Rafiq Bayramov 8 il azadlıqdan məhrum edilmişdi
Mədəniyyət nazirinin keçmiş müavini, 2020-ci ilin mayında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunan Rafiq Bayramov azadlıqdan məhrum etmə cəzasından azad edilib.
Rafiq Bayramov 2021-ci il avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmlə 8 il azadlıqdan məhrum edilmişdi.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilirdi.
Ona həbs cəzası kəsilməklə yanaşı, üzərinə həbs qoyulan əmlakları da müsadirə olunmuşdu.
Məhkəmədə Rafiq Bayramov son sözündə etiraf etmişdi ki, müəyyən səhvlərə yol verib, məsuliyyətsizlik edib:
“Bunlara görə də cənab prezidentdən, sizdən üzr istəyirəm. Mən ömrüm boyu Əliyevçi olmuşam, dövlətimə xidmət etmişəm. Səhvlərim olub və bu da mənim təcrübəsizliyimdən, gəncliyimdən olub. Amma heç bir zaman korrupsiyaya bulaşmamışam. O insana cəza verilir ki, əməlindən islah olunsun. Mən rüşvət almamışam, nədən islah olunacağam? Mən uzun illər dövlətə, dövlətçiliyə xidmət etmişəm. Bundanmı islah olunacağam?”.
2020-ci ildə Rafiq Bayramovla yanaşı, nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov da DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunmuşdu.
Sabiq xidmət rəisi 6 milyonluq yeyintidə ittiham olunub.
Rafiq Bayramovun işi üzrə istintaq yekunlaşdırılıb iş məhkəməyə göndəriləndə Zakir Sultanovun işi ayrılıb.
2023-cü il mayın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Əfv Sərəncamı imzalayıb.
Eks-prezident Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanmış sənədə əsasən, 801 məhkum əfv olunub.
Onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Qeyd edilib ki, Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.
Hüquq-müdafiə təşkilatlarının siyasi məhbus kimi tanıdığı Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin və jurnalist Elçin Məmmədin də adı əfv olunanlar arasındadır.