Elmar Məmmədyarov ABŞ-la “soyuq müharibə”dən danışdı

“Onlar hələ də başa düşmürlər ki, bu kimi birbaşa əks-təbliğat əməlləri, ilk növbədə, Azərbaycan xalqının hisslərinə toxunur”

Source:


“Onlar hələ də başa düşmürlər ki, bu kimi birbaşa əks-təbliğat əməlləri, ilk növbədə, Azərbaycan xalqının hisslərinə toxunur”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisi tərəfindən Azərbaycana qarşı kampaniyanın aparıldığı barədə məlumatlara münasibət bildirib.

E. Məmmədyarov APA-ya açıqlamasında “APA tərəfindən ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisiindən Azərbaycana qarşı kampaniyanın aparıldığı barəsində məlumatlar verilib və hətta sənədlər təqdim olunub. Bunlar ABŞ-ın dövlət səviyyəsində Azərbaycana qarşı iş aparmasından xəbər vermirmi” sualını belə cavablandırıb:

“Bu davam edən vəziyyət təəccüb və ciddi narahatlıq doğura bilər. Təhlillər onu sübut edir ki, ABŞ-da olan müəyyən insanlar “insan hüquqlarının müdafiəsi”ni yalnız vasitə kimi istifadə edərək, məqsədyönlü şəkildə Azərbaycana qarşı əks kampaniya aparırlar.

Göründüyü kimi, bu anti-Azərbaycan kampaniyası müxtəlif ictimai və media təzyiq vasitələri ilə yalnız Azərbaycanın beynəlxalq imicinə xələl gətirməklə məhdudlaşmır, eləcə də Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərir.

Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunları ərəfəsində dünya mediası tərəfindən ölkəmizə artan marağın fonunda bu qüvvələr “Soyuq müharibə” dövrünə xas əks-təbliğat metodları ilə mövcud şəraitindən öz çirkin məqsədləri üçün fəal şəkildə istifadə etməyə çalışırlar.

Amma onlar hələ də başa düşmürlər ki, bu kimi birbaşa əks-təbliğat əməlləri, ilk növbədə, Azərbaycan xalqının hisslərinə toxunur. Mövcud sabitlik və inkişaf üçün Azərbaycan xalqı çox böyük əziyyətlərdən keçib. Bu kampaniyanın arxasında duran şəxslər Azərbaycanın son on ildə əldə etdiyi nailiyyətlərini, xüsusilə ÜDM-in 3.5 dəfə artmasını və yoxsulluğun 50 faizdən 4 faizdən aşağı həddə düşməsini düzgün ölçə bilmirlər. Bunlar faktlardır və Azərbaycan xalqı bunu çox yaxşı bilir.

Digər görünən məqam Azərbaycanın ikili standartların hədəfi olmasıdır. Belə ki, Ermənistan tərəfindən beynəlxalq hüquqa zidd olaraq, Azərbaycana qarşı təcavüz və işğal törədilməsinə baxmayaraq, bu işğal faktına adekvat münasibət müvafiq qaydada nümayiş etdirilməyib.

Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün Ümumdünya İnsan hüquqları Bəyannaməsinə ciddi şəkildə zidd olaraq, pozulmuş hüquqlarına sərgilənən biganəlik və etinasızlığın fonunda, insan hüquqlarının qayğısına qalmağa iddia etmək əsl məqsədin insan hüquqları və demokratiyadan tamamilə uzaq olduğunu sübut edir.

Ciddi narahatlığa səbəb sənədlərdə adı çəkilən demək olar ki, bütün QHT və digər təsisatların ABŞ-ın rəsmi strukturları ilə yaxından işləməsi və dövlət büdcəsi hesabına maliyyələşdirilmələridir. ABŞ erməni lobbisi ilə sıx əlaqələri olan bəzi fərdlər də bu prosesə cəlb olunublar.

ABŞ Administrasiyasından gözləntimiz bu dövlət büdcəsi hesabına maliyyələşən təsisatların anti-Azərbaycan kampaniyasına aydınlığın gətirilməsidir. İndiyə qədər olan təəssürat ondan ibarətdir ki, bu, Azərbaycan-ABŞ əlaqələrinin inkişafını istəməyən şəxslər tərəfindən idarə olunur və hətta onlar əvvəlki Administrasiyaların dövründə qazanılmış ikitərəfli əlaqələrə daha çox zərbə vururlar”.


“Vaşinqtonun Bakıya yetərincə diqqət ayırmaması hakimiyyətin bu cür primitiv təbliğatına rəvac verir”

Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu deyir ki, əvvəla, araşdırma sözünü dırnaq arasında yazmaq lazımdır: “Mən həmin yazının APA-nın araşdırması olduğuna nəinki inanmıram, heç ciddiyə də almıram. İkinci, indiyə qədər bu yöndə olan təbliğatlar primitiv səviyyədədydi. Artıq bu primitiv təbliğata nazir Məmmədyarovun belə dəyərləndirmə verməsi Bakı-Vaşinqton münasibətlərinin son dərəcə gərgin olduğunu göstərir”.

Politoloq hesab edir ki, mövcud gərginliyin səbəbləri tam məlum olmasa da, nəticələrini təsəvvür etmək çətin deyil: “Bu mənada bu tipli təbliğat fonunda ikitərəfli münasibətlərdə hansısa pozitiv inkişafdan danışmağa dəyməz. Nazir Məmmədyarovun bu cür iddialar irəli sürməsi hakimiyyətin yüksək dairələrində Vaşinqtonu düşmən kimi qəbul etmək tendensiyalarının olmasından xəbər verir. Əslində, nazir də bunu səsləndirdi”.

Ə.Oruclu düşünür ki, Vaşinqtonun Bakıya yetərincə diqqət ayırmaması hakimiyyətin bu cür primitiv təbliğatına rəvac verir: “Azərbaycan hakimiyyətinin demokratik islahatlarla bağlı xeyli vədləri və öhdəlikləri olub. Söhbət heç də Vaşinqton qarşısındakı öhdəlik və vəddən yox, beynəlxalq təşkilatlara üzv olarkən üzərimizə götürdüklərimizdən gedir. Mən ATƏT, Avropa Şurası, NATO və Avropa Birliyinin proqramlarına qoşularkən götürülən öhdəlikləri nəzərdə tuturam. Şübhəsiz ki, Vaşinqton bəzi məqamlarda strateji sahələrdə əməkdaşlıq naminə Bakıya müəyyən güzəştlər edib. Ancaq hakimiyyət vəziyyəti elə bir həddə çatdırıb ki, artıq həmin öhdəliklər xatırlatmaq zərurəti yaranıb. Elmar Məmmədyarovun bəyanatı Ramiz Mehdiyevin məlum 62 səhifəlik yazısından daha ciddidir. Çünki Vaşinqtonda Mehdiyevin Rusiyaya bağlılığını yaxşı bilirlər. Amma Məmmədyarov Qərb-Azərbaycan münasibətlərində həmişə praqmatik mövqe tutub, vəzifəsi də onu buna sövq edib. Bu münasibətlər gərginləşdikcə, Azərbaycan bundan uduş əldə etməyəcək. Artıq ortada Ermənistan prezidenti Sarkisyanın ABŞ-a dəvəti var. Ola bilər ki, Bakıdakı reaksiyanın sərtləşməsi də bu gedişatda rol oynayıb. Amma düşünmürəm ki, Vaşinqtona təzyiq etməklə loyallığa nail olmaq mümkündür”.

Nazir Məmmədyarovun açıqlaması ilə Amerikanın Bakıdakı səfirliyinə müraciət etdik. Səfirlikdən bildirdilər ki, diplomatik korpusun 29 aprel bəyanatı yerində qalır. Bəyanatda bildirilirdi ki, ABŞ Səfirliyi bu yaxında dərc olunan və ABŞ-Azərbaycan münasibətlərini hədəfə alan media məqalələrindən agahdır: “Birləşmiş Ştatların Azərbaycan hökumətini devirmək istiqamətində işləməsi barədə iddiaları tamamilə əsassızdır və bizim dövlətlərimiz arasında iyirmi ildən artıq mövcud olan əməkdaşlığa qeyri-ədalətli yanaşmadır. Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyinin ilkin çağlarından Azərbaycanla çiyin-çiyinə dayanaraq, “Əsrin sazişi”ni dəstəkləmək də daxil olaraq, Azərbaycanın suverenliyinin və uğurunun təminatına fəaliyyətlər göstərmişdir. Bizim əməkdaşlığımız zaman boyu yalnız genişlənmişdir. Amerika Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunduğu vaxta Azərbaycanla sıx şəkildə işləmişdir. Birləşmiş Ştatlar 1992-ci ildən bəri Azərbaycana humanitar yardım da daxil olmaqla deyəri 1,3 milyard ABŞ dollarından artıq yardımlar göstərmişdir. Sözügedən yardımlar müxtəlif sahələrə yönəlmişdir və bu sırada sağlamlığın qorunması və sanitariya, 5000 nəfərdən çox azərbaycanlının ABŞ-da təhsilinin və təliminin təminatı, Azərbaycan qadınlarının biznesdə və digər sahələrdə rolunun gücləndirilməsi, fermerlərə gəlirlərinin artırılması və işlərinin səmərəsinin artırılması üçün texniki yardım və Azərbaycana qlobal təhlükəsizliyin təminatında və terrorçuluğa qarşı mübarizədə öz dəyərli rolunu oynamağa dəstək verən hərbi əməkdaşlıqdır. Bizim Azərbaycana göstərdiyimiz dəstək ABŞ hökumətinin ən yüksək səviyyələrindən gəlir. Dövlət katibi Kerri prezident Əliyevlə həm görüşlər zamanı, həm də əlaqə saxlayaraq tərəfdaşlığımızın gücləndirilməsini müzakirə edib. Sübhəsiz ki, Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlıq edərək, Azərbaycanın mümkün dərəcədə müstəqil, sabit, zəngin və demokratik gələcəyinin təminatı öhdəliyinə sadiqdir. (

Keçidi oxumaq üçün

)

Ana səhifəXəbərlərElmar Məmmədyarov ABŞ-la “soyuq müharibə”dən danışdı