın 6-dan müxalif siyasətçi Tofiq Yaqublu və digər siyasi məhbusların azad olunması tələbilə aclıq aksiyasına başlayandan sonra cəza çəkdiyi müəssisənin karserinə salınmışdı.

Sonradan onun saxlanıldığı müəssisə dəyişdirilmişdi, lakin bu barədə ailəsinə məlumat verilməmişdi.

Elvin Mustafayev 2023-cü il avqustun 4-də saxlanılıb və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə təqsirləndirilərək 2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Elvin Mustafayev ittihamları qəbul etmir və üzərinə narkotik maddənin qoyulduğunu bildirir.

2022-ci ildə Azərbaycanda işçi hüquqlarını müdafiə məqsədilə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov, Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir.

Onların hər biri müxtəlif ittihamlarla üzləşsə də, bu ittihamların siyasi motivli və qurama olduğunu bildirirlər.

Ana səhifəSiyasətElvin Mustafayevə vəkili ilə görüşməyə icazə verilmir