Elman Rüstəmov: İstəyirik ki, bank faizləri birrəqəmli olsun

“Qorunmayan əmanətlərin sayı azdır”.

Source:


Parlamentin komitə iclasında ”Əmanətlərin tam sığortalanması haqqında qanun layihəsi müzakirəyə çıxarılıb

“Bank faizlərinin aşağı salınması vacibdir. Bununla insanlar rahat iş görə bilərlər”.

Deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 9-da keçirilən iclasında belə deyib. O, Mərkəzi Bankın sədrindən bu məsələyə münasibət bildirməsini xahiş edib.

İclasda iştirak edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib ki, banklardakı kredit faizləri məsələsi onları da düşündürür:

“Bugünkü faizlərin arxasında çox ciddi obyektiv səbəblər var, təbii ki, onlar yuxarıdır. İstəyirik ki, faizlər birrəqəmli olsun. Amma biz bank sektorunun risklərini aşağı salmalıyıq və bu istiqamətdə görəcəyimiz işlər çoxdur".

İclasda ”Əmanətlərin tam sığortalanması haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

2015-ci ildə manatın iki dəfə devlvasiyayasından sonra əhalinin banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq məqsədilə 4 mart 2016-cı ildə 3 il müddətinə qəbul edilən “Əmanətlərin tam sığortalanması haqqında” Qanun 2019-cu il martın 4-də 1 il, 2020-ci il martın 13-də isə daha 9 ay uzadıb.

Layihəyə əsasən, müddəti dekabrın 4-də başa çatan qanunun təkrar müddəti daha 4 ay – 5 aprel 2021-ci il tarixinə qədər uzadılacaq.

Bu qanun qüvvədən düşdükdən sonra əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği 30 min manatdan 100 min manata qaldırılacaq.

AMB sədri Elman Rüstəmov bildirib ki, əmanətlərin tam sığortalanması bütün ölkələrin tətbiq etdiyi bir sistemdir:

“İqtisadi böhran dövründə bank sektoru ikitərəfli təzyiq altında qalır və bu sektora maliyyə axınları zəifləyir. Əmanətlərin tam sığortalanması sisteminin tətbiqi ciddi nəticələrə gətirib çıxarıb. Bu qanuna arxalanaraq bank sektorunun sağlamlaşdırılmasını tam şəkildə həyata keçirə bildik. Zəif banklar bazardan uzaqlaşdırılıb. Bağlanmış bankların 43 min əmanətçisinə 1,3 milyard manat kompensasiya ödənilib. Əmanətçilər banklara nəzarət etməlidirlər və edirlər".

Onun sözlərinə görə, Azərbaycan banklarında hazırda 7,4 mlrd. manat əmanət var: “Təxminən 6,4 mlrd. manat qorunan əmanətimiz var. Yeni sistemə keçəndən sonra təxminən 3,9 mlrd. manat əmanət qorunacaq. Yəni 33% azalma baş verəcək. Limitli əmanət hər zaman olub. Bu, tam şəkildə kiçik və orta əmanətlərin qorunmasına yönəlib. Qorunmayan əmanətlərin sayı azdır. Bunlar isə peşəkar əmanətçilərdir. 100 min məbləği əhali üçün kifayət qədər uyğun rəqəmdir".

Müzakirələrdən sonra qanun layihəsi I oxunuşda Milli Məclisin dekabrın 11-də keçiriləcək plenar iclasına tövsiyə edilib.

Ana səhifəİqtisadiyyatElman Rüstəmov: İstəyirik ki, bank faizləri birrəqəmli olsun