Ölkə başçısının 18 oktyabr 2014-cü il tarixli Fərmanı ilə əfv olunan və həbsdən azad olunduqdan sonra YAP-a keçən keçmiş “vicdan məhbusu” Elsevər Mürsəlli İlham Əliyevə açıq məktub yazıb. Keçmiş ictimai fəal martın 3-də öz Facebook səhifəsində yaydığı “Prezdentə açıq məktub”unu bu cümlələrlə başlayır: “İncimə, cənab Prezdent, Sizi sayan yoxdu bu ölkədə”.
Məktubda daha sonra qeyd olunur: “ Salam hörmətli İlham Əliyev cənabları. Sizə prezdent.az saytı vasitəsilə bir neçə dəfə məktub yazsam da, əminəm ki, sizin bundan xəbəriniz yoxdur. Cənab prezdent, sizə bu məktubu yazan 18 oktyabr tarixində sizin imzaladığınız əfv fərmanı ilə azadlığa çıxmış keçmiş “vicdan məhbusu” Elsevər Mürsəllidir. Bəlkə də bu məktubumdan sonra mən həbs edildim, bəlkə yenə də hansısa qeyri-adi bir “statya”nın qurbanı oldum. Amma neynəyək, məcburam bunu yazmağa. Çünki bir gənc olaraq ürəyim doludur. Halbuki məni azad edərkən tövbə etdirmişdilər ki, bir də onlara qarşı heç nə yazmayım.
Bir neçə ay öncə siz humanistlik edib qalxmış benzini endirdiniz və bildirdiniz ki, sizin benzinin qalxmasından xəbəriniz olmayıb. Düzü, bu, çox qəribə bir amildir. Benzin qalxır, ancaq ölkə başçısının xəbəri olmur. Daha sonra siz manatın yavaş- yavaş düşməsinə göstəriş verirsiniz, ancaq 20 ildi kreslosunda o yana- bu yana fırlanan Elman Rüstəmov bir gecədə 33% infilyasiya edir və ardından kredit faizləri qeyri- müəyyən qalır. Marketlərdə, bazarlarda bahalaşma baş götürüb gedir. Bəzi apteklər, marketlər ucuz aldıqları ləvazimatı belə millətə baha qiymətlə sırıyır. Halbuki bunların çoxu ölkədə istehsal olunur və bunlarin dolların qalxmasına heç bir aidiyyatı yoxdur. Və siz bunların ardından çıxış edərək bildirirsiniz ki, qiymətlər endirilməlidir. Əsasən də 50 faizə qədər qalxmış siqaretlərin qiyməti. Ancaq sizin çıxışınızın ardından cəmi 2-3 saatlıq qiymətlər endirilir, bir neçə saatdan sonra isə yenidən qaldırılır.
Sizə sadə bir Azərbaycan vətəndaşı olaraq sual verirəm: Sizin əmrinizi saymayan o insanların ətrafınızda nə işi var? Axı onlar xalqı qıcıqlandıraraq, sizi gözdən salır. Son 1 aya nəzər salsaq görərik ki, xalq ardı-ardına nə qədər zərbələr aldı. Axı biz yazığıq. Bəyəm bu xalqın Xocalıda bizi qırıb Olimpiyadada “şot”larını verəcəyimiz ermənilər qədər hörməti yoxdumu dövlətin yanında?” Mən əminəm ki, sizin bunlardanda xəbəriniz yoxdur. Xəbəriniz olan kimi humanistlik edib hər şeyi yoluna qoyacaqsınız. İndi isə qalır sizin xəbər tutmağınızı gözləmək”.