6 milyonluq yeyintidə ittiham olunan sabiq Xidmət rəisi: “Şərik işləyirdik…”

Məhkəmə şahid ifadələri ilə davam etdirilir

Source:

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun mühakiməsi davam edir. Onun haqqında cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Avqustun 27-də məhkəmədə Zakir Sultanovun rəhbərliyi dövründə bu qurumun tenderinin qalibi olmuş şirkət rəhbəri Şamxal Ağaşirinov şahid qismndə dindirilib.

"Zakir Sultanovla birlilkdə işlər görmüşük. Tenderlərdə qalib olurduq. Avadanlıqlar almışıq. Çox şeyi xatırlamıram”, – şahid bildirib.

Onun istintaqa ifadəsində göstərilib ki, rəhbərlik etdiyi şirkətin hesabına 6 milyon pul köçürülüb. Bunun təxminən 900 min manatına avadanlıqlar alınıb.

Şamxal Ağaşirinov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılan araşdırmalar zamanı bir neçə dəfə dindirilib. O, istintaqdakı ifadələrini təsdiqləyib.

Təqsirləndirilən Zakir Sultanov bildirib ki, Şamxal Ağaşirinovla faktiki şərik işləyiblər.

Şahid bunu inkar etmək istəsə də, sabiq Xidmət rəisi şərik olduqlarını bir daha vurğulayıb.

Digər şahidlər gəlmədiyinə görə məhkəmə sentyabrın 3-nə qədər təxirə salınıb.

Zakir Sultanov DTX əməkdaşlarının 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazir müavini Rafiq Bayramovla birlikdə saxlanılıb. Rafiq Bayramovun işi üzrə istintaq yekunlaşdırılıb iş məhkəməyə göndəriləndə Zakir Sultanovun işi ayrıldı. Rafiq Bayramovun məhkəməsi iki həftə əvvəl yekunlaşıb. O, 8 il azadlıqdan məhrum edilib.

Zakir Sultanov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Sabiq xidmət rəisinin yaxınları istintaq dövründə zərərin 4 milyon manatını nağd şəkildə ödəyib. Onun 600 min dollarlıq, 130 min, 10 min və 20 min manatlıq əmlaklarının üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Zakir Sultanov məhkəmənin hazırlıq iclasında bu əmlakların qalan zərərin əvəzi kimi hesablanmasına razılıq verib.

Ana səhifəXəbərlər6 milyonluq yeyintidə ittiham olunan sabiq Xidmət rəisi: “Şərik işləyirdik…”