Elman Rüstəmov: İl sonunacan manatın məzənnəsi üçün hər hansı risk yoxdur

İqtisadçı: ”Elman Rüstəmov nədən manatın ucuzlaşa bilmə ehtimalını heçə sayır?!”

Source:


İqtisadçı: ”Elman Rüstəmov nədən manatın ucuzlaşa bilmə ehtimalını heçə sayır?!”

“Bir neçə gün öncə ölkə başçısı İlham Əliyev manatın öz məzənnəsini tapdığını qeyd etdi. Bu, ictimaiyyətə ünvanlanan çox ciddi mesaj idi”, – Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov mayın 30-da keçirilən “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” konfransında belə deyib.

Xəbəri APA dərc edib.

Elman Rüstəmovun sözlərinə görə, Maliyyə Sabitliyi Şurası tərəfindən planlaşdırılan tədbirlər nəticəsində bu ilin əvvəlində üzən məzənnə rejiminə keçid edilib:

“Bu tarixçə hamıya məlumdur. 5 aydır ki, ölkədə üzən məzənnə rejimi siyasəti yürüdülür. Mən tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Mərkəzi Bank manatın məzənnəsinin üzməsinə hər hansı bir müdaxilə etmir, tənzimləmə aparılmır. Lakin bəzi spesifik addımlar barədə də danışmaq istərdim. Üzən məzənnəyə keçid müəyyən destabilizasiya ilə müşayiət olundu. Həta bəzi məqamlarda manatın məzənnəsi 1,92 səviyyəsinədək qalxdı. Digər qonşu ölkələrdə də bu proses analoji xətt üzrə cərəyan edib. Lakin yaradılmış makroiqtisadi çərçivə bizə imkan verdi ki, tez bir zamanda manatı məzənnəsinin kəskin tərəddüdünün qarşısını alaq. Bazardakı tələb və təklif arasındakı balans bunu tənzimlədi. Bundan sonra manat möhkəmlənməyə başladı və pik hədlə müqayisədə 11 faiz ucuzlaşıb. İlin əvvəlindən isə manat 4 faiz bahalaşıb”.

Elman Rüstəmov deyir ki, hazırda valyuta bazarı normal fəaliyyət göstərir:

“Valyuta bazarında defisit yoxdur. İqtisadi fəaliyyət iştirakçıları və aktorlar özlərinin valyutaya olan tələblərini tam ödəyirlər. Bu gün valyuta bazarı tələb yox, təklif bazarıdır. Biznes, banklar, bazar iştirakçıları hiss edir ki, manatın möhkəmlənməsinin öz təzyiqləri mövcuddur. Ölkənin orta və uzunmüddətli maraqlarını nəzərə alaraq deyə bilərik ki, manatın çox güclənməsi doğru olmazdı. Çünki bu proses tədiyyə balansı üçün problemlər yarada bilər. Ümumilikdə, manatın korreksiyası prosesi zamanı milli valyutamızın əsas ticarət tərəfdaşlarımızın valyutalarından ibarət səbətə nisbətən məzənnəsi – real məzənnəsi 5 faizdən çox zəifləyib. Bu, ixracatçılarımız üçün çox böyük üstünlük verib”.

E. Rüstəmov ölkədə pul siyasətinin çox konservativ olduğunu iddia edənlərlə də razılaşmayıb. “Bu, belə deyil. Ölkədə kifayət qədər likvidlik profisiti var. Bu gün depozit hərraclarında 500-700 mln. manatın qiymətli kağızlara yerləşdirilməsini istəyirlər. Pul bazarında yaranan problemləri Mərkəzi Bank operativ şəkildə həll edir”, – deyə o bildirib.

AMB rəhbəri ilin sonunadək manatın ucuzlaşmasını gözləmədiyini deyib: “Yəqin ki, hər kəsi manatın məzənnəsinin perspektivləri düşündürür. Burada standart cavab ondan ibarətdir ki, bugünkü fundamental amillərə əsaslansaq, ilin sonuna kimi manatın məzənnəsi üçün hər hansı risk görmürəm. Cari büdcə ilinin sonunadək manatın möhkəmlənməsi ehtimalı zəifləməsi ehtimalından daha çoxdur”.

İqtisadçı Natiq Cəfərli deyir ki, Elman Rüstəmovun məzənnədən danışması heç də xoş deyil:

“Çünki el arasında son illərdə belə bir əlamət yaranıb ki, baş bankir məzənnədən danışdısa, manat ucuzlaşacaq. Müəllim dünya mətbuatını izləsəydi bilərdi ki, iyunun 15 də FED faiz artıracaq, sentyabrda saha bir faiz artımı olacaq, OPEC son “gülləsini” atsa da neft bahalaşmadı, hətta yaxın aylarda 40-45 dollara düşmə ehtimalı var. Elman müəllim bilməlidir ki, bütün bunlar fundamental səbəblərdir. Cənab Rüstəmov israrla manatın “üzdüyünü” deyir, yaxşı məzənnəni bazar müəyyən edirsə, fundamental səbəblər isə manatın ucuzlaşmasına köklənibsə, baş bankir nədən manatın ucuzlaşa bilmə ehtimalını heçə sayır?! Bazar müəyyən edirsə, bu ehtimal həmişə var axı, bu iqtisadiyyatın ən sadə qanunlarından biridir”.

Ana səhifəXəbərlərElman Rüstəmov: İl sonunacan manatın məzənnəsi üçün hər hansı risk yoxdur